إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nazir: Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb

10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir.

Ahlibeyt.az-ın XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, bu fikirləri Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində geniş çıxışı zamanı bildirib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.

Azərbaycan dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib və bu məqsədlə öz milli nümayəndə heyətini yaradıb.

Eyni zamanda Azərbaycan, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərmişdir.

Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.

10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.

Ermənistan bir sıra siyasi və hərbi təxribatlardan sonra, xüsusən də iki ölkə liderlərinin dördüncü Brüssel görüşündən sonra sentyabrın 12-dən 13-nə keçən gecə şərti dövlət sərhədi xətti boyunca gecə vaxtı və mürəkkəb relyefdən istifadə edərək Azərbaycanın hərbi mövqeləri arasındakı yollarda mina yerləşdirərək növbəti irimiqyaslı hərbi təxribata əl atıb.

Daha sonra Ermənistan müxtəlif çaplı silahlardan istifadə edərək Azərbaycan mövqelərini atəşə tutmuşdur ki, bu da Azərbaycan hərbi qulluqçuları arasında itkilərə səbəb olmuş, hərbi infrastrukturuna xeyli ziyan vurmuşdur.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükənin neytrallaşdırılması, şəxsi heyətin, eləcə də ərazidə yenidənqurma işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlər həyata keçirib. Azərbaycan silahlı qüvvələri son dərəcə təmkin və peşəkarlıq nümayiş etdirərək, Azərbaycan mövqelərinə hücumların qarşısını almaq üçün yalnız Ermənistanın atəş nöqtələrini yüksək dəqiqlikli silahlarla hədəfə alıb.

Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır.

Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib.

Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir.

Gərginlikdən sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur və bu kontekstdə birtərəfli qaydada həlak olmuş hərbi qulluqçuların qalıqlarını Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bununla bağlı BQXK-nı məlumatlandırıb.

Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Əslində, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib.

Bundan əlavə, son gərginlik Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunəyə çox uyğun gəlir. Ermənistan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji ciddi təxribata əl atırdı.

Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır. Əvəzində Ermənistan mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə regionda proqnozlaşdırıla bilən sabit vəziyyət yaratmaq üçün davam edən normallaşma prosesinə konstruktiv şəkildə qoşulmalıdır.

Bu kontekstdə Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il avqustun 31-də Brüsseldə Aİ Şurasının sədri ilə keçirilən dördüncü görüşündə əldə olunan razılığa əsasən, Azərbaycan təxirə salmadan Ermənistana sülh müqaviləsi üzrə praktiki işə başlamağa hazır olduğunu bir daha bəyan edib. Görüşdən dərhal sonra biz Ermənistana belə danışıqlar üçün konkret tarix və məkan təklif etdik.

İki gün əvvəl biz Ermənistan Baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Azərbaycanda biz hesab edirik ki, regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır, beləliklə, nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq.

Zati-aliləri,

Ərazilərini uzunmüddətli xarici hərbi işğaldan azad edən Azərbaycan onların mümkün olan ən yüksək standartlara uyğun olaraq tam şəkildə yenidən qurulması və yenidən inteqrasiyası istiqamətində səylərini əsirgəməməkdə əzmlidir. Eyni zamanda, ölkəmiz istər qlobal enerji təhlükəsizliyinə töhfə vermək, COVİD-19 pandemiyasına qarşı mübarizəyə kömək etmək, istərsə də davamlı inkişafı təşviq etmək olsun, bütün müvafiq sahələrdə beynəlxalq birliyin məsul üzvü rolunu oynamağa davam edəcək. Biz inanırıq ki, qloballaşan dünyada heç bir ölkə ada deyil və biz buna uyğun hərəkət edirik.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2022  09:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!