إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvadakı Mərkəzi Memorial məscidində azərbaycanlı dindarlara qarşı hücum olub (FOTO/VİDEO)

Bu gün Moskva şəhərində yerləşən Mərkəzi Memorial məscidində məhərrəm ayı ilə əlaqədar əzadarlıq mərasimi keçirən azərbaycanlı şiə müsəlmanlara qarşı məsciddə çoxluq təşkil edən vəhhabi (sələfi) təriqətli radikal dəstə üzvləri tərəfindən hücum edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews-un Moskva müxbiri məlumat verib.

Məlumata görə, azərbaycanlı dindarlar məsciddə namaz qıldıqdan sonra Kərbəla şəhidləri üçün əzadarlıq mərasimi təşkil etmək istəyərkən məsciddəki radikal təriqət üzvləri onlara qarşı əlbəyaxa hücuma keçiblər.

İnsidenti yatırmaq üçün əraziyə xeyli sayda polis əməkdaşları və Rusiya xüsusi təyinatlı qüvvələri (OMON) cəlb olunub.

Məscid rəhbərliyi azərbaycanlı müsəlmanların, hətta namaz qılmalarına belə maneə törədib, daha sonra müxtəlif bəhanələr gətirməklə əzadarlıq məclisinin təşkilinə imkan verməyib. Beləliklə "Əhli-beyt" cəmiyyəti tərəfindən təşkil edilən mərasim baş tutmayıb. Həmyerlilərimizin bildirdiyinə görə, onlara qarşı bu təxribatın törədilməsinin əsas məqsədi azərbaycanlı şiə müsəlmanların məscidə gəlməsinə ümumiyyətlə imkan verməmək və onların məsciddəki hər hansı fəaliyyətlərinə qadağa qoymaqdır.

Bildirilib ki, Moskva şəhərində yaşayan azərbaycanlı dindarlar artıq 20 ildir ki, hər il məhərrəm ayı ərəfəsində xalqımızın milli-mənəvi dəyərlər sistemində xüsusi yerə malik Kərbəla şəhidləri üçün əzadarlıq mərasimləri təşkil edirlər. Hər il bu məclislər maneəsiz keçirilsə də, ilk dəfə olaraq builki əzadarlıq mərasimi radikal təriqət üzvlərinin zorakı hücumuna məruz qalıb. Qeyd etməliyik ki, azərbaycanlı müsəlmanlara qarşı təzyiq və ayrıseçkilik hələ Mərkəzi Memorial məscidinin açılışından etibarən başlayıb. Belə ki, məscid rəhbərliyi azərbaycanlı müsəlmanlara məsciddə yalnız namaz qılmağa icazə verildiyini, digər dini mərasimlərin isə qadağan olunduğunu bəyan edib.

Bu zorakılıqla bağlı rəsmi qurumlara ünvanlanan müraciətlərə isə hələ ki, heç bir cavab verilmir, icma rəhbərliyi isə məsciddə xüsusi qayda-qanunların tətbiq olunduğunu əsas gətirərək azərbaycanlı dindarların dini etiqad azadlıqlarını kobud şəkildə pozmağa davam edir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2016  12:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!