إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Kumeyl Duası"nın fəzilət və şərhi-Mövcudlar Allah-Taalanın adlarının cilvəsidir

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

V hissə - Bütün mövcudlar Allah-Taalanın adlarının cilvəsidir

"Və bivəchikəl-baqi bədə fənai kulli şəy”

("Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm”)

Onun müqəddəs zatı varlığın eynidir. O, əzəli və əbədidir. O, həmişə və daim olmuş və vardır. Onunla yanaşı heç nə olmamış və yoxdur. Hər şeydən ehtiyacsız olduğu halda öz iradəsi ilə hər şeyi yaratmışdır. Hər şeyin ömrü bitər, O isə daimidir. Varlıq aləmində Ondan başqa müstəqil varlıq yoxdur və bütün digər varlıqlar Ondan nəfəs alır. Ondan savayı hər şey fəna olasıdır. Fəna naqislik, əbədiyyət isə kamal sifətidir. Mütləq kamal üçün mütləq əbədiyyət, bəqa lazımdır. Fəna isə bütün yaranmışların alnına vurulmuş möhürdür.

"Və biəsmaikəl-ləti mələət ərkanə kulli şəy”

("Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm”)

"Əsma” dedikdə bir neçə hərfdən ibarət olan adlar yox, bu adların həqiqəti, məfhumu nəzərdə tutulur. Bəli, həqiqi rəhmət, lütf, elm, ədalət, qüdrət hər şeyin əsasını doldurmuşdur. Başqa sözlə varlıq aləmindəki bütün mövcudlar Allah-Taalanın sifətlərinin, adlarının cilvəsidir. Mövcudlar bu həqiqətlərlə vücuda gəlmiş və bu həqiqətlərin sayəsində həyat tapmışlar. Bu həqiqətlərə diqqət yetirdikdə aydın olur ki, "kulli şəy”, yəni "hər şeyin” taleyində təsirli olan sadəcə söz yox, bu sözün mahiyyətini təşkil edən həqiqi adlar və sifətlərdir. Həqiqi adlar varlıq aləmindəki həqiqətlərin araşdırılmasında vasitədir. Məsumlardan nəql olunmuş bir duada oxuyuruq:

"Pərvərdigara, Səni böyük adına and verib istəyirəm. O daha böyük, daha əziz, daha dəyərli adına ki, Sən bu adla çağrıldığın zaman bağlı qapılar rəhmətinlə açılar, müşküllər həll olar, ölülər dirilər, ehtiyac və pərişanlıq aradan qalxar...”

Sadalanmış işlər araşdırıldığı zaman aydın olur ki, məqsəd "qüdrət” kəlməsi yox, bu kəlmənin arxasında durmuş həqiqətdir. "Hər şeyin "əsasını dolduran adlar Quran və rəvayətlərdə "adlar” kimi zikr olunmuş həqiqətlərdir.

Bu adlar bütün mövcudlardan seçilən, Allah və insanlar arasında Qiyamət gününədək vasitə olan Məsum İmamlarda təzahür edir. Rəhmət, hidayət, lütf, kərəm, bağışlama kimi sifətlər məhz bu Məsumlar vasitəsi ilə xalqa aydın olur. İnsanların yaxşı əməlləri bu Məsumların mərifət və vilayəti sayəsində qəbula yetişir.

Böyük rəbbani alim Feyz Kaşani "Safi” təfsirində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir: "And olsun Allaha, Onun gözəl adları bizik. İnsanların əməlləri yalnız bizi, bizim vilayət və məqamımızı tanımaqla qəbul olunar.”

Demək, yalnız sözə diqqət etməklə heç bir həqiqətə çatmaq olmaz. Hərf və söz dairəsindən çıxıb, varlıq aləmində cilvəsi müşahidə edilən həqiqi adlara bağlanmaq lazımdır. "Səni and verirəm o adının haqqına ki, onun vasitəsi ilə ərşi yaratdın, kürsünü vücuda gətirdin, ruha varlıq verdin.”

"Və biilmikəl-ləzi əhatə bikulli şəy”

("Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm...”)

Allah-Taalanın bütün mövcudların zahir və batinini əhatə etmiş «feli» və «hüzuri» elmindən milyardlarla bir iynə ucunda yerləşən atom da məxfi deyil. Torpaqda gizlənmiş buğda dənəsi, bir-birini qovan qar dənələri, bütün digər mikro-zərrəciklər Allahın elm dairəsindədirlər. "Ali-İmran” surəsinin 29-cu ayəsində oxuyuruq: "Göylərdə və yerdə olanı bilir;” "Ənam” surəsinin 59-cu ayəsində isə belə buyurulur: "Quruda və dənizdə olanı bilir. Ondan xəbərsiz bir yarpaq belə düşməz”. Daha iki ayəyə nəzər salaq: "Allah sizin gizlin və aşkar işlərinizi bilir.”(«Biharul-ənvar», 90-cı cild, səh-197.)"Yerə batanı və yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir. O, mehriban və bağışlayandır”(«Biharul-ənvar», 3-cü cild, səh-13.)

Bu günədək zooloqlar 700 minədək həşərat növü qeydə almışlar. Bu həşəratların ümumi sayını hesablamaq qeyri-mümkündür. İsti yay günündə havada və torpaqda olan kiçik canlıların sayı sonsuzdur. Bir təpənin qoynunda, çatlarında olan həşəratlar bir materikdəki insanlardan çoxdur.

"Və binuri vəchikəl-ləzi əzaə ləhu kullu şəy”

("Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm...)

Qurani-Kərim və rəvayətlərdə kamillik və insani dəyərlər nur adlandırılmışdır. Nur hidayət, yəni imana doğru hərəkət üçün yardım deməkdir. İslam, mərifət, elm, Quran – hər biri nurdur. "Maidə” surəsinin 15-ci ayəsində buyurulur: "Sizin üçün Allah tərəfindən nur və aydın bir kitab gəlmişdir”. Nur ilahi hökmlər, əxlaqi məsələlər, etiqadi həqiqətlərdir. "Maidə” surəsinin 44-cü ayəsində oxuyuruq: "Biz hidayət və nur olan Tövratı nazil etdik”.

Bütün bu mənalara diqqət etdikdən sonra deyə bilərik ki, nur Allah-Taalanın sifət və adlarıdır. Hər bir məxluq öz istedadı həddində bu nurdan faydalanır və zülmətdən işığa hərəkət edir. İstedadlı insan bu nurun sayəsində zülmdən, küfrdən xilas olub ədalət və iman yoluna qədəm qoyur. Ayə və rəvayətlərdən belə görünür ki, "nuri vəch” "Covşən kəbir” duasında min dəfədən artıq təkrarlanmış həqiqət və kamilliklərə işarədir. Bəs nə üçün "nur” kəlməsi tək haldadır? Çünki ali sifətlər və gözəl adlar ilahi zatın özü, eynidir. Elm, hikmət, ədalət, rəhmət və sair sifətlər müqəddəs zatı təşkil edir. "Nur” kəlməsinin "hidayət” mənasında tez-tez işlənməsini nəzərə alaraq bu duanın mənası bəlkə də belədir:

"Pərvərdigara! Səni bütün mövcudların doğru yol tutmasına səbəb olmuş hidayətinə and verib, Səndən istəyirəm.” Hər halda, "Nur” kəlməsində bütün ilahi mənalar vardır.

"Ya nuru, ya quddusu, ya əvvələl-əvəlinə və ya axirəl-axirinə”

("Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı”)

Ey kamilliklərin tamı, ey mütləq zühur, ey aşkar, ey zahir! Ərəfə günü Ərəfat səhrasında "mətləil-fəcr” nurun, xalis bəndən Həzrət Hüseyn (ə) Sənin dərgahına belə ərz etdi: "Başqası üçün elə bir zühur varmı ki, Sənin üçün olmasın və həmin başqası Sənin zühuruna vasitə olsun?! Nə vaxt gizli olmusan ki, varlığına dəlil axtarıla və nə vaxt uzaq olmusan ki, Sənə yaxınlaşmaq üçün vasitələr tapıla?!”(«Mizanul-hikmət», 5-2362.)

"Pərvərdigara! O zaman ki, özümə gəlib diqqətlə baxıram, görürəm cəlal və camalın varlıq aləmində aşkardır. Müqəddəs vücudunda məxfilik yoxdur ki, əlimə çıraq götürüb dərgahını axtaram. Tutduğum yolun həqiqi olduğuna bir dəlil tapanda görürəm ki, bu dəlilləri də Sən yaratmısan.”

İnsan puç xəyallardan ayılıb azca düşündükdə anlayır ki, Allah-Taalanın varlığı hər zaman aşkardır və onun varlığına tapılan dəlilləri də özü yaratmışdır. Ey bütün eyblərdən pak, ey bütün vəsflərdən uca, ey nur, ey başlanğıcların başlanğıcı, ey nəhayətlərin nəhayəti! Sən özün əzəli olaraq hər şeyə başlanğıc vermiş və hər şey məhv olduqdan sonra əbədi qalasısan!

Başlanğıc və son, yaranmışlara aid olan sifətlərdir. Əvvəl və axır, yaranmış üçün qaçılmaz bir həqiqətdir. Başlanğıc odur ki, bir zaman olmayanları Allah var etdi. Axır odur ki, bütün yaranmışlar nə zamansa fəna olasıdır. "Ey əvvəllərin əvvəli və ey axırların axırı”

"Allahumməğfirliyəz-zunubəl-ləti təhtikul-isəm”

("Allahım,bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar”)

Günah nədir? Allahın, peyğəmbərlərin və imamların göstərişlərinə zidd olan hər bir hərəkət, iş, söz günah hesab olunur. Bəzi günahlar o qədər ağırdır ki, günahkar şəxs Allah və peyğəmbərlərlə savaşa qalxmış hesab olunur.(«Ənbiya» surəsi, ayə 87.) Dünyada baş vermiş hər hansı bir günah Qiyamət günü insanın yaxasından yapışmış oda çevriləcək. "Nisa” surəsinin 10-cu ayəsində buyurulur: "Şübhəsiz ki, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar”.

Əvvəli aşağıdakı linklərdə:

http://ahlibeyt.az/news/a-3153.html -Kumeyl duasının şərhi-1

http://ahlibeyt.az/news/a-3220.html -Kumeyl duasının şərhi-2

http://ahlibeyt.az/news/a-3498.html - Kumeyl duasının şərhi-3

http://ahlibeyt.az/news/a-3528.html - Kumeyl duasının şərhi-4

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2015  17:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!