|
• Mənəviyyat • MənəviyyatKumeyl duası - Duanın fəzilət və şərhiBöyük alim,ustad Hüseyn Ənsariyanın "Kumeyl” duasına yazdığı Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanan geniş şərhini xülasə ilə oxuculara təqdim edirik. Dua insanın öz rəbbi ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Böyük ariflər duanı möminin əməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Peyğəmbərlər və Əhli-beyt (ə) duaya çox əhəmiyyət vermişlər. Əhli-beytdən nəql olunmuş dualar arasında "Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə görə "Kumeyl” duası həzrət Xızr (ə) kimi peyğəmbər və həzrət Əli (ə) kimi məsum imamın biliyindən qaynaqlanır. "Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır. Ustad Hüseyn Ənsariyan qeyd edir ki, «Kumeyl» duasını ilk dəfə eşitdiyim vaxtdan üç gün sonra Allahın yardımı ilə onu əzbərləmiş, cümə axşamları ailə üzvləri, ya da dostlarla birlikdə bu duanı oxuyardım. Duaya bir baxış Dua ehtiyacsız Allaha ehtiyacın bildirilməsidir. Dua mütləq varlıq olan Allah qarşısında miskinliyin, fəqirliyin bəyanıdır. Dua vəfas məxluqun vəfalı Xaliqdən, zəif varlığın qadir varlıqdan istəyindən ibarətdir. Dua zəif və çarəsiz bəndənin mehriban, həkim, eşidən Yaradandan kömək diləməsidir. Dua pak, iqtidarlı, bağışlayan, dost, yeganə məbudun hüzurunda təvazö, xuşu, itaətkarlığın izharıdır. Dua Allahın məhbubu, yol əhlinin məşuqu, ariflərin gözünün nuru, vurğunların yalvarışı, zülmətə düşənlərin çırağı, imkansızların sığınacağı, ehtiyaclıların qəlbinin nurudur. Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur. Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, möminlərin sığınacağı olan Rəbbimiz belə buyurur: "Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.” («Biharul-ənvar», 72-ci cild, səh-119.) Əql və bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların nə gecəsi, nə də gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: "Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.” («Biharul-ənvar», 72-ci cild, səh-123.) Məhz duanın gücü hesabına Həzrət Zəkəriyya və arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla müjdələndilər ("Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi və Allah onun duasını qəbul etdi ("Maidə”, 112-115). Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tövsiyyə edir. Tapşırır ki, əllərimizi açıb təvazö və sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək və dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. "Ğafir” surəsinin 60-cı ayəsində buyurulur: "Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.” Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır. Həzrət Davud (ə)-a buyurulur: "Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!” İmam Baqir (ə) buyurur: "Ən üstün ibadət duadır”; "Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”(«Kafi», 2-ci cild, səh-121.) Həzrət Əli (ə) buyurur: " Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.”(«Ali-İmran» surəsi, ayə 189.) "Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadər.”(«Maidə» surəsi, ayə 18.) İmam Sadiq (ə) buyurur: "Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; "Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”(«Hədid» surəsi, ayə 2.) Cəm halda olan dua Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri duanın qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm içində bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq və ya arif bir insan ola bilsin. Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə və rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır. İmam Sadiq (ə) buyurur: " Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar bir-birindən ayrılmış dua qəbul olar.”(«Fəth» surəsi, ayə 14.) Həzrət Peyğəmbər (s) buyurur: " Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”(«Ənisül-ləyl», səh-196.) Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur. Qurani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. "Yusif” surəsinin 87- ci ayəsində buyurulur: "Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən məyus olmayın.(«Qəsəs» surəsi, ayə 54.) Allahın Rəsulu (s) buyurur: "Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.”(«Təfsire-Muin», səh-299.) İmam Sadiq (ə) buyurur: "Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”(«Ğürərul-hikəm», səh-281.) İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı vəd edilir. Duanın dərhal qəbul olmaması insanı məyus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir. Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mömin heç bir vəchlə Allahdan ümidini üzmür. Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə) buyurmuşdur : "Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: "Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: "Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.” Duanın şərtləri Etdiyi duanın qəbul olmasını istəyən şəxs duanın şərtlərinə əməl etməlidir. Əhli-beytin (ə) bu mövzuda buyurduqları "Üsuli-kafi”, "Məhəccətül-bəyza”, "Vəsailüş-şiə” və digər mötəbər mənbələrdə nəql olunmuşdur. Duanın aşağıdakı şərtləri vardır: -Şəri təharət (dəstəmaz, qüsl, təyəmmüm); -Həqqun-nas, yəni xalqın haqqını ödəməkdə paklıq; -İxlas, yəni səmimiyyət və xalislik; -Duanın mətnini düzgün oxumaq; -Halal qazanc; -Sileyi- rəhm, yəni yaxın adamları yoxlamaq; -Duadan qabaq sədəqə vermək; -Allaha müti olmaq; -Günahdan çəkinmək; -Əməllərin islahı; -Səhər vaxtı dua etmək; -«Vətr»(gecə namazı) namazında dua; -Fəcr, yəni sübh ağaran zaman dua; -Günəş doğarkən dua; -Həftənin çərşənbə günü, günorta və ikindi arasında dua; -Duadan qabaq salavat.(«Ğürərul-hikəm», səh-333.) Əhli-beyt rəvayətlərində dua üçün ən münasib vaxt cümə axşamı hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə oxşadılır. İmam Sadiq (ə)-dan nəql olunmuş bir rəvayətdə buyurulur ki, bəzən Allah xeyir olaraq, möminin duasını təxirə salıb, cümə vaxtı qəbul edər.(«Məhəccətul-bəyza», 2-ci cild, səh-153.) Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: "Oğlanları Həzrəti Yəqubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək təxirə saldı.” Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında "Kumeyl” duasının xüsusi yeri vardır. Kumeyl ibn Ziyad İstər şiə istərsə də əhli-sünnə alimləri Kumeyl ibn Ziyadı böyük iman, qüdrətli ruh, pak düşüncə xalis niyyət, gözəl əxlaq və saleh əməl sahibi kimi tanıyırlar. Bütün din alimlərinin fikrincə Həzrət Əli (ə) və İmam Həsənin (ə) xüsusi səhabələrindən olan Kumeyl ədalətli və kəramətli bir şəxsdir. Həzrət Əli (ə) Kumeyli ən etibarlı yaxınından biri hesab etmişdir.(«Təfsire-Muin», səh-193.)Kumeyl Həzrət Əli (ə)-ın ən yaxın şiələrindən və aşiqlərindən biri olmuşdur.(«Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.) Həzrət Əli (ə)-ın Kumeylə olan tapşırıq və vəsiyyətləri onun iman və mərifətindən danışır. Əhli-beyt və əhli-sünnə məzhəb alimləri Kumeyli bütün cəhətlərdən etibarlı sayırlar. Ariflər, Allah aşiqləri Kumeyli Həzrət Əli (ə)-ın sirdaşı kimi tanıyırlar. Kumeyl on yeddi il İslam Peyğəmbərinin (s) nurani dövründə yaşamış və bu nurdan faydalanmışdır. Bu böyük insan Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə yetirilmişdir. Bu şəhadət haqqında Həzrət Əli (ə) Kumeylə əvvəlcədən xəbər vermişdi. Zalım əməvi hakimi tərəfindən İraqa vali təyin olunmuş Həccac ibn Yusif daim Kumeyli təqib etmiş və məhz Əhli-beyt məhəbbətinə görə onu qətlə yetirmişdir.Həccacın əmri ilə doxsan yaşlı bu nurani insanın boynu vurularaq edam edilib. Onun pak qəbri İraqda Nəcəf və Kufə şəhərləri arasında yerləşir... (Ardı var..) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2015 10:47 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |