إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT TŞ-da Bakı və İrəvan sərhəddə vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağırılıb

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclası keçirilib.

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, iclasda BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Ermənistanın BMT yanında Daimi Nümayəndəsi Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin, o cümlədən Çin, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və sair dövlətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat qrupları qaranlıq vaxtda dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təchizat yollarının minalanmasını həyata keçirib.

Y.Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın təxribatlarına cavab olaraq “adekvat və proporsional tədbirlər” görüb.

Daimi nümayəndə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayıb.

"Amma təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin bəyanatları həm onların münasibətlər qurmaq istəmədiyini göstərir, həm də Ermənistanın öhdəliklərini yerinə yetirməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz edən və bu ölkənin ərazisini 30 ildir işğal edən Ermənistan indi uzun illərdir ki, özünün pozduğu norma və prinsiplərdən danışır”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.

Səfir Ermənistanın BMT-dəki daimi nümayəndəsinin çıxışı zamanı səsləndirilən ittihamların, əsassız və böhtan xarakterli olduğunu qeyd edib: "Standart uydurmalar, təhriflər və aldatmalarla dolu bu bəyanatlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığı təşviq etməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir".

Otuz il Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın beynəlxalq hüquqdan danışmasını tamamilə təzadlı adlandıran daimi nümayəndə Ermənistanın Azərbaycanın ərazilərinə qondarma adlar verməklə ərazi iddiaları ilə çıxış etməkdən çəkinməli olduğunu bildirib :

"Ermənistanın hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, regionda sülh və sabitliyə səmimi sadiq olmaması faktı onun Azərbaycanda köhnəlmiş və ya uydurma yer adlarından davamlı istifadə etməsi ilə sübut olunur. Ermənistan nümayəndəsinin bəyanatında heç bir tarixi və hüquqi əsası olmayan belə adlara istinadlar onun hökumətinin Azərbaycana qarşı davam edən ərazi iddialarının və ölkəmin suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar etinasızlığının sübutudur".

Bundan başqa, səfir Azərbaycanın guya Ermənistandakı mülki obyektləri hədəfə aldığı barədə iddiaların yalan olduğunu söyləyib və məhz Ermənistanın 2020-ci ildə Azərbaycanın Gəncə və Bərdə şəhərlərindəki mülki binaları iri çaplı silahlardan atəşə tutduğunu vurğulayıb.

Y.Əliyev əlavə edib ki, Ermənistana qarşı hər zaman humanizm nümayiş etdirən Azərbaycan dövləti cinayət məsuliyyətinə cəlb edərək mühakimə etdiyi bir neçə erməni hərbi qulluqçunu qarşı tərəfə təhvil verib.

İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb.

İclasda çıxış edən ölkələrin nümayəndələri qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2022  10:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!