إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rəcəb 13;14;15 - “Əyyamul-bəyz” və onun əməlləri

Bu axşam 10 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) - “Əyyamul-bəyz”(İşıqlı günlər) adlanan fəzilətli günlər daxil olur.Hədis və rəvayətlərdə bu gecələri ibadətdə keçirməyin əhəmiyyəti xüsusi vurğulanır.

İslam Peyğəmbərindən(s) nəql olunan bir hədisdə buyurulur: “Hər kim Rəcəb ayının ortalarında üç gün oruc tutsa və gecələri ibadətlə keçirsə, “xalis tövbə” ilə dünyadan köçər.”

“Əyyamul-bəyz" 3 gün davam edir – Rəcəbin 13-ü, 14-ü və 15-i.Bu üç günün gecəsində ay bütöv, nurlu və işıqlı olduğu üçün həmin günlərə “işıqlı günlər” adı verilmişdir.

İmam Sadiqdən(ə) nəql olunur: “Kim Rəcəb ayının 13, 14 və 15-ci günlərində oruc tutsa və gecələri ibadətlə keçirsə, Allah-Taala ona hər bir gün üçün bir il oruc və ibadətin savabını yazar, qiyamət günü cəhənnəm odundan xilas olanların cərgəsində yer verər.” (“Misbahul-mutəhəccid” Şeyx Tusi 2/820)

Hər üç gündə oruc tutmaq, qüsl almaq və sədəqə vermək tövsiyə olunur.

“Əyyamul-bəyz” birinci gecəsi(Rəcəbin 13-ü) iki rükət namaz qılmaq tövsiyə olunur:

Hər rükətdə “Fatihə”dən sonra “Ya sin” və “Mulk” surələri oxunmalıdır.“Əyyamul-bəyz”in ikinci gecəsi eyni qaydada dörd rükət (iki rükətli iki namaz), üçüncü gecəsi isə eyni tərzdə 6 rükətli (iki rükətli 3 namaz) qılmaq yaxşıdır.

İmam Sadiq(ə) buyurur ki, hər kim "Əyyamul bəyz"-ə əməl edərsə bütün bu ayı dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar. Bu günləri oruc tutmaq da bəyənilir.

Rəcəb ayının 13-ü Hz.Əlinin(ə) mübarək mövlud günüdürdur. Həmin gün İmamı(ə) ziyarət etmək, ona hədiyyə namazı qılmaq bəyənilən əməllərdəndir.

On beşinci gecə və on beşinci gün:

- Qüsl almaq

- Əhya saxlamaq

- İmam Hüseynin(ə) ziyarətnaməsini oxumaq,

- Salman Farsinin namazını qılmaq,

- Ummu Davud əməlini yerinə yetirmək müstəhəbdir.

Salman Farsinin namazı: bu namaz on rükətdir (5 iki rikətli namaz şəklində qılınır). Hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surələri oxunsun və hər salamdan sonra əllər göyə qaldırılıb deyilsin:

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir.

“Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.”

Sonra deyilsin:

Əllahummə la maniə lima ə`təytə, və la mu`tiə lima mənə`tə, və la yənfəu zəl-cəddi minkəl cədd.

“İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!”

Sonra əllər üzə çəkilsin.

Qeyd edək ki,bu günlərin əməllərini və Ummu Davud namazını qılmaq istəyənlər Şeyx Abbas Quminin Məfatehul-Cinan kitabına müraciət edə bilərlər.

Xatırladaq ki, Rəcəb ayının 13-ü həzrət Əlinin (ə) mövlud, 15-i isə xanım Zeynəbin (s) vəfat günüdür.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2017  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!