|
• Mənəviyyat • MənəviyyatQurani-kərimin fərqli qiraətləriİslamın ilk dövrlərindən etibarən Quranın oxunuş qaydaları arasında müəyyən fərqlər meydana çıxmağa başladı. Ümumiyyətlə, Müqəddəs Kitab uzun müddət yazılı deyil, yalnız şifahi formada nəsildən-nəslə ötürülmüşdü. Bunun nəticəsində Quranın nüzulundan sonrakı 40 il ərzində bəzi kəlmələrin oxunuşunda fərqlər yarandı. Ana dili ərəb dili olmayan millətlərin İslama gəlişindən sonra bəzi ayələrin yanlış oxunması faktları da aşkara çıxdı. Xüsusuilə, Azərbaycanın fəthi zamanı müsəlman döyüşçülərin fərqli qiraəti məlum olduqdan sonra xəlifə Osman Quranın yazıya alınmasını əmr etdi. (Quranın bundan əvvəl də yazıya alınması barədə müəyyən məlumatlar vardır və bu mövzu daha geniş izaha ehtiyaclıdır). Hətta yazıya alındıqdan sonra da uzun müddət Qurani-Kərim hərəkələr (hərflərin üzərində və altında saitləri bildirən işarələr) və nöqtələr olmadan köçürülürdü. Bu isə ayırı-ayrı kəlmələrin oxunuşunda fərqlərin yaranmasına gətirib-çıxarırdı. Burada Həzrət Muhəmməd Peyğəmbərin (s) dilindən rəvayət edilən “yeddi hərf” hədisi barədə qısa məlumat vermək istərdik. “Yeddi hərf” hədisi həm əhli-sünnə, həm də şiə mənbələrində nəql edilmişdir. Hədisin bir-birindən prinsipial şəkildə fərqlənməyən bir neçə variantı vardır. Bu variantları ümumiləşdirərək deyə bilərik ki, həzrət: “Quran yeddi hərf üzərində nazil olmuşdur, bunlardan hansı biri sizə rahatdırsa, onun əsasında Quranı oxuyun”, - deyə buyurmuşdur. Hətta Səhihi-Müslimdəki bir rəvayətə görə Allah Peyğəmbərə Quranı bir ləhcə üzərində oxumağı əmr etmiş, Peyğəmbər ümmətin rahatlığı üçün daha çox variant istəmiş, bu zaman Allah əvvəlcə iki, daha sonra yeddi ləhcə (hərf) üzərində oxumağa icazə vermişdi. Bu hədisdəki yeddi hərfin nədən ibarət olduğu barədə alimlər arasında fikir ayrılığı vardır. Bəzi alimlər bu yeddi hərfi Peyğəmbər (s) zamanındakı yeddi məşhur ərəb ləhcəsi kimi yozmuşlar. Qurani-Kərim fəsahətli Qüreyş ləhcəsində nazil olsa da, Peyğəmbər (s) sair qəbilələrin Müqəddəs Kitabı rahat oxuya bilmələri və qəbilə təəssübünə uymamaları üçün hər qəbiləyə öz ləhcəsinə uyğun şəkildə Quranı oxumaq icazəsi vermişdi (burada Qüreyş, Hüzeyl, Yəmən, Təmim, Əzd və s. ləhcələr nəzərdə tutulur). Bəzi alimlər isə hədisdəki yeddi hərfi məhz az sonra məlumat verəcəyimiz yeddi fərqli qiraət üslubu kimi mənalandırmışlar ki, bu nəzəriyyənin düzgünlüyü ciddi şübhə altındadır. İlk qarelər Hələ İslamın ilk əsrində, səhabələr dövründə bir neçə böyük səhabə Quran tilavətinin ustadı kimi tanınmışdı. Onların qiraət qaydaları məşhur idi və digər müsəlmanlar tərəfindən qəbul edilir, öyrənilirdi. Xilafətin iri şəhərlərində bu səhabələr məktəb açıb, Quranı tədris edirdilər. Onların hər birinin şagirdləri yetişirdi. İmam Əli ibn Əbutalib (ə), Abdullah ibn Məsud, Übeyy ibn Kəb, Əbu Dərda, Zeyd ibn Sabit, daha sonralar tabein təbəqəsindən olan Abdullah ibn Abbas, Əbul-Əsvəd Duəli, Əlqəmə ibn Qeys, Abdullah ibn Saib, Əsvəd ibn Yezid, Məsruq ibn Əcdə, Əbu Əbdürrəhman Süləmi kimi şəxsiyyətlər öz qiraət üslublarını yaratmışdılar. Müəyyən kəlmələrin tələffüzündə, ayələrin bölünməsində onlar arasında bəzi fərqlər mövcud idi. Yeddi məşhur qare Sonrakı dövrlərdə də Quran qiraəti istiqamətində fəaliyyətlər davam etdirildi. Hicrətin ilk iki əsrində yaşayan, ərəb dilinin leksika və qrammatikasını mükəmməl bilən bir neçə alim qiraət elmində öz görüşlərini sistemləşdirməyə nail oldu. Xilafətin mərkəzi şəhərlərində yaşayan alimlərin bu görüşləri qısa müddət ərzində qiraət məktəbi kimi formalaşdı. Zaman keçdikcə qarelər arasından 7 nəfər seçilərək, ardıcıllarının sayı baxımından üstünlük qazandı. Bu 7 qarenin hər birinin qiraət qaydaları iki şagirdi (bunlara “ravi”, yəni rəva-yətçi deyilir) tərəfindən sonrakı nəsillərə ötürüldü. Bəs bu yeddi qiraət qaydası nə zamandan məşhurlaşdı? Hicrətin ilk üç əsri ərzində onlarla qiraət üslubu təşəkkül tapmışdı. Məsələn, miladi 839-cu ildə vəfat etmiş Quran mütəxəssisi Əbu Übeyd Qasim ibn Səllam “əl-Qiraat” kitabında Qurani-Kərimi fərqli üslublarda oxuyan 25 nəfər qaridən bəhs etmişdir. Mənbələrin verdiyi məlumata görə, miladi X əsrin birinci yarısında Bağdad qarilərinin şeyxi kimi tanınmış Əbu Bəkr ibn Mücahid müxtəlif qiraət məktəbləri arasından yeddi üslubu bəyənərək, onları qanuni elan etmişdir. Mənbə İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2019 10:27 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |