إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Kumeyl Duası"nın fəzilət və şərhi - Günahkarla yoldaşlıq

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

VII hissə -Günahkarlarla  yoldaşlıq

Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha tez düşür. Ona görə də Qurani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir.

İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd möminlərin mədəniyyətini, əxlaqını, xarakterini şeytani təsirlərdən qorumaqdır.

İmam Sadiq (ə) buyurur: «Əgər mömin şəxs Allaha itaətsizlik olunan məclisin istiqamətini dəyişməkdə gücsüzdürsə bu məclisdə oturmaq ona yaraşmaz (layiq deyil).»(Ğurərul-hikəm”, 75.)

Əbu Haşim Cəfəri deyir: "Həzrət Riza (ə) mənə buyurdu: "Nə üçün səni Əbdürrəhman İbn Yəqubla görürəm?” Dedim: "O mənim dayımdır.” İmam buyurdu: "O, Allah haqqında qeyri-məqbul sözlər danışır. Onun sözləri Quran və Əhli-beyt göstərişləri ilə uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk etməlisən.” Ərz etdim ki, o hər nə deyirsə desin. Mən ki, onun dediklərini təkrar etmirəm. Həzrət (ə) buyurdu: "Ona gəlmiş əzabın səni də bürüyəcəyindən qorxmursanmı? Özü Həzrət. Musa (ə), atası isə Fironla dost olanın əhvalatını eşitməmisən? Fironun qoşunu Musa və onun ardıcıllarını təqib edib çaya yetişdikləri vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu an Fironun qoşununa gələn bəlaya oğul da düçar oldu. Bu xəbəri eşidən Həzrət Musa (ə) buyurdu: "Günahkara gələn bəla onun yanındakıları da bürüyər. Amma mömin oğul Allahın rəhmətindədir.”(Ğurərul-hikəm”, 75.)

Həzrət Əli (ə) buyurmuşdur: "Allah və Qiyamət gününə imanı olan kəs şəkk-şübhəli yerdə dayanmamalıdır.”(Ğurərul-hikəm”, 75.)

İmam Sadiq (ə) buyurur: "Allah dostlarına qara yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir.”(Ğurərul-hikəm”, 74.)

Həzrət Məsih (ə) buyurmuşdur: "Allahla dostluğunuzu günahkara pis münasibətinizlə göstərin və onlardan uzaqlaşıb Allaha yaxınlaşın. Onların qəzəbi əvəzində Allahın razılığını istəyin.” Soruşdular ki, belə isə kiminlə yoldaşlıq edək? Həzrət İsa (ə) buyurdu: "O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, danışığı elminizi artırsın, rəftarı ilə sizi axirətə rəğbətləndirsin.”("Biharul-ənvar”, 94-219.)

Bəli, təqva, paklıq, təvazö, sədəqə ibadət insanla bəla arasında pərdə çəkirsə alkoqol, qumar, təlxəklik, qeybət, böhtan bu pərdələri aradan qaldırır. Əlbəttə ki, şeytan vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir günaha batmaqla öz əli ilə bəlaların qarşısını almış pərdələri yırtır.

Ardı var...

Əvvəli aşağıdakı linkdə:

http://ahlibeyt.az/news/a-3153.html -Kumeyl duasının şərhi-1

http://ahlibeyt.az/news/a-3220.html -Kumeyl duasının şərhi-2

http://ahlibeyt.az/news/a-3498.html - Kumeyl duasının şərhi-3

http://ahlibeyt.az/news/a-3528.html - Kumeyl duasının şərhi-4

http://ahlibeyt.az/news/a-3548.html - Kumeyl duasının şərhi-5

http://ahlibeyt.az/news/a-3709.html - Kumeyl duasının şərhi-6

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2016  19:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!