إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Zeynul Abidin(ə)ın mübarək mövlud günüdür

Bu gün müsəlmanların dördüncü imamı Zeynul Abidin(ə)ın mübarək movlud günüdür. Bu əlamətdar gündə başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını İmam Hüseynin(ə) mübarək mövludu münasibəti ilə təbrik edirik

İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

Dördürcü imam İmam Səccad (ə)  hicrətin 38-ci ilində dünyaya gəlmişdir.Atası  Hüseyn ibn Əli(ə),a nası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynül-Abidin və Səccaddır.

Uşaqlıq illərini Mədinədə  keçirmiş, təxminən 2 il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə 10 il əmisi Imam Həsənin (ə) İmamət dövründə yaşamışdır. Hicrətin 50-ci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan atası İmam Hüseyn (ə) ilə 10 il bərabər olmuşdur.

Hicrətin 61-ci ilinin məhərrəm ayında Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin 94-cü ya da 95-ci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

İmam Səccad zamanının 6 əməvi xəlifəsi dövründə yaşamışdır

Yezid ibn Müaviyə (61-64 h.q);
Abdullah ibn Zübeyr (61-73 h.q);
Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
Əbdülməlik ibn Mərvan (65-86 h.q);
Vəlid ibn Əbdülməlik (86-96 h.q).

Təəssüflə qeyd etməliyik ki, müsəlmanların bir hissəsi dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da,düşüncələrdə o Həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır.İmam yalnız Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmışdır.Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir.

İmam Səccadın (ə) İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, uzaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı və alim kimi qələmə vermişlər. "Əl-Fəxri" kitabının müəllifi deyir: "Əbdülməlik ağıllı, düşüncəli alim, fəzilətli ədib, istedadlı, çox zülmkar, çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur".
Əbdülməlik hakimiyyətə  gəlməzdən əvvəl Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı. O, zahidlik, ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki, ona "məscidin göyərçini" ləqəbini vermişdilər. Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: "Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur". Əbdülməlik  Qurandan ayrıldı, qüdrətə yetişməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələrlə yad edirlər.

Süyuti və İbn Əsir yazırlar: "İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.

İmam Səccad (ə) olduqca ağır mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi və moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir, zaman keçdikcə unudulmuş, yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki, İmam Səccad (ə) çox hikmətli yolla moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi məsələləri çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və xəlifənin əleyhinə olduğuna baxmayaraq, xilafətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda "İmamət" məsələsinin həqiqətini açıqlayırdı.

İmam Səccadın (ə) çıxışlarından biri - o Həzrətin Peyğəmbərin (s) müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir.Tarixçilər yekdilliklə qeyd edirlər ki, İmam Səccad (ə) hər cümə günü bu xütbəni buyurarmış. Xütbənin bəzi hissələri belə idi: "Camaat, təqvalı olun və bilin ki, Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin, istər yaxşı, istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah, sənin üçün göndərilmiş Peyğəmbər, itaət etdiyin din, qəbul etdiyin İmam olacaqdır"

İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də fikir və məqsədlərinin çoxunu dua və minacat şəklində camaata çatdırmaq idi. İmam Səccadın (ə) dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır.
Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil.Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Bu dualarda əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur.

Hicri-qəməri tarixi ilə 1353-cü ildə (miladi 1932 ) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi "Səhifeyi-Səccadiyyə"nin bir nüsxəsini özünün həməsri olan, "Təntavi" təfsirinin müəllifi və İsgəndəriyyə müftisinə hədiyyə göndərir. İsgəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: "Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm".

Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu bir çox dillərdə dəfələrlə nəşr edilmiş,ərəb və fars dillərində misilsiz şərhlər yazılmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2017  12:01 Çap

Bu bölmədə


Xəbər lenti













11 Dekabr, 2017  12:00


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com