إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İslam dünyası müqəddəs “Məbəs” bayramını qeyd edir

Məbəs bayramı

Bu gün qəməri təqvimi ilə Rəcəb ayının 27-si mübarək - "MƏBƏS" bayramıdır.

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.(Ali İmran, 164)

Rəcəb ayının 27-si İslamda müqəddəs bir gündür. Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.

Başqa sözlə desək, “Məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur.

Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah  insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu.

Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” (“Nəhcul-Bəlağə”) Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü.

Mütəal Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı. Rəhmət Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). “Ənbiya” surəsinin 107-ci ayəsində Allah-Təala öz Peyğəmbərinə “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” buyurur.

Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs edilmişdir.  Lakin, İslam Peyğəmbərinin həyatına və Quranın ayələrinə diqqət etdikdə görür ki, Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını istəmirdi. Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi.

Qurani-Kərim Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur: “(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə, 128)” Həzrət Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Ancaq Allah yolunda qəzəblənərdi. “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...”(Fəth 29)

O Həzrətin(s) rəftarı haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s) nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.

Allah-Təala İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir və qiyamət gününə qədər diri qalacaqdır.

BAYRAMINIZ MÜBARƏK

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2024  08:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!