إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ generalı Mosul və Rakkanın nə vaxt azad olunacağını açıqlayıb

Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin İŞİD-dən azad olunması və terror qruplaşmasının tam məhvi iki il davam edəcək.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Beast” məlumat yayıb.

ABŞ-dan olan general-mayor, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qoşunlarının komandanı Stiven Taunsend bildirib ki, Suriyanın Raqqa və İraqın Mosul şəhərlərinin azad edilməsi və İŞİD terrorçularının qalıqlarının məhv edilməsinə 2 il vaxt gedəcək.

Lakin Taunsend verdiyi müsahibədə Suriya və İraqdakı İŞİD terrorçularının üzərində tam qələbənin əldə olunacağı dəqiq tarixi açıqlamayıb.

O İraq qoşunlarının terrorçularla mübarizədə göstərdiyi tərəqqini də qeyd edib. ABŞ-dan olan komandanın sözlərinə görə, iraqlı hərbçilər tanklardan istifadə edərək şəhər mühitində döyüşün aparılmasına yiyələnirlər.

Taunsend könüllü şiə qüvvələri("Haşd-Şabi") barədə ABŞ qüvvələrinin komandanına xas olmayan qeyri-adi bəyanatla çıxış edib. Onun sözlərinə görə İraqa gəldiyi andan bəri həmin qoşunlar “olduqca intizamlı” müttəfiq olublar.

Taunsend Təl-Afər şəhərinə (Neynəva əyaləti, Mosul şəhərindən 50 kilometr qərbdə - red.) edilən həmlədə nəzərə çarpacaq irəliləyişin olduğunu qeyd edib.

Raqqa şəhəri İŞİD terrorçularının Suriyadakı paytaxtı və Mosuldan sonra terrorçuların regiondakı ikinci istinadgahıdır. Təxminən 300 min nəfər əhalisi olan şəhər 2013-cü ildə işğal edilib. Hazırda Suriyanın müxalif qüvvələri Raqqanın mühasirəyə alınaraq azad edilməsi əməliyyatını aparır.

Xatırladaq ki, “Reuters” agentliyi daha əvvəl ABŞ-dan olan hərbi təlimatçıya istinadən bildirmişdi ki, İraq qüvvələri yaxın günlərdə Mosulun azad edilməsi əməliyyatının yeni fazasına başlayacaqlar. Qeyd edək ki, Mosul əməliyyatı oktyabr ayından bəri davam etməkdədir. Əməliyyatda İraq ordusu ilə yanaşı kürd Peşmərqələr və ABŞ-ın başçılıq etdiyi koalisiya da iştirak edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2016  11:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!