إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Haqqı tanıma bəndənin ibadətinin ən üstün qəbul dərəcəsidir

"Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Hər kim Məni çağırarsa onun duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər ”. (Bəqərə - 186)

İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz.

Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır.

Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.

Zəlil bir bəndənin öz əziz Məbudu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!

Avam dilində duanı "bəndənin tələbi və istəyi” kimi təfsir edirlər. Lakin duanın həqiqi mənası belədir: "Aşiq bəndə tərəfindən məhbubun çağırılması, onun məşuq ilə xəlvətdə qalması və onun haqq axtaran ariflər məqamı ilə sirdaşlıq və qonşuluq etməsi”.

Zəlil və alçalmış bəndə öz günahla dolu qəlb evini paklıq və yaxşılıqlardan uzaq gördükdə dost və məşuqun məclisinə qovuşmaq üçün daha yaxın bir yol axtarır. O hansı xəlvət guşədə öz məbudunu tapa bilər? O heyrət içindədir. Bu an nida olunur: "..Şübhəsiz, Mənəm yaxın...” (Bəqərə - 186).

Həqiqətən də, Onunla yoldaşlıqda heç bir fasilə yoxdur: "Biz ona şah damarından da yaxınıq.” ("Qaf” surəsi, ayə 16)

Bəndə belə bir halla haqqa yaxınlığa çataraq Onun məclisinə bir addım yaxınlaşarsa, bu an Məbud onu sevər və bu bəndə haqqın məhbubu olar; nida gələr: "...Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər...” (Bəqərə - 186)

Ümid edirik ki, biz də dua məclisinə qovuşmuş ariflərdən olaq və haqqın hüzurunda Onun zatından başqasını istəməyək. Haqqı tanıma bəndənin ibadətinin ən üstün qəbul dərəcəsidir.

"Rəbbin dərgahında" Ustad Misbah Yəzdi

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2022  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!