إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Aşuradır

"Məhərrəm o aydır ki, cahilliyət dövrünün camaatı həmin ayda müharibə etməyi haram bilirdilər.

Bu gün Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır

İmam Rza(ə) buyurur:

"Məhərrəm o aydır ki, cahilliyət dövrünün camaatı həmin ayda müharibə etməyi haram bilirdilər. Amma onlar bizim qanımızı halal bildilər, bizim hörmətimizi ayaq altına atdılar, balalarımızı və qadınlarımızı əsir etdilər, xeymələrimizə od vurdular, əşyalarını qarət edilər və Hz.Rəsuləllahın(s) bizim barəmizdə olan göstərişlərinə əməl etmədilər. İmam Hüseynin(ə) şəhadət günü bizim gözlərimizi ağlatdı və göz yaşlarımızı rəvan etdi. Əzizimizi Kərbəlada məhv etdi və bizi Qiyamətədək giriftarçılığa və bəlaya düçar etdi. Əgər kimsə ağlamaq istəsə, gərək İmam Hüseynə(ə) ağlasın. Çünki bu ağlamaq günahları bağışladar.Sonra dedi: Atam(İmam Museyi kazım) Məhərrəm ayı daxil olan zaman gülməyi tərk edərdi. Aşurayadək qəmlənərdi. Aşura günü isə hüzn, müsibət və ağlaşma günü olardı və buyurardı ki, bu gün Hüseyn(ə) qətlə yetirilib."

Hicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da (miladi təqvimi ilə 10 oktyabr 680–ci il) Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn (ə) və tərəfdarları Kərbəla çölündə Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq  Kufəyə aparılıb və oradan Şam şəhərinə sürgün edilib.

Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”

Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 72 tərəfdarı ilə birlikdə şəhadətə yetirilir. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.

Dünyanın bir çox  ölkəsində olduğu kimi, Azərbaycan xalqı da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Yüz minlərlə insan bu faciəli, şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır.

Bu hüznlü gündə Ahlibeyt.az bütün müsəlmanlara başsağlığı verir.Allah hər birimizı matəm və əzadarlıqla bərabər mühüm olan imam Hüsey(ə)və Kərbəla şəhidlərinin məktəbi ilə yaxından tanış olmağı,o böyük şəxsiyyətin hədəfləri ilə bir olmağı,pak yaşamaq,düzgün düşünüb düzgün əməl etməyi nəsib etsin.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2024  08:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!