إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Həsən Müctəbanın mübarək mövlud günüdür

İmam Həsən Müctəbanın mübarək mövlud günü

Bu gün müsəlmanların dördüncü imamı - İmam Həsən Müctəbanın mübarək mövlud günüdür

Bu gün  İmam Həsənin (ə) mübarək mövlud günüdür. Hicrətin 3-cü ili mübarək Ramazan ayının 15-ci gecəsində müsəlmanların 2-ci imamı İmam Həsən ibn Əli (ə) Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır. İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi.

Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (s.ə.) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Bu ipək parçanı vəhy mələyi Cəbrail (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi. Həzrət Peyğəmbər (s) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi.

İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü.

İmam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı. O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm». Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin». Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır».

O, uşaqlıq çağından güclü istedada malik idi. Güclü hafizəsilə Peyğəmbərə (s) nazil olan ayələri eşidir və hamısını əzbərləyirdi. Evə qayıtdıqda isə, anasına deyirdi. Həzrət Fatimə Zəhra (s.ə.) da o ayələri və Peyğəmbərin (s) kəlamlarını İmam Əliyə (ə) deyirdi. İmam Əli (ə) təəccüblə-Bu ayələri necə eşitdin deyə soruşduqda  Xanım Zəhra (s.ə.) -İmam Həsəndən (ə) eşitdim deyə bildirirdi.

İmam Həsən (ə) bərəkətli həyatı boyu daima insanların hidayəti və onlara yol göstərməkdə çalışırdı. Ümumi insanlarla, hətta düşmənlərilə elə gözəl rəftar edirdi ki, hamını özünə cəlb edirdi.

İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.

İmam Həsənin (ə) diqqəti cəlb edən yüksək əxlaqlarından biri də, o həzrətin misilsiz infaq və bəxşişləri idi.

Tarixçilər yazmışlar: İmam Həsən (ə) iki dəfə bütün sərvətini Allah yolunda xərclədi və üç dəfə bütün sərvətini iki hissəyə bölüb, yarısını özünə saxladı, digər yarısını isə Allah yolunda infaq etdi

İmam Həsən (əleyhissəlam) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi.

Tarix şahiddir ki, İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O, İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.

İmam Həsən (ə) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə nəfərlə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.

İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əş’əri Kufənin Osman tərəfindən tə’yin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əş’əri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.

İmam Həsən əleyhissəlamın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli əleyhissəlamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhissəlamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı döyüşə də’vət edirdi.

İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı.

İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.

İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə çətin vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi və mübarək nəşinin babası peyğəmbərin yaynda dəfn edilməsinin qarşısı fitnə nəticəsində alındı.

Həzrətin mübarək məzarı Mədinənənin Bəqi qəbiristanlığında İmam Zeyunulabidin(ə),İmam Muhəmməd Baqir(ə)və İmam Cəfər Sadiq(ə)lə yanaşı yerləşir.Əfsuslar olsun ki,bu gün o həzrəti yalnız kənardan ziyarət etmək mümkündür.Keçən əsrin əvvəllərinə qədər peyğəmbərin bir çox yaxın səhabəsi və ailəsi dəfn olunmuş  Bəqi qəbiristanlığındakı mövcud olmuş qəbirüstü türbələr və kitabələr dağıdılaraq tanınmaz hala salınmış sonrakı illərsə imamlar dəfn olunan əraziyə kənardan sədd çəkilərək ziyarətçilərə maneələr yaradılmışdır.

1

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2023  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!