|
• Mənəviyyat • Mənəviyyat"Kumeyl Duası"nın fəzilət və şərhi - İlahi rəhmətBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. 3-ci hissə - İlahi rəhmət İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Həzrət Əli (ə) buyurur: "Yaranış Allahın rəhməti əhatəsindədir. Elə bir rəhmət ki, yaranış və inkişaf, xeyir vermə və şərrin dəfi, formalaşma və nizam mayasıdır.” Varlıq evinin nizama salınması, müxtəlif nemətlərdən ibarət kamil bir süfrənin açılması şərəfli bir qonağın gəlişini zəruri edir. Bu qonaq nemətlərdən faydalanıb enerji əldə etməklə ilahi kitablara, peyğəmbərlər və imamların göstərişlərinə uyğun bəndəlik yolu seçməlidir. Dünya həyatını başa vurduqdan sonra bu möhtərəm qonaq ölüm dalanından keçib başqa bir dünyada əməllərinin əvəzini almalıdır. Öz bəndəlik vəzifələrini layiqincə yerinə yetirənlər ilahi rəhmət sayəsində Behiştdə sakin olasıdır. Allah-Taala öz misilsiz rəhmət və lütfü ilə belə müəyyənləşdirmişdir ki, insanı müəyyən bir müddət aləmin müəyyən bir guşəsində yerləşdirib onu təbiətin min bir neməti ilə bəhrələndirsin. Beləcə müxtəlif bitkilər, meyvələr onun ixtiyarına verildi, süfrəsi halal ətlərlə dada gəldi, yaşayışı zəruri vasitələrlə təmin edildi. Bütün bu nemətlərin fövqündə insanı doğru yola yönəldən əql və düşüncə neməti durur. İnsan məhz əql yolu ilə Allah qarşısındakı vəzifələrini tanıyıb, bu vəzifələrə əməl edir. İnsan əql neməti vasitəsilə dünyanın müvəqqətiliyini anlayıb axirət həyatına üstünlük verir. İnsan bütün maddi və mənəvi nemətlər haqqında diqqətlə düşünə bilsə anlayar ki, Allahın «rəhimiyyə rəhməti» zahir və batini, qeyb və aşkarı, yeri və göyləri bürümüşdür. Hər bir nemət haqqında dərin mütaliədən sonra insan hiss edir ki, geniş ilahi məhəbbət ağuşundadır. Məhz bu zaman insan mərifət çırağının işığında imanın köməyi ilə dosta doğru hərəkətə başlayır. Eşq yoluna çıxmış insan bütün varlığı, könlü, cismi ilə Allahın hüzurunu hiss edib, təvazökarlıqla ibadətə məşğul olur. İnsan doğru yol və ilahi hidayəti seçməklə vəzifəsinə və halal-harama əməl etməklə Qurani-Kərimin buyurduğuna əsasən, çox böyük bir mükafata, rəhmətə çatır və Behiştə nail olur. Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı "Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. "Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: "Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qurani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: "O Allah bağışlayan və rəhimdir.” "Allah Öz bəndələrinə qarşı mehribandır.”"Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.”"Həqiqətən Allah bağışlayan və həlimdir.”"Allah böyük mərhəmət, nemət sahibidir.”"Allah əfv edən və bağışlayandır.”"Allah tövbələri qəbul edən və bağışlayandır." "Allah rəhimlilərin ən rəhimlisidir.”"Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.” Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır. İslam Peyğəmbəri (s)-in belə buyurur: "Günahkar möminlər Cəhənnəmə aparıldığı zaman onlar Cəhənnəmdən çıxarılanadək Cəhənnəm odu onlara qarşı soyuyar. Bu zaman Allah-Taala mələklərinə buyurar: "Bunları Mənim fəzl və rəhmətimlə Behiştə aparın. Mənim mərhəmət və lütf dəryam sahilsiz, fəzl və ehsanım sonsuzdur.” Əhli-beyt (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: "Qiyamət günü Allah-Taala iman əhlini bir nöqtəyə toplayıb buyurar: "Mən sizin boynunuzda olan haqqımdan keçdim, siz də bir-birinizə olan haqqınızdan keçin ki, Behiştə daxil ola biləsiniz.” Başqa bir rəvayət də buyurulur: "Qiyamət günü gətirilən iman əhlinə belə buyurular: "Ey mənim bəndəm, nemətlərimə günahla cavab verdin, nemətlər artdıqca günahlarını artırdın.” Bəndə xəcalətdən başını aşağı salar. Rəhmət dərgahından ona xitab olunar: "Ey mənim bəndəm, başını qaldır. Səni günah etdiyin vaxt bağışlamış, günahlarına əfv qələmi çəkmişdim.” Digər bir rəvayətdə oxuyuruq: "Bəndəni yaxın gətirərkən günahların çoxluğu səbəbindən başını aşağı salıb, xəcalətdən ağlayar. İzzət və rəhmət dərgahından xitab olunar ki: "O gün ki, günah edib gülərdin, səni utandırmadım. Bu gün ki, günah etməyə-etməyə xəcalət çəkib ağlayırsan, sənə necə əzab verim?! Günahlarını bağışladım, Cənnətə girməyin üçün icazə verdim!” İslam Peyğəmbəri (s) buyurur: "Allahın rəhməti yüz qisimdir. Onlardan yalnız birini dünyada göstərib, bəndələri arasında paylayar. Rəhmətinin 99 qismini isə öz ehsan xəzinəsində saxlayaraq axirətdə üstünə bir qisim də əlavə edib bəndələrinə şamil edər.”(«Biharul-ənvar», 6-cı cild, səh-28.) Şeyx Səduqdan rəvayət olunmuşdur ki, Məsum İmamlar (ə) buyurur: "Qiyamət qurulan zaman Allahın geniş rəhməti elə cilvələnər və günahkarlar dəstə-dəstə bağışlanar ki, hətta qovulmuş şeytan da bağışlanmaq tamahına düşər.” "Biharul-ənvar”da (7-286) bir rəvayətdə buyurulur: "Mömin bəndə qəbrə qoyulduqdan sonra qəbrin üstü torpaqlanar, dost-tanışlar onu tənha qoyub gedərlər. Allah-Taala lütf və rəhməti ilə xitab edər: "Ey Mənim bəndəm, bu qaranlıqda tək qaldın. Razılıqlarını qazanmaq üçün Mənə qarşı günah etdiyin kəslər səni tək qoyub getdilər. Bu gün öz rəhmətimlə sənə elə bir nəvaziş göstərərəm ki, xəlq olunmuşlar təəccüb edərlər.” Sonra mələklərə xitab olunar: "Ey Mənim mələklərim! Bəndəm qərib, kimsəsiz, çarəsiz qalmışdır. İndi qəbirdə Mənim qonağımdır. Gedin ona kömək edin, onun üçün Behiştə qapı açın, ətirli bitkilər və təamlar hazırlayın. Sonra onu Mənim ixtiyarımda qoyun. Ona Qiyamət gününə qədər munis olacağam.” Bir rəvayətdə buyurulur: "Qiyamət günü bəndə hesab yerinə gətirilər. Günahla dolu əməl naməsi onun sol əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə "bismillah” deyər. Allahın rəhmətinə ümidlə naməni açdıqda onu ağ görər və deyər ki, burada bir şey yazılmayıb. Mələklər cavab verərlər ki, bu kitabda günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə görə onları məhv etdi.”(«Kafi», 2-ci cild, səh-430.) Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir: Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı. Həmin gecə Malik Dinara yuxuda buyuruldu: "Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: "Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” ("ya mən ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!»(«Mənhəcüs-sadiqin».) Tövbə ardınca tövbə Əttar "Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: "Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”(«Biharul-ənvar», 3-cü cild, səh-5.) Əvvəli aşağdakı linklərdə http://ahlibeyt.az/news/a-3153.html Kumeyl duasının şərhi-1 http://ahlibeyt.az/news/a-3220.html Kumeyl duasının şərhi-2 Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2015 16:13 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |