إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məkarim Şirazi:Dünyanın siyasi liderlərindən istəyirik ki,təkfirçi qruplaşmalara dəstək verən ölkələri boykot edib,onlara təzyiq göstərsinlər

Təkfir fitnəsi dünyanı yandırıb yaxan bəladır - Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmalara maddi,siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər.Bu ona görədir ki,dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə, onları da haqlayacağına əmin olsunlar.

Ahlibeyt.az-ın Ayətullah Məkarim Şirazinin rəsmi saytına istinadən məlumatına görə, bunu  "Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi – İslam dünyası alimlərinin məsuliyyəti"  adlı beynəlxalq konfransda Ayətullah Nasir Məkarim Şirazi çıxışı zamanı səsləndirib.

Ayətullah Məkarim Şirazi konfaransda çıxışı zamanı bildirib:

"Bu konfrans siyasi deyil, sırf elmi toplantıdır. İslam dünyası alimlərinin bir araya gəlməsi və dünyanı təkfirçi cərəyanlardan təmizləməsi lazımdır. İslamı zorakı, qatil dini kimi tanıtdıranların bizdən olmadığını isbat etməliyik.

Şiə dünyasının mərcəyi-təqlidi təkfirçi cərəyanların İslam düşmənlərinin əlinə ən pis bəhanələr verdiyini bəyan edərək, bunları xatırladıb:

"İslam peyğəmbəri(s) “aləmlərə dəhşət” nümunəsi olan təkfirçilərin tam əksinə olaraq, aləmlərə rəhmət idi.“Bəqərə” surəsinin 84-cü ayəsində Allah-taala buyurur ki, bütün dünya əhalisi ilə xoş danışaq, onlarla xoş rəftar edək, bizə düşmənçilik edənlər istisnadır.

Məhəmməd Mustafanın(s) gətirdiyi İslamın azğın və qafil təkfirçilərin dediyi “İslam”la tam ziddiyyətli olduğunu və bu ikisi arasında heç bir əlaqənin olmadığını bütün dünyaya elan etmək olar.

Baş kəsmək, qəfəsə salıb yandırmaq və bu işləri görərkən “Allahu Əkbər” şüarı demək, milyonlarla məzlum insanı yurdlarından didərgin salmaq,onları digər dövlətlərə sığınmağa məcbur etmək, məscidləri partlatmaq, İslam şəxsiyyətlərinin qəbirlərini və tarixi əsərləri dağıtmaq, iqtisadi strukturları çökdürmək, İslam ölkələrini məhv etmək üçün yadlardan dəstək almaq, müsəlmanlarla heç bir qarşıdurması, problemi olmayan qeyri-müsəlmanların İraqda, Suriyada və Nigeriyada qətlə yetirilməsi təkfirçi cərəyanların üzə çıxmasının acı nəticələridir.

Qurani-Kərim dəfələrlə təkid edir ki, sizinlə vuruşmayan kəslərlə siz də vuruşmayın, onlara qarşı ədalətlə davranın, çünki Allah ədalət və mərhəməti sevir."

Ayətullah Məkarim Şirazi qeyri-müsəlmanlara təcavüzün yolverilməz olduğunu bəyan edib:

Hətta, müsəlmanlarla vuruşmayan kəslərlə də, sülh müqaviləsi bağlamaq olar. Lakin təkfirçi qruplaşmalar bütün dünyaya bir növ təhlükə hissi aşılayıblar.Bu ona görədir ki,heç bir qanuna,etik və humanist proqrama bağlı deyillər,kiçiyə-böyüyə rəhm göstərmirlər.

Bəziləri təkfirçiləri İslamın əvvəllərindəki Xəvariclərə bənzədirlər, halbuki keçmiş Xəvariclər belə cinayətlərə əl atmırdılar.Onlar bütün bu qətilləri, viran qoymaları və vəhşilikləri həyata keçirmədilər.Qeyri-müsəlman qadınları bazara aparıb satmadılar, “Cihad nigahı” kimi çirkin pozğunluğu ortaya atmadılar, müqəddəs məscid və qəbirləri xaraba qoymadılar.

"İslam alimlərinin vəzifələri əl-ələ verib bu azğın fikirlərin kökünü məntiq və sübut əsasında qurutmaq istiqamətində bir iş görməkdir."

Ayətullah Məkarim Şirazi təkfirçilərin ədavətinin təkcə Əhli-beyt (ə) məktəbinin ardıcılları ilə olmadığını bəyan edərək, aydınlıq gətirib:

Onlar azğın əqidələrini qəbul etməyən bütün İslam təriqətləri ilə müxalifdirlər və onları kafir sayır, qanlarını halal bilirlər.

Vəhhabilərin etiqadına görə müxtəlif bölgələrdəki müsəlmanların hamısı kafir, müşrikdirlər. Elə bir həddə ki, küfürləri qan və mallarının mübah olmasına səbəb olmuşdur. Bu qəbildən olan sözlər Məkkə və Mədinə alimlərinin vasitəsilə canlarını qorumaqdan ötrü qılınc sayəsində imzalandı.

Məhəmməd ibn Əbdülvəhhab vəhhabilik təriqətinə daxil olmayan şəxsi kafir və müşrik bilərək, müsəlman və qeyri-müsəlman da daxil olmaqla bütün dünya əhlinə müharibə elan etdi.

İslam dünyasında təkfir məsələsi o qədər irəli gedib ki, hətta vəziyyəti Avropada inkvizisiyadan da pis edərək, İslam və müsəlmanların heysiyyətinə böyük zərbə vururlar.

Ayələrin təfsirində yanlışlıq, elmi bazanın olmaması, dünya reallıqlarından və Quran ayələrinin mənalarından xəbərsizlik vəhhabi müftiləri tərəfindən qorxunc fətvaların verilməsinə səbəb olan amillərdəndir.

Ayətullah Məkarim Şirazi çıxışında təkfirin qaynağına, tövhid və şirk məsələsində vəhhabilərin böyük səhvinə işarə etdi buyurub:

Quran və sünnə baxımından vəhhabilərin bariz səhvləri onları bütün müsəlmanları təkfir etməyə sürüklədi; onların təsəvvürünə görə peyğəmbərlərə, din böyüklərinə hər növ təvəssül, onlardan hacət diləmək Allah yanında şəfaət diləmək qəsdilə olsa belə, küfr və şirkdir. Hətta küfrün bir neçə mənası olmasından belə qafildirlər.

Təkfirçilər İslamın bu təlimlərindən xəbərsizdilər; şirk, yəni kimisə Allaha tay bilmək, ilahi sifətləri başqaları üçün təsəvvür etməkdir.Amma Allah dostunu Allah dərgahında şəfaətçi qərar vermək və onlardan bir işin həyata keçməsi üçün Allah dərgahında hacətinin dilə gətirilməsini istəmək elə tövhidin özüdür Çünki,hər şey Pərvərdigarın pak zatına qayıdır.

1400 ildir ki, əksər müsəlmanlar peyğəmbərlərin, məsum imamların (ə) pak qəbirlərinin ziyarətinə gedir və onlardan şəfaət diləyirlər. Görəsən, tarix boyu bütün bu müsəlmanlar kafir, qanları da mübahdır?!

Ayətullah Məkarim Şirazi İslam alimlərinin təkfirçi və vəhhabi xurafatları ilə mübarizəsinin vacibliyini bəyan edərək, bildirib:

Bütün müsəlman və qeyri-müsəlmanları İslamın nurani təlimləri ilə tanış etməli, təkfirçilərin cinayət və qantökmələrinin qarşısını almalıyıq.

Bu gün təkfirçilər İslam və bəşəriyyətin mühüm bəlasıdır və hamı onlara qarşı siyasi və hərbi yolun yetərsizliyinə inanır - Odur ki, təkfirçilərin kökünün kəsilməsi üçün elmi, mədəni və mediya fəaliyyətləri həyata keçirilməlidir.

Bilmək lazımdır ki, əgər siyasi və hərbi təşəbbüslər müsəlman alimlərinin səyi ilə yanaşı olmadıqca, təkbaşına nəticə verməyəcək və hər keçən gün bu qruplaşmalara qafil şəxslər qoşulacaq. Buna əsasən, Qumda təşkil olunan ilk “Təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə” konfransın uğurlu təşkilindən sonra konfransın daimi katibliyini təsis etmək qərarına gəldik."

Ayətullah Məkarim Şirazi müraciətin davamında buyurub:

Bu katiblik təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə yönündə İslam dünyası alimləri ilə daimi əlaqələrin qurulması məqsədilə təşkil edilmişdir.

Bütün alimlərin, siyasətçilərin bu katibliyin elmi-mədəni məhsullarından daha çox yararlanacağına ümid edirik.

Ərəbistanın vəhhabi müftilərinə dostluq çərçivəsində tövsiyə edirəm ki, müsəlmanların təkfiri ilə nəticələnən təkfir tipli fikirləri öz dərslik kitablarından silsinlər, ümumiyyətlə, “qiblə əhli”ni təkfir etməkdən çəkinsinlər. Onlara tövsiyəm, hazırda da, elm ocaqlarında mövcud olan təkfirçi təlimləri tez bir zamanda toplayıb, bəyanatlarla təkfiri qınasınlar.

Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmaları maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər.Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə onları da haqlayacağına əmin olsunlar, çünki təkfirçilər heç bir hədd-hüdud tanımırlar.

Xarici ölkə səfirlərindən və mediyalarından konfrans mesajını bütün İslam ölkələrinə, dünyanın bütün nöqtələrinə çatdırmalarını umuram ki, beynəlxalq müstəvidə bundan artıq qətillərin, amansızlıqların və təhlükənin şahidi olmayaq.

O, sonda qeyd edib:

"Bizim təklifimiz, bu təhlükəli fenomenlə elmi-mədəni mübarizə məqsədilə müxtəlif dillərdə televiziya kanalının yaradılmasıdır və İslam ölkələrinin bunda payı olmalıdır. Biz də öz növbəmizdə dəstək verəcəyik ki, təkfirçilərin zahiri aldadıcı və cəlbedici şüarlarının həqiqi mahiyyəti bəlli olsun.

Hazırkı şəraitdə müsəlman təriqətləri arasında hər növ ixtilafa əl atmağı böyük günah bilirəm."

 

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2016  16:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!