|
• Mənəviyyat • MənəviyyatAllah əfv edən və bağışlayandır - Kumeyl duasının şərhiBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Allahın əfvi "Əfv" günahı bağışlamaq, nöqsanlara göz yummaq deməkdir. Allah-Taala bu həqiqəti həqiqi tövbə qılıb, doğru yola qayıdanlar üçün qərar vermişdir. "Nisa" surəsinin 43-cü ayəsində buyurulur: "Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır". Həzrət Əli (ə) buyurur: «Onun fərmanı vacib, hikmətlidir. Razılığı aman və rəhmətdir. Elm və agahlıqla hökm edər, helmlə bağışlayıb göz yumar». («Nəhcül-bəlağə»); «Allahın mərhəməti haramdan uzaqlaşan şəxsə tərəf tələsər».(«Biharul-ənvar», 75-ci cild, səh-90.) Bir ərəb Həzrət Peyğəmbərdən (s) soruşur ki, qiyamət günü insanları hesaba kim çəkəcək? Həzrət (s) buyurur ki, Allah-Taala. Ərəb deyir: "And olsun kəbənin Allahına, nicat tapdıq. Çünki Kərim qüdrətə çatanda bağışlayar".(«Məcmueye-vərram», 1-ci cild, səh-9.) Bəli, savab, behişt, rəhmət, əfv kimi həqiqətlər yalnız Allaha məxsus olduğundan möhtac aşiqlər Onun dərgahına üz tuturlar: «və əzumə fima indəkə rəğbətuhu». "Allahummə əzumə sultanukə" (Pərvərdigara, sultanlığın əzəmətə çatmış.) Allah-Taalanın səltənəti zati və həqiqi, başqa səltənətlər isə etibari və müvəqqətidir. Digər səltənətlər zaman və məkanca məhdud olduğu halda, ilahi səltənət əbədi və sonsuzdur. İlahi səltənət qeybi və aşkarı tam əhatə edir. Digər bütün səltənətlər hər biri ilahi səltənətə möhtacdır. Onun dəlilləri qüvvətlidir və Onun qarşısında heç bir dəlil yoxdur. Əql, peyğəmbərlik, Quran, imamət qiyamət günü bütün yaranmışlara şahidlik edəcək dəlillərdir. Bu dəlillər vasitəsi ilə bütün bəhanələr kəsiləcəkdir. "Və əla məkanukə" (Və Sənin məqamın ucadır.) "Şura" surəsinin 11-ci ayəsində buyurulur: "Ona bənzər heç bir şey yoxdur". Bəli, Həzrət Haqq bütün eyiblərdən pakdır, bütün kamal, camal və cəlal sifətlərinə malikdir. Bu sifətlər Onun zatının eynidir. Bütün qeybi və aşkar mövcudlar Onun qəyyumluğu ilə qiyam edir. Kainat Onun elm və iradəsinin, qüdrət və rəhmətinin təzahürüdür. O, vəsfə sığılmazdır. Onun qüdrət və qüvvəsi bütün qüdrət və qüvvələrin fövqündədir. Şəni və məqamı isə hər şeydən üstündür. "Və xəfiyə məkrukə" (Və Sənin məkrin gizlidir.) Adi halda «məkr» dedikdə hiyləgərlik, aldatma başa düşülür. Əlbəttə ki, Allaha münasibətdə işlədilən məkr sözü cahil insanlara məxsus məkr mənasını daşımır. Elm, qüdrət, rəhmət, səxavət sahibi olan Allahın öz yaratdığı mövcudlardan ehtiyacsızlığı aşkar bir həqiqətdir. Allah haqqında işlədilən məkr kəlməsi «cəza» mənasını verir. Allah-Taala bu cəzaya layiq bildiyi kəsi qurtuluş yolu qoymadan əzaba düçar edər. Allahın qəflət içində günaha qərq olmuş insanlara cəzası müxtəlif formalarda gerçəkləşə bilər. Məsələn, azğın günahkarı nemətlərə qərq etməklə onun başını qatar və o şəxs qarşıdakı günahlardan xəbərsiz qalar. «Məkr» günahkar insanı bu sayaq qəfildən yaxalayan məxfi əzabdır. Həzrət Sadiq (ə) buyurur: "Allah xeyirini istədiyi bəndə günaha batdığı vaxt ona cəzalandırar və bu cəza vasitəsi ilə ona tövbəni xatırladar. Amma şərə layiq bilinmiş adam günaha batdığı vaxt Allah ona nemət verməklə başını qatar və tövbəni onun yadından çıxarar..." "Və zəhərə əmrukə" (Və Sənin əmrin aşkardır.) Allahın əmri ilkin mərhələdə təkvinidir, yəni bu əmr vasitəsi ilə varlıq aləmi vücuda gəlmişdir. Təkvini əmrdən sonra təşrii əmr gəlir. Yəni yaradılmış şüurlu insana peyğəmbərlər vasitəsi ilə göstərişlər verilir, doğru yol göstərilir. "Və ğələbə cəhrukə və cərət qudrətukə" (Sənin qəhrin hər şeyə qalib və qüdrətin hər şeyə hakimdir.) Əvvəlki söhbətlərdə «qəhr» və «qüdrət» haqqında kifayət qədər danışıldığı üçün təkrar izahata ehtiyac görmürük. «Və la yumkinul-firaru min hukumətikə" (Hökumətindən qaçmaq mümkünsüzdür.) Hər bir varlıq Onun hökuməti daxilindədir və heç kim bu mühitdən xaric ola bilməz. Bütün mövcudlar Onun iradəsi ilə yaranmışdır. Demək, o hər şeydən əvvəldir, hər şey Onun qüdrət və rəhməti sayəsində həyatını davam etdirir. O, bütün yaranmışlarladır və hər şey nəhayətdə, Ona tərəf qayıdasıdır. Demək, O hər şeyin axırıdır. Belə bir halda hansı mövcud Onun hakimiyyətindən qaça bilər?! Bir rəvayətdə nəql olunur ki, bir kişi İmam Hüseynə (ə) dedi: "Mən günahkar bir adamam və günah qarşısında səbrim yoxdur. Məni nəsihət et". Həzrət buyurdu: "Deyəcəyim beş işi gör, sonra hansı günaha istəyirsən, bat. Əvvəla, Allahın ruzisini yemə. İkincisi, Onun vilayətindən və hökumətindən çıx. Üçüncüsü, elə bir yer tap ki, Allah səni görməsin. Dördüncüsü, ölüm mələyi canını almağa gələndə onu qov. Beşinci, cəhənnəm mələyi səni cəhənnəmə atanda sən cəhənnəmə daxil olma".(«Biharul-ənvar», 75-ci cild, səh-126.) Bəli, qaçmaq istəyən insan yaxşı olar ki, cəhalətdən mərifətə eşitdiyindən gördüyünə və nəhayət, xalqdan Xaliqə doğru qaçsın. Bu qaçışda dünya və axirət səadəti və Allah razılığı vardır. Aşiqə dünyanı versən də əgər Gözlərini yumub ruhunu dinlər. Məşuqla görüşü olan bir insan Dünya sevgisinə uymaz heç zaman. Bu hicran çölündə göz yaşlarından Çiçəklər açılır dərdlərə dərman. Kim yaşlar axıtsa göz bulağında Vüsala yetişər yar sorağında. "Allahummə la əcidu lizunubi ğafirən, və la liqəbahi satirən, və la lişəyin min əməliyəl-qəbihi bilhəsəni mubəddilən ğəyrəkə" (Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq, qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram.) Ardı var.. Əvvəli:http://ahlibeyt.az/news/a-9460.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2019 14:22 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |