إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Müqəddəs məkanlarda davamlı turizmin inkişafı” adlı Türküstan Bəyannaməsi qəbul edilib.

Qazaxıstanın Türküstan şəhərində “Abidələri qoruyan xalq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, konfrans Türküstan vilayət akimatlığının, Qazaxıstanın UNESCO və İSESCO üzrə Milli Komissiyasının, Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazaxıstan-Türkiyə Universitetinin, “Həzrət Sultan” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə 400-dən çox qonaq, o cümlədən 20 ölkədən ümumdünya irsinin qorunmasını öyrənən 60-dan çox mütəxəssis və Xoca Əhməd Yəsəvinin irsini araşdıran alimlər iştirak ediblər.

Konfransın açılış mərasimində UNESCO-nun Almatıdakı Klaster Bürosunun direktor əvəzi Maqnus Maqnusson, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türküstan vilayətinin akimi Darhan Satıbaldı, IRCICA-nın baş direktoru professor Mahmud Erol Kılıç, Beynəlxalq Türk Akademiyasının prezident əvəzi Füzuli Məcidli, Özbəkistanın turizm və mədəni irs nazirinin müşaviri Temur Mirzayev, Qazaxıstan Prezidenti Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Bolat Tilepov, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites) üzvü Ceyms Ripi iştirak ediblər.

Toplantı müqəddəs və tarixi obyektlərin mühafizəsi, tarixi və mədəniyyət abidələri ilə maraqlanan turistlərin sayının artırılması, tarix-mədəniyyət obyektlərinin müasir menecmenti və Xoca Əhməd Yəsəvi irsinin populyarlaşdırılması mövzularına həsr olunub.

Açılış mərasimindən sonra konfrans öz işini sessiyalarla davam etdirib. Beynəlxalq Türk Akademiyasının prezident əvəzi Füzuli Məcidli konfransın “Müqəddəs yerlərdə və ziyarət marşrutlarında turizmin inkişaf xüsusiyyətləri” mövzusunda panel iclasında məruzə ilə çıxış edib. İclasda UNESCO-nun Almatıdakı Klaster Bürosunun direktor əvəzi Maqnus Maqnussonun moderatorluğu ilə keçirilən sessiyada Özbəkistanın turizm və mədəni irs nazirinin müşaviri Temur Mirzayev, Türküstan vilayəti Turizm İdarəsinin rəisi Gülmira Axberdiyeva və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov da iştirak ediblər.

Füzuli Məcidli “Türk dünyasının müqəddəs yerləri: birlik meyarları” adlı məruzəsində bildirib ki, Türküstanda irəli sürülən təşəbbüs Türk Dünyasında turizmin möhkəmlənməsinə təkan verəcək, bununla da türk xalqları bir-birini daha yaxşı tanıyacaq, öz müqəddəs yerlərini görmək və əhəmiyyətini anlamaq imkanı əldə edəcəklər. “Bu kontekstdə Beynəlxalq Türk Akademiyasının missiyası dünya ictimaiyyətini türk sivilizasiyasının dəyərləri ilə tanış etməkdən ibarətdir. Akademiya mühüm əhəmiyyətli layihələr həyata keçirir ki, bunlar da türk xalqlarının bir-birini daha yaxşı tanımasına və müqəddəs yerləri öyrənməsinə yol açır” – deyə o qeyd edib.

Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə elmi-arxeoloji ekspedisiyası tərəfindən Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində aşkarlanan Kültegin və Bilgə Xaqanın atası, Türk Xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın külliyyəsinin təqdimat mərasimi və fotosərgi də keçirilib. Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasının Monqolustandakı fəaliyyəti və Nomqon düzənliyində tapılan tarixi kompleks barədə məlumat verib.

UNESCO-nun Almatıdakı Klaster Bürosunun direktor əvəzi Maqnus Maqnusson, IRCICA-nın baş direktoru professor Mahmud Erol Kılıç və konfransın digər fəxri qonaqları fotosərgiyə böyük maraq göstəriblər.

Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezident əvəzi Füzuli Məcidli TÜRKSOY-un baş katibi Sultan Rayev ilə görüşüb. Görüşdə tərəflər Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un hazırkı fəaliyyəti barədə bir-birini məlumatlandırıb, birgə layihələr həyata keçirməklə bağlı fikir mübadiləsi aparıblar.

Sultan Rayev Beynəlxalq Türk Akademiyasının Türk Dünyasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirib.

Qeyd edək ki, üç gün davam edən konfransın sonunda “Müqəddəs məkanlarda davamlı turizmin inkişafı” adlı Türküstan Bəyannaməsi qəbul edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!