إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi

Kumeyl duasının şərhi

Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi əslində Allahın cəzası olaraq insanıi xislətlərin mənəviyyatsız xislətlərə çevrilməsidir.

İmam (ə) bu mövzuya toxunarkən dörd məsələni qeyd edir:

1. Təfrit (ifratın ziddi);

2. Cəhalət;

3. Şəhvət;

4. Qəflət

Təfrit

Təfrit dedikdə Allaha itaətdə və xalqa xidmətdə göstərilən etinasızlıq və süstlük nəzərdə tutulur. Vəzifəyə münasibətdə təfrit, yəni yüngül münasibət insanın başına böyük bəlalar aça bilər. Həzrət Əli (ə) buyurur: "Təfrit böyük müsibətdir.”("Ğürərul-hikəm”, 479.) "Təfritin sonu peşmançılıq, uzaqgörənliyin meyvəsi salamatlıqdır.”("Nəhcül-Bəlağə”.) "Səy edərək irəli düşənlərin sonu Behişt, səhlənkarlıq edənlərin sonu isə atəşdir.”("Nəhcül-Bəlağə”.)

İmam Sadiq (ə) buyurur: "Təfritə yol verən kəs böyük çətinliklərə düçar olar.”("Tuhəful-uqul”, 356.)

Cəhalət

Həqiqətdən xəbərsizlik, dünya və axirət işlərinə münasibətdə cəhalət olduqca təhlükəli bir xəstəlikdir. Bu xəstəliyə elm və mərifət yolu ilə əlac olunmazsa nəticə olduqca ağır ola bilər. Ötən söhbətlərimizdə bu mövzuda yetərincə danışdıq.

Şəhvət

Şəhvət insanın ələ keçirmək istədiyi bir şeyə şiddətli rəğbətidir. Əgər bu rəğbət çirkin şeylərədirsə insanı günaha batıracaq və nəhayət insan dünya və axirət əzabına düçar olacaqdır.

Şəhvətin oyanmasının səbəbi dünyaya hədsiz məhəbbətdir. Bu insan şeytan qucağında bitmiş ağac kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır. Bu ağac Cəhənnəmdəki Zəqqum ağacının oxşarıdır. Əlbəttə ki, həyəcanlanmış şəhvət qarşısında moizə və nəsihət təsirsizdir.

Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış bu qorxulu ağacın yeddi çox çirkin budağı var:

1. Məqam, vəzifə və cah-cəlal ;

2. Var-dövlət ;

3. Ev-eşik, imarət ;

4. Qadına şəhvət;

5. Ləzzətli yeməklər və məstedici içkilər ;

6. Qiymətli və əlvan geyim ;

7. Günahkarlarla yaxınlıq.

Bu hallar istər-istəməz insanda yeddi mənfi xislət doğurur:

1. Təkəbbür;

2. Riyakarlıq və lovğalıq;

3. Həsəd;

4. Hərislik və tamah;

5. Xəsislik;

6. Zülm;

7. Qəzəb.

Dünya məhəbbəti quyusuna düşənlər, şəhvət zülmətində qərq olanlar ölüm məqamında qəflətən oyandıqları zaman, anlayırlar ki, düzəlişi mümkün olmayan bir səhvə yol veriblər.

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş o kəsin halına ki, hal-hazırda mövcud olan şəhvəti, görmədiyi Behişti qazanmaq üçün tərk edir.”("Əmaliye-Mufid”, 51.)"Behişt bəndəlik və ibadət əziyyəti, Cəhənnəm odu isə şəhvətlərlə əhatə olunmuşdur.”("Biharul-ənvar”, 68-2.)

Qəflət

Qəflət insanın bilməli olduğu şeylərdən xəbərsiz qalmasıdır. Allahdan və Qiyamətdən, bəndəlik və ibadətdən qəflətdə qalmanın əsas səbəbləri maddiyyat məsələləri ilə çox məşğul olmaq, qəlbi dünya fikirləri ilə doldurmaq, gecə-gündüz həvəs dalınca qaçmaqdır.

Həzrət Əli (ə) buyurur: "Ən ziyanlı düşmən qəflətdir;” "Vay o kəsin halına ki, qəflət ona qalib gəlsin, nəticədə axirət səfərini unudub ona hazırlaşmasın;” "Qəflətin qalib gəldiyi kəsin qəlbi ölər;” "Davamlı qəflət bəsirət gözünü kor edər.”("Ğürərul-hikəm”, 265-266.)

"Və kunillahummə biizzətikə li fil-əhvali kulliha rəufən və ələyyə fi cəmiil umuri ətufən”

("Pərvərdigara! Səni izzətinə and verirəm, mənə bütün hallarda rəuf və bütün işlərdə mehriban ol.”)

Bəşəriyyət nə qədər elm və bilik qazansa da Allahın rəufluğu və mehribanlığını şərh etməkdə acizdir. Bu sifətləri ayə və rəvayətlərin köməyi ilə qismən anlamaq olar. Bu işdə ən asan yol isə bu sifətlərin təzahürlərinə nəzər salmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: - "Allahdan bir neçə şey istədim və dedim: - Pərvərdigara, ümmətimin hesabını mənim özümə tapşır. Belə xitab olundu: - Sən rəhmət peyğəmbəri olsan da, ərhəmər-rahimin deyilsən. Əgər onların bəzi günahlarından xəbərdar olsan, zara gələrsən. Qoy sənin ümmətinin günahından yalnız Özüm agah olum. Ya Məhəmməd, onlara elə hesab çəkərəm ki, çirkin işlərindən sən də xəbər tutmazsan. Əgər onların günahını səndən gizləyəcəyəmsə sözsüz ki, biganələr üçün də açmayacağam. Ya Məhəmməd! Əgər sənin onlara peyğəmbər mehribanlığı varındısa, Mənim onlara Allah mərhəməti varımdır. Sən onların peyğəmbərisənsə Mən onların Allahıyam. Əgər sən onları bu gün görürsənsə Mənim onların üzərində əzəli və əbədi inayət nəzərim var.”

Ardı var ...

Əvvəli: http://ahlibeyt.az/news/a-12234.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2023  12:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!