إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zikr - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

ZİKR

Araşdırmalara əsasən, «bizikrikə» kələməsindəki «b» hərfi səbəb mənasındadır. Demək, cümlənin mənası belə olur: «Pərvərdigara, mən Sənin zikrinin səbəbi ilə Sənə yaxınlıq axtarıram». «Zikr» kəlməsi üç məna ifadə edə bilər: Allah-Taalaya diqqət və onu qəlbən xatırlamaq; Quran; Peyğəmbər (s) və Əhli-beyt (ə).

Zikr qəflətin ziddidir. Allahdan qəflətdə olan şəxs ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət edənləri behişt, etməyənləri cəhənnəm gözləyir. Bu qəbil insanlar yalnız Allahın razılığını qazanmaq üçün ibadət edir, insanlara xidmət göstərir, haramdan uzaq olur, başqalarının hüququna riayət edir, elm və mərifət öyrənir və s. Batinə aid olan zikr və diqqət o qədər qüdrətlidir ki, qısa bir müddətdən sonra insanı ibadət şirinliyinin duyulduğu bir məqama çatdırır.

Ağır qəflətə düçar olmuş Yunus qövmü alim və aşiq bir şəxsin köməkliyi ilə qəflətdən oyandılar. Allah zikrinin köməyi ilə qəflət pərdələri yırtıldı, üzlər torpağa sürtüldü, göz yaşları qəlbləri çirkinlikdən təmizlədi. Onlar həqiqi tövbə etməklə öz vətənlərini ölüm saçan şimşəklərin bəlasından qorudular. Bütün qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, əbədi behiştdə sakin oldular. İbadət və bəndəlik, zikr və diqqət vasitəsi ilə qaranlıq keçmişlərinin üstündən xətt çəkən bu günahkarlar qaranlıqdan işığa çıxmağın yolunu bütün dünyaya göstərdilər. Bəşər tarixinin səhifələrini öz qəlblərinin nuru ilə işıqlandırmış Asya, Əshabi-Kəhf, Bəhlul Nəbbaş, Hürr ibn Yəzid, Fuzeyl Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular.

Haqqı axtaran insan

Könül verməz dünyaya.

Tutar Tanrı yolunu,

Təslim olmaz xülyaya.

Düşər tamah atından,

Gedər üzü məşuqa.

Cilovu buraxansa

Uçar başı aşağa

Bu dünya öz quluna

Çətin yandıra ürək.

Ölümə sürünən qul

Özü qurtulsun gərək.

Tamahına «sus» deyən

Çatdı mənzil başına.

Qənaəti seçənlər

Otdu elçi daşına.

QURAN

Allah-Taala müxtəlif ayələrdə Quranı «zikr» adlandırır: «Şübhəsiz ki, zikri (Quranı) Biz nazil etdik və Biz də onu hifz edəcəyik».("Tövbə”, 105.) Qurani-Kərim öz maarif, əhkam və göstərişləri vasitəsi ilə insanın dünya və axirət səadətini təmin edir. Quran həyat kitabıdır və insanın hidayət nöqteyi-nəzərindən ehtiyaclı olduğu bütün məsələlər bu İlahi Kitabda işıqlandırılmışdır. Quran insanı ən etibarlı yola yönəldir və İlahi ayələrə əməl edənləri böyük mükafatla müjdələyir. Qurana dərin diqqət, onun ayələri haqqında düşüncə cəhalət xəstəliyinin dərmanıdır.

Quranın göstərişlərinə əsasən, yaxşıya əməl edib, pisdən çəkinmək Allaha yaxınlığın səbəbidir. Qurana əməl edən insan gözəlliklərlə bəzənir, çirkinliklərdən paklanır. Keçmişə aid biliklər və gələcəyə aid xəbərdarlıqlar dərdlərin dərmanı və ictimai nizamın əsasıdır. Həzrət Peyğəmbər (s) Quran vasitəsi ilə ən alçaq kütləni ən üstün cəmiyyət məqamına qaldırdı. Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi səadətə üz tutdu.

İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qurana üz tutun. Çünki Quran, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul olunan şikayətçi də Qurandır. Quran onu özünə rəhbər tutanı behiştə ona arxa çevirəni cəhənnəmə aparar».("Səvabul-əmal”, 179.) İmam Səccad (ə) buyurur: «Şərq və qərb arasında olan bütün insanlar ölərlərsə Quran mənimlə olsa (tənhalıqdan) qorxmaram».("Biharul-ənvar”, 6-28.) Bəli, tövhid ayələri vücuduna hopmuş, Allahı bəsirət gözü ilə müşahidə etmiş, əzəli və əbədi məhbubu ilə ünsiyyət bağlamış, əxlaq ayələri daxilini işıqlandırmış İmam Səccad (ə) üçün tənhalığın nə qorxusu?! O Həzrət (ə) buyurur: «Quran ayələrində xəzinələr var. Bu xəzinələr açıldığı zaman orada olanları düşüncə ilə nəzərdən keçirmək yaxşıdır».("Əraf”, 23.)

Quran ayələrini düşünən, bu ayələrin ilahi mənalarını anlayan və əməl edən, zahirini və batinini Quranla tənzimləyən, məbuduna doğru hərəkət edən insan qəlb gözü ilə Onun camalının tamaşasından doymur.

Bəsirət gözündə olarsa işıq

Haqqın camalını bilər yaraşıq.

Taleh gülsə sənə salsa bir nəzər

Bu nəzər saralmış ömrünü bəzər.

Ondan gözlərini qaçırsan əgər

Labüddür olasan bir dəli kafər.

Onun qəzəbindən bal zəhər dadar,

Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-acı meyvə)

Bu odlu sinədən ucala fəryad

O qadir məbuddan istəyə imdad.

İnan ki, sübh səhər edilən dua

Sözsüz ki, tezliklə qılacaq dəva.

Qəflət bəlasından qurtula bilməz

Həqiqət haqqında düşünməyən kəs.

Qəflət bir bəladır tiyəsi qanlı,

Xilas olar yalnız doğru imanlı.

Ardı var..

Əvvəli - http://ahlibeyt.az/news/a-7574.html

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2017  11:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!