|
• Mənəviyyat • Qədir-XumQədir-Xum bayramınız mübarək"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." (Maidə- 3) Bu gün - Qəməri təqvimi ilə Zilhiccə ayının 18-i "Qədir-Xum" bayramı qeyd edilir. "Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vadisində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Karvan Cuhfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır(xəbər ver). Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardəan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67). Bu ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi, orada dəvə kəcavələrindən minbər qurdular. Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi. Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi: “Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz! Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!». Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən). Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!». «Peyğəmbərin şairi» ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkdi və Peyğəmbərin icazəsi ilə 10 beytlik «Qədir-Xümm» qəsidəsini söylədi. Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzərr, Salmani-farsi, Əsəd ibn Zürarə, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları Qədir-Xümm hədisinin raviləri sırasındadırlar. Əllamə Əmini Qədir-Xümm hədisini vaxtilə Peyğəmbərin dilindən eşitdiyinə Həzrət Əlinin (ə) xahişi ilə şahidlik etmiş 24 səhabənin adını qeyd edir. Bunların sırasında Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit züş-şəhadəteyn (Peyğəmbər onun şahidliyini iki nəfərin ifadəsinə bərabər tutmuşdu), Səhl ibn Hüneyf, Əbül-Heysəm ibn Teyyihan, Əbu Hüreyrə, Əbu Səid Xüdri, Əbu Leyli Ənsari kimi məşhur səhabələr də vardır və ilk 4 nəfər "bədriyyun"dandır( "Bədr döyüşü" iştirakçıları). Məlum olduğu kimi, Bədr döyüşünün iştirakçıları hələ Peyğəmbərin sağlığında çox uca məqama sahib idilər, sonrakı xəlifələr də onları yüksək dəyərləndirirdilər. Bədr iştirakçılarının şahidliyi məhkəmələrdə xüsusi dərəcədə etibarlı sayılırdı. Onları fəxrlə «bədriyyun» adlandırırdılar. Qədir-Xümm hədisini təsdiq edənlərin sırasında bədriyyun təbəqəsinin mənsublarının olması bu hədisin mötəbərliyini daha da artırır. Miladi XVII əsrdə yaşamış yəmənli alim Ziyaüddin Müqbili yazırdı: «Əgər Qədir hədisini səhih hesab etməsək, gərək İslamda heç nəyi səhih saymayaq» («əl-Ğədir», I, 307). Qədir-Xum gününün əməlləri ilə bu LİNK-dən tanış ola bilərsiniz
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2024 09:00 ⁄ Çap
Bu bölmədə24 İyun, 2024 “Qədir Xum” - Günün əməlləri2 Oktyabr, 2015 "Qədir-Xum" Bayramınız Mübarək!25 Noyabr, 2010 Dinin kamalı25 Noyabr, 2010 Əmanətə xəyanət25 Noyabr, 2010 Qardaşlıq əqdi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |