إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ə.Həsənov - Yeni yaradılan Beynəlxalq Türk Xəbər Kanalı baş verən hadisələri obyektiv şəkildə işıqlandıracaq

“Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq”.

Ahlibeyt.az-ın məlumata görə, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalandığını söyləyib: “Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib”.

Ə.Həsənov deyib ki, hal-hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: "Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə "Kazakhstan Expo" kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək: "Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan Türkdilli dövlətlərə qarşı араrılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir.

Ə.Həsənovun sözlərinə görə,  Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Turk dünyasınının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər: "Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır".

Prezidentin köməkçisi hesab edir ki, kanal yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əmindir, birgə kanalın yaradılması isə regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2015  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!