إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT üzv ölkələrinə çağırış - Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır

Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏ) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib.

Ahlibeyt.az-ın XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib.

E. Məmmədyarov çıxışında bildirib ki, kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb:

"Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycan əraziləri, Dağlıq Qarabağ daxil olmaqla yeddi ətraf rayon işğal edilib, on minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz ev və mülkiyyətlərindən didərgin olub, minlərlə insan itkin düşüb."

XİN rəsmisi vurğulayıb ki, İƏT-ə üzv dövlətlərini Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım aktlarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırıram.

Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri hələ nəticə verməyib-deyə nazir bildirib.

E.Məmmədyarov qeyd edib ki,atəşkəs rejiminin yaradılmasına baxmayaraq, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində və iki dövlət arasında sərhəd boyunca yerləşən Azərbaycanın şəhər və kəndlərinə Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarının öldürməsi və yaralanması ilə nəticələnən hücumlar zorakı xarakter daşıyır və son vaxtlar daha da intensivləşib:

"İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxs həlak olub, bir nəfər isə ağır yaralanıb.. Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyunca 7 avqust tarixində törədilmiş daha bir təxribat nəticəsində Tovuz rayonunun 13 yaşlı sakini yaralanıb. Bunlar hamısı Cenevrə Konvensiyaları üzrə öhdəliklərin Ermənistan tərəfindən kobud və sistematik şəkildə pozulduğunu təsdiqləyir."

Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməli, o cümlədən, iqtisadi fəaliyyət və Ermənistan Respublikasına investisiya qoyulmasından çəkinməklə yanaşı Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır deyə nazir İƏT üzv ölkələrinə çağırış edib:

"Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla didərgin salınmasından əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin bütün bölgənin tam inkişafını, sülh və ədaləti təmin edəcək siyasi həllində ən çox maraqlı olan tərəfdir. Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını heç vaxt güzəştə getməyəcəkdir. Ermənistan anlamalıdır ki, suveren dövlətin ərazilərinin hərbi işğalı və etnik təmizləmə siyasətinin aparılması həll yolu deyil və heç bir siyasi nəticə verməyəcəkdir.

Sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilməli və azərbaycanlı məcburi köçkünlərın öz torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir."

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2017  15:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!