إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ sədri Hindistanda keçirilən G20 dinlərarası forumda iştirak edib

Sentyabrın 5-6-da Hindistanın Pune şəhərində “Böyük İyirmiliy”in (G20) Dinlərarası forumu keçirilib.

Ahlibeyt.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Forumda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil ediblər.

Şeyxülislam Allahşükür Paşazadə forumun açılış plenar iclasında çıxış edib. Pune Forumunun iştirakçılarına Prezident İlham Əliyevin salamlarını və Azərbaycan xalqının xeyir-dualarını çatdıran Şeyxülislam Forumun münaqişələrə, terrorizmə, zorakılığa, irqi və dini ayrı-seçkiliyə son qoymağa çağırması, sülhü və əmin-amanlığı tərənnüm etməsi, bəşəri narahat edən qlobal ekoloji problemlərə diqqət ayırmasını təqdirəlayiq hal olaraq qiymətləndirib:

“Müqəddəs Qurani-Kərimdə buyurulur ki: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin” (Əraf, 56). Bugünkü Forumun əsas mövzuları olan iqlim dəyişikliyi, ekosistemin pozulması, qida və su çatışmazlığı, müharibələr və nüvə təhdidi hər gün bəşəriyyəti, özəlliklə gələcəyimiz olan uşaqların təbii insani hüquqlarını təhdid edir. Eyni zamanda, insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları müasir texnologiyalar və sosial media vasitəsilə bütün dünyada geniş şəbəkəli sistem olaraq, qlobal miqyasda müxtəlif ölkələrdə hərbi və soyqırımı cinayətlərinə sövq edir.

Biz müharibə dəhşətlərini və fəlakətlərini yaşamışıq. 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşərək beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdi. Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq.

Qürur hissi ilə deyə bilərəm ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq mədəniyyətlər arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, ibadət və ayinlərini sərbəst şəkildə icra edirlər. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramın göstəricisidir”, - deyə QMİ sədri vurğulayıb.

Forum əsnasında Şeyxülislam Allahşükür Paşazadə yerli və xarici dini liderlər və ictimai xadimlərlə, o cümlədən G20 dinlərarası forumun prezidenti Kol Durham, Amrita Vişva Vidyapitam dini təşkilatının ruhani lideri Svami Amritasvarupananda Puri, Vahid Qlobal Forumun sədri və Hindistan Milli Konqresinin milli katibi Dalbir Sinqx, Vasai Arxiyepiskopu Feliks Maçado və Pune Ümumdünya Sülh Universitetinin təsisçisi, professor Vişvanat Karad ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə qarşı tərəflərə Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış, mənşəyi dəyişdirilmiş tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilib.


Dini liderlər qlobal proseslərdə din amilinin rolunun artmasını nəzərə alaraq gələn il Braziliyada təşkil olunacaq Forumda bu mövzuların daha geniş və dərindən müzakirə olunmasını qərarlaşdırıblar.

Forum öz işini sentyabrın 7-də başa vurub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2023  12:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!