إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Kumeyl Duası"nın fəzilət və şərhi - İzzət və əzəmət

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

IV hissə -İzzət və Əzəmət

O əzəmətli hakim, heç şübhəsiz, dünya və dünya əhlinin zahir və batinindən çox-çox ucadır. Onun qüdrəti hər şeyin fövqündədir və hər şey Onun səltənətində O Sultan qarşısında mütidir.

Məşhur irfan və elm kitabı olan "Təfsiri-Fatihətül-Kitab” əsərində belə bir rəvayət nəql olunur:

Bəni-İsrail tayfasında xalqdan kənarlaşıb tənhalığa çəkilmiş bir abid var idi. İbadətinə görə mələklər onu sevir, mələk Cəbrail (ə) onu ziyarət etmək istəyirdi. Bu ziyarət üçün icazə istəyən Cəbrail Allahdan belə bir cavab aldı: "Bax, gör Lövhi-Məhfuzda onun adı haradadır.” Abidin adını bədbəxtlər siyahısında tapan Cəbrayıl heyrətə gəldi və belə ərz etdi: "İlahi, sənin hökmün qarşısında durmağa, bu təəccüblü işləri müşahidə etməyə güc yoxdur.” Allah-Taala belə buyurdu: "Çoxdan onunla görüş arzusundasan. Get onunla görüş və gördüklərini ona de.”

Cəbrail abidin ibadət yerinə endi. Abid zəif bir bədənlə ibadətə məşğul idi. Onun qəlbi ilahi məhəbbətdən alovlanır, ah-naləsi ərşə qalxırdı. Cəbrail ona salam verib dedi: "Ey abid! Lövhi-Məhfuzda adını bədbəxtlər səhifəsində görmüşəm, özünü artıq əziyyətə salma.” Bu sözləri eşidən abidin çöhrəsi çiçək tək açıldı, dodaqlarına təbəssüm qondu və xoş bir dillə "Həmd olsun Allaha” dedi. Cəbrail heyrətə gəlib dedi: "Bu cür qara xəbəri eşidib "Əlhəmdulillah” deyirsən?! Bu şadlığın səbəbi nədir?” Abid belə cavab verdi: "Mən bəndəyəm, O isə ağadır, ağanın istəyi qarşısında bəndənin nə istəyi ola bilər? Qüdrət Onun əlindədir, hara istəsə oraya da aparar!”

Abidin sözlərini eşidən Cəbrail riqqətə gəlib öz məqamına qayıtdı. Buyuruldu ki, "Bax, gör Lövhi-Məhfuzda nəqqaş nə nəqşələyib, rəssam necə rəng salıb.”

"Allah (həmin Kitabda) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.”(«Biharul-ənvar», 3-cü cild, səh-5.) "Allah istədiyini edər.”(«Biharul-ənvar», 3-cü cild, səh-9.)

Cəbrail bu dəfə baxanda abidin adını xoşbəxtlər siyahısında gördü. O, heyrətə gəlib ərz etdi: "İlahi, bu nə möcüzədir?” Allah-Taala buyurdu: "Ey Əmin, abidi onu gözləyən pis aqibətdən xəbərdar etdiyin zaman peşman olmadı, səbir yolunu seçib, Mənim iradəmə razı oldu, "Əlhəmdulillah” dedi. Həmin "Əlhəmdulillah” xatirinə onun adını bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçirdim.”

«Və bi quvvətikəl-ləti qəhərtə biha kullə şəy»

(«Səni vasitəsilə hər şeyə qalib gəldiyin qüvvənə and verirəm.»)

Allahın mübarək zatının eyni olan Onun qüdrət və qüvvəsi bitib-tükənməzdir. Bütün qüdrətlər bu qüdrətin qarşısında puçdur. Ümumiyyətlə hansısa bir müstəqil qüdrətdən danışmağa dəyməz. Bütün qüdrətlər ilahi qüdrətin şüalarıdır.

"Kullə şəy”, yəni "hər şey” dedikdə Allah-Taalanın yaratdığı sayı-hesabı bilinməyən bütün məxluqlar nəzərdə tutulur.Mehriban Allah öz qüdrəti ilə bütün bu şeylərə hakimdir və kimsə Onun qüdrət dairəsindən kənarda deyildir.Bütün bu mövcudlar orbitini itirməkdən, parçalanıb dağılmaqdan hifz olunmaq üçün Allahın qüdrətinə sığınırlar.

«Və xəzəə ləha kullu şəy və zəllə ləha kullu şəy»

(«Onun (qüvvəsinin) qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur.»)

Allah-Taalanın qüdrət və qüvvəsi qarşısında qeybi mövcudlardan, ən böyük varlıqlardan ən kiçik varlıqlaradək, əzəmətli kəhkəşanlardan atomlaradək hər şey baş əyib xar olmuşdur. Onun hikmətli göstərişləri qarşısında hər şey itaətdədir. Heç bir varlıqda itaətsizlik və üsyan müşahidə edilmir.

Arifanə bir duada oxuyuruq: "Heç şübhəsiz, Sən o Allahsan ki, qüdrət və qüvvənlə hər şeyi zəlil etmisən. Sənin əzəmətin qarşısında hər şey boyun əymişdir. Sən istədiyin varlığa istədiyini edirsən. Hər şeyi yaradıb qüdrət əli ilə idarə edən müqəddəs zat Sənsən. Sən hər şeyin mövlasısan və hər şey Sənin qüdrətin qarşısında məğlubdur. Sən Əziz və Kərimsən.”

Cümə axşamı kimi bir vaxtda göz yaşları və səmimiyyətlə dua edən bəndəsinin duasını qəbul etmək Onun üçün çox-çox asandır. Çətin vaxtında Allahın qüdrətindən başqa qüdrət tanımayan bəndənin duası qəbul olunmaya bilərmi? Heç vaxt!

Hər zəif və gücsüz mövcud bizim istəyimizi yerinə yetirə bilməz. Yalnız geniş rəhmət və sonsuz qüdrətə malik Allah bütün bəşəriyyətin dualarını qəbul etmək gücündədir.

"Səhifeyi-Səccadiyyə”nin 13-cü duasında belə deyilir:

"Yaratdıqlarını ehtiyaclı etmisən. Onlar da "nə üçün və niyəsiz" Sənə möhtacdırlar. Öz həyat müşküllərinin həllini Səndən istəyən insan doğru yoldadır. Amma istəklərinə çatmaq üçün özü kimi yaranmışlara üz tutan şəxs Sənin ehsanından məhrum olasıdır.

Böyük bir şövqlə Sənə üz tutub, yəqinliklə ümidimi Sənə bağlamışam. Bilirəm ki, nə qədər böyük şey istəsəm də bu şey Sənin dəryanda damla da deyil. Sənin qüdrətin qarşısında bütün istəklər çox-çox kiçikdir. Sənin rəhmət və qüdrət dairən bütün istəkləri əhatə edir.

Sənin rəhmət və qüdrətin sayəsində imkansız görünən işlər gerçəkləşir. Heç kəs Səndən kənarda müstəqil ola bilmir, alnına yazılmış möhtaclıqda xar olur.”

«Və bi cəbərutikəl-ləti ğələbtə biha kullə şəy»

(«Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərətuna and verirəm»).

"Cəbərut” dedikdə ehtiyacların və nöqsanların ali həddə təmini və bərpası başa düşülür. Bütün mövcudlar ilkin yaranış mərhələsində nöqsanlıdır. Bütün bu nöqsanlar cəbərut(Allah) vasitəsilə tamlaşır, kamilləşir.

«Və biizzətikəl-ləti la yəqumu ləha şəy»

(«Səni and verirəm qarşısında bir şeyin dura bilməyəcəyi izzətinə»)

Hər şeyi qüdrəti ilə yaradıb rəhmətinə bürümüş, bütün çatışmazlıq və nöqsanları cəbərut sifəti ilə aradan qaldırmış müqəddəs vücud qarşısında nə dayana bilər?! Tərkibi yer və göydən götürülmüş bütün mövcudlar yerlə göy arasında qərar tutmuşdur. Onların varlığı qadir Yaradanın varlığının olduqca cüzi bir nümayişidir. Bu cüzi yaranmış Yaradanın əzəli və əbədi, sonsuz qüvvəsi qarşısında necə dura bilər?!

"İzzət” güc və qüdrət mənasındadır. Bütün mövcudlarda bu izzətin şüası vardır. Bir zərrə qığılcım hara, əzəli və əbədi nur mənbəyi hara! Bəli, "bütün izzətlər Ondandır” ("Fatir”, 10). Hər kəsə layiq olduğu qədər verilir. Layiq olmayanlar isə bu izzətdən məhrum edilir. Demək, Onun qarşısında heç bir müstəqil izzət, qüdrət yoxdur. İlahi izzət qarşısında isə kimsə tab gətirə bilməz. O, sarsılmayan qüvvə məğlub olmayan qalibdir.

«Və biəzəmətikəl-ləti mələət kullə şəy»

(«Səni hər şeyi doldurmuş əzəmətinə and verirəm»)

Biz çox-çox məhdud və kiçik varlıq olduğumuzdan Allahın əzəmətini bir o qədər də dərk edə bilmirik. Amma varlıq aləminə diqqət etməklə bu əzəmətin cilvələri aydın olur.

("Səni hər şeydən üstün səltənətinə and verirəm”)

Bu dünyada Allaha müti olanların mütiliyi əslində Allahın hədiyyəsidir. Ləyaqətini itirənlər bu hədiyyədən məhrum edilirlər. Hər bir insan öz itaətini ilahi mənbədən bilməlidir. Ədalət və ehsan dairəsindən çıxan insan zalımlar zümrəsinə daxil olur. Quran ayələrindən, eləcə də tarixi təcrübədən aydın olur ki, heç kim Allahın intiqamından qaçmaq iqtidarında deyil. Müqavimət göstərmək istəyən əbədi əzaba düçar olur.

O, səmadan enən və torpaqdan qaynayıb çıxan suya əmr edir ki, tufan halına gəlsin və Nuha qarşı çıxanları həlak etsin. Onun əmri ilə külək üsyankar Ad qövmünü qurumuş ot tək kökündən qoparıb göyə sovurdu. Onun buyruğu ilə Nil çayı zalım Fironu azğın qövmü ilə birlikdə Cəhənnəmə yola saldı.

http://ahlibeyt.az/news/a-3153.html -Kumeyl duasının şərhi-1

http://ahlibeyt.az/news/a-3220.html -Kumeyl duasının şərhi-2

http://ahlibeyt.az/news/a-3498.html - Kumeyl duasının şərhi-3

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2015  16:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!