إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kürdlər Suriya-Türkiyə sərhədləri boyunca strateji bölgəni İŞİD-dən təmizləyir

Ərbil neftinin Aralıq dənizinə birbaşa çıxışını təmin edəcək əfsanəvi plan reallaşmaq ərəfəsində; bölgədə minlərlə insan savaş qurbanlarına çevrilir

Son 3 gündür Türkiyə-Suriya sərhədlərində insanlıq dramı yaşanır. Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonu ilə üzbəüz sərhədin qarşı tərəfində yerləşən Suriyanın Tel Abyad bölgəsində İŞİD və kürd silahlıları arasında toqquşmaların şiddətlənməsi nəticəsində minlərlə insan nicat üçün Türkiyə sərhədlərinə üz tutub.

Döyüş əməliyyatları artıq Türkiyə sərhədlərinə 1 kilometr məsafəyə yaxınlaşıb. Artıq Tel Abyad şəhərinin kürdlərin əlinə keçdiyi bildirilir.

Ancaq baş verən döyüşlərin ən böyük zərbəsi yenə də dinc insanlara dəyib. Minlərlə insan savaşın ortasında qalaraq nicat yeri olaraq Türkiyəyə qaçıb. Ancaq ilk günlərdə ordu qüvvələri sərhədlərdə təhlükəsizliyi əsas gətirərək sərhəddə bir çox insanları geri qaytarıb. Geri qaytarılanların bir çoxunu sərhədin o tərəfinə gələn İŞİD yaraqlıları təhdid edərək evlərinə dönmələrini tələb ediblər. Ancaq Türkiyə mətbuatının məlumatına görə, İŞİD-in təhdidlərindən sonra əhalinin bir qismi geri qayıtsa da, sərhəddə toplaşanların sayı minlərlə olub. Yalnız bundan sonra Türkiyə Baş Qərargahı sərhəddə yerləşdirilmiş hərbi birləşmələrə sərhəd xəttinə yaxınlaşan İŞİD yaraqlılarına atəş açmaq əmri verib. Eyni zamanda hökumət sərhədə yaxınlaşan suriyalıların ölkə ərazisinə keçidinə icazə verib. Bundan sonra hər gün minlərlə insan sərhədi keçərək Türkiyə ərazisinə daxil olur.

Ehtimal olunur ki, İŞİD-in YPG hücumları qarşısında geri çəkilməsi qruplaşmanı daha da qəddarlaşdıra bilər və bu geriçəkilmə zamanı dinc insanlar zərər görə bilər. Bu səbəbdən də dinc sakinlər savaşın şiddətləndiyi bölgələrdən qaçırlar.

Bu arada məlum olub ki, BMT dünya ölkələrinə çağırış edərək Türkiyəyə sığınan suriyalı qaçqınlar üçün yardım istəyib. BMT baş katibinin sözçüsü Stefane Dujarric Türkiyə və qonşu ölkələr suriyalı qaçqınlarla bağlı ciddi sıxıntılar yaşadığını və bu səbəbdən dünya ölkələrini yardım etməyə çağırdıqlarını deyib. BMT baş katibinin sözçüsü dünya ölkələrinin yardım etməsi və qaçqın qəbul etməsinin lazım olduğunu deyib.

Ancaq bütün bunların fonunda bölgəni araşdıran ekspertlər Suriyanın şimalında güc dəyişikliyinə diqqət çəkir. İŞİD-in bölgədə zəifləməsi və bunun fonunda kürdlərin - YPG silahlılarının daha böyük əraziləri ələ keçirməsi, Kobanidən sonra indi də Tel Abyadı ələ keçirməsini bölgədə hərbi-siyasi vəziyyəti dəyişir. Məsələ burasındadır ki, həm şimali İraqda, həm də Suriyada kürd bölgələrində kürdlər artıq təşəbbüsü ələ alır. Ötən həftə Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri peşmərgənin sözçüsü bəyan edib ki, kürdlər artıq onlara məxsus ərazilərin 95 faizini İŞİD-dən təmizləyib.

Oxşar irəliləyiş Suriyanın şimalında kürd bölgələrində müşahidə olunur. Bir neçə ay davam edən Kobani müqavimətindən YPG-nin Qərb ölkələrinin - ABŞ-ın dəstəyi ilə qalib çıxması bölgədə gücləri kürdlərin xeyrinə dəyişib. İndi isə kürdlər daha da güclənərək Suriyanın Türkiyə ilə sərhəddə daha bir strateji ərazisi olan Tel Abyadı ələ keçirir. Bu hadisə, İŞİD-in bölgədən tamamilə çıxarılması bölgədə kürd suverenliyini gücləndirəcək.

Bölgənin kürdlərin əlinə keçməsi strateji olaraq böyük planların reallaşması mənasına gəlir. Çünki bölgənin kürdlərin əlinə keçməsi Suriyada hakimiyyətin dəyişib-dəyişmədiyindən asılı olmayaraq kürd muxtariyyətinin qəbul olunması olacaq və gücə çevriləcək. Paralel olaraq Şimali İraq kürd neftinin birbaşa kürdlərin nəzarəti altındakı bölgələrdən keçərək Aralıq dənizinə çıxması deməkdir. Artıq neçə ildir ki, İraq kürd muxtariyyəti məhz neft satışı ilə bağlı Türkiyədən asılı durumdadır və neft satışı üçün Bağdadla olmasa da (bu mübahisə illərdir davam edir, hətta bir neçə dəfə müharibə həddinə çatıb - K.) Ankara ilə hesablaşmağa məcbur idi. İndi isə Suriya-Türkiyə sərhədlərində Aralıq dənizinə qədər böyük bir zolaq faktiki olaraq kürdlərin əlinə keçir və qarşıdakı illərdə bu bölgədə legitim status alacaq Suriya kürdləri İraq kürd neftinin Aralıq dənizinə maneəsiz çıxışı üçün əsas koridoru əldə edəcək. Neftin isə Yaxın Şərqdə qüvvələr nisbətinə necə təsir edəcəyini xüsusi izah etməyə gərək yoxdur.

Mənbə - Musavat.com (Kənan)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2015  12:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!