إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allah "Qədr gecəsini" Ramazan ayının digər gecələrindən fərqli və daha şərafətli qərar verib

Qarşıdan Qədr gecələri gəlir. Müsəlmanlar bu gecələri oyaq qalaraq əhya saxlayırlar.

Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21, 23-cü bəzi rəvayətlərə görə 27-ci gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu gecələrə həm də “əhya gecələri” deyilir.

Qurani - Kərimin mübarək Qədr surəsində buyurulur:

1.Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik. 2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir. 3.Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir. 4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. 5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.

Qədr gecəsləri məğrib azanından sübə qədər oyaq qalıb (əhya saxlayıb) ibadət etmək tövsiyyə olunur.

“Əhya” sözünün mənası “həyy” sözündəndir və oyaq olmaqlığa deyərlər. Bu gecə Həzrət Peyğəmbərimizin (s) və Onun Əziz ailəsinin (ə) oyaq qaldıqları bir gecədir. Hədislərdən bizə belə çatıb ki, Onlar (ə) bu gecələri fürsət bilib oyaq qalardılar və ibadətlə keçirərdilər.

Mübarək Ramazan ayının, Qədr gecəsinin çox əziz bir qonağı var. Bu qonaq Allahın Kitabıdır, Peyğəmbərin(s) ümmətə əmanət etdiyi dəyərli bir əmanətdir. Qədr gecəsi Quran gecəsidir, Ramazan ayı Quran ayıdır. Mübarək Ramazan ayının və Qədr gecəsinin şərafətinə şərafət qatan, nuraniyyətinə nuranilik əlavə edən Qurani-Kərimdir. Möminlərin Qədr gecəsində səhərə qədər oyaq qalıb ibadət etmələrinin içində bir ibadət var - Quranı başa qoyub Allahı Həzrət Peyğəmbərin (s) və məsum İmamların (ə) məqamına and veririk. Biz bunu etməklə Allaha deyirik ki; İlahi, bu gecə bu Kitabı bizə göndərmisən və biz də, bu kitabı başımızın üstünə qoyuruq, bu Kitabı qoruyuruq!

Mübarək Ramazan ayının hər bir günü möminlər üçün əzizdir, bu ayın hər gününün, hər dəqiqəsində bərəkət, rəhmət, ilahi nuraniyyət nazil olur Allah dərgahından. Ramazan ayının hər anı möminlər üçün fürsət və gözəl fürsətdir ki, onlar keçmişdə elədikləri günahlardan ötrü tövbələr etsinlər.

Ramazan ayı zatən, günahları yandıran aydır, duaların geri çevrilmədiyi bir aydır. Amma, bu Ramazanda bir gecə var ki, Allah o gecəni digər, hətta, Ramazanın digər gecələrindən fərqli və daha şərafətli və xüsusi bərəkətli bir gecə qərar verib. O gecə, bildiyimiz kimi mübarək Qədr gecəsidir, bu gecəyə “Əhya gecəsi” də, deyilir.

Qədr gecəsi həm də Həzrət Əlinin (ə) şəhid edildiyi, ədalət mehrabında- səcdədə şəhadət şərbətini içdiyi gecədir. Bu gecə dinin sütunlarının yıxıldığı bir gecədir. Bu gecə qəm gecəsidir, mələklərin salam göndərdiyi, arxasında durub iqtida etdiyi şəxsin şəhadət gecəsidir.

Həzrət Əlinin (ə) mübarək və səadətli təvəllüd günü də, şəhadətə yetdiyi gün də, birbaşa Quranın nazil edildiyi aylardadır. Mübarək və səadətli təvəllüd Rəcəb ayının 13-dədir ki, Rəcəb ayı ilk vəhyin endiyi aydır. Mübarəklik bundadır ki, Peyğəmbərə (s) 23 il müddətində Quran nazil edildikdə, ilk ayəni Peyğəmbər (s) cənab Cəbraildən alanda, Həzrət Əli (ə) Həra mağarasında Peyğəmbərlə (s) birlikdə idi. Hələ o zaman Həzrət (ə) 10 yaşında idi. İmam Əli (ə) “Nəhcul-Bəlağə”də “Qasiə” adlı xütbəsində Peyğəmbərdən (s) danışır və bu məqama toxunur: “...O hər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il Həra dağına çəkilir, qulluğa başlayırdı. Başqası görməsə də, onu mən görürdüm. O gün İslam Peyğəmbərlə Xədicədən başqasının evində yox idi. Mən də onların üçüncüsü idim. Vəhy və peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona vəhy gələrkən Şeytanın fəryadını eşidirdim və: – Ya Rəsulullah, bu fəryad nədir? – deyə soruşdum. Buyurdu ki: –Bu fəryad edən Şeytandır. Xalqın ona qulluq edəcəyindən artıq ümidini kəsmişdir. Sən mənim eşitdiyimi eşidir, gördüyümü görürsən. Ancaq sən peyğəmbər deyilsən. Fəqət vəzirsən və xeyir tərəfdarısan, ona yetişmisən...”

Həzrət Əlinin (ə) şəhadəti də, Qədr gecəsi baş verir. O Həzrət Ramazan ayının 19-cu gecəsi sübh namazı vaxtı məscidin mehrabında  xəvaric Əbdurrəhman ibn Mulcəm (lənətullah) tərəfindən zəhərli xəncərlə zərbətlənir və Ramazanın 21-ci gecəsində şəhid olur. İbn Mulcəm Həzrət Əlini (ə) şəhid etməklə də, öz axirət aqibətini, eləcə də, dünya aqibətini qaraldır, sağlığında ikən özünə cəhənnəm hazırlayır və əbədən Allah və mələkləri və müsəlman ümməti tərəfindən lənətlənir.

Allah-Təala, bizləri bu Qədr gecələrinin hörməti İzzəti xatirinə Qurandan və Əhli-Beytdən (ə), Əlinin (ə) məhəbbətindən bir an belə, ayrı salmasın, Quran və Əhli-Beytə (ə) xatir də, bu Qədr gecələrində günahlarımızı bağışlasın!

 

Qədr gecəsinin fəzilətləri, gecənin xüsusi əməl və tövsiyyələri mövcuddur. saytımızda qeyd olunan linklərdəndən onlarla geniş şəkildə tanış ola bilərsiniz.

Allah bu mübarək gecədə edilən ibadət oxunan dua və münacatlarınızı qəbul etsin.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2024  17:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!