إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrət Zəhranın(s.ə) kəlamında Sileyi-Rəhm - Qohumlarla əlaqənin hikməti

Xanımlar xanımı, hər iki dünyanın şahzadəsi Həzrət Fatimə Zəhranın (s) nurlu və hikmətli kəlamlarından birində bəzi İlahi hökmlərin və dini ədəblərin fəlsəfəsinə işarə edilmişdir. Bu mübarək hədisdə "qohumları yoxlamağın və yaxınlarla əlaqələri gücləndirməyin hikməti barədə belə buyurur:

«... و صلة الارحام منسأة للعمر و منماة للعدد، ...».

Allah- Taala "sileyi-rəhm"i (qohumları və yaxınları yoxlamaq və onlarla əlaqələri möhkəmləndirmək) vacib etmişdir ki, insanların ömürləri uzun olsun və birlikdə (sayları çoxalması baxımından maddi və mənəvi ) inkişaf etsinlər...". Əhməd ibn Əbdül-Əziz Cövhəri Bəsri (vf.323 hq), "Əs-Səqifətu vəl-Fədək", s.139; Şeyx Səduq, "Mən la yəhzuruhul-fəqih", c3, s.568, hədis: 4940.

Qohumları və yaxınlara baş çəkmək Quran-Kərimin (Nisa/1; Ənfal/75; Əhzab/6; Bəqərə/27; Rəəd/21 və 25.) və onlarla müxtəlif sahələrdə əlaqələri möhkəmləndirmək və məsumların təkidli tövsiyələrindəndir (Şeyx Kuleyni, "əl-Kafi, c.2, s.150, babu silətur-rəhim, hədis: 1, 2, 3... – 23).

Həzrət Zəhra (s) da bu hədisdə "sileyi-rəhm"in hikmətlərinə işarə edir və bu işi ömürün uzanması və qohumların sayının çoxalması və hərtərəfli inkişafları üçün faydalı olduğunu vurğulayır.

Qohumluq əlaqəsi ən möhkəm rabitə və əlaqədir. Bu əlaqələri gücləndirmək və qoruyub saxlamaq qohumların həmişə və vaxtında bir- birinin halından xəbər tutmağa səbəb olur, vaxtında bir-birinin problemlərindən xəbər tutur,onların həllində birlikdə səy edir, bir-birinin qəmində və şadlığında şərik olurlar.

İslami hədis qaynaqlarında rəvayət olunan çoxsaylı hədislərə görə (Şeyx Kuleyni, "əl-Kafi, c.2, s.150, babu silətur-rəhim, hədis: 1, 2, 3... – 23.), qohumluq əlaqələrini möhkəmləndirmək və qohumları yoxlamaq ömürü uzun və bərəkətli edir, ruzini çoxaldır, sərvətə bərəkət verir, bəlaları uzaqlaşdırır, günahları bağışlandırır, Qiyamət hesabını yüngülləşdirir və Allahın razılığını cəlb edir.

Əlbəttə "Sileyi-rəhim" dedikdə də təkcə qohumların evinə get-gəl etmək və əhval soruşmaq nəzərdə tutulmur. Salam vermək və kef-əhval tutmaq bunun ən aşağı dərəcəsidir və hamı ən azından buna əməl etməlidir. Əslində isə bu gediş-gəlişə buna görə təkid edilir ki, qohumların bir-birinin vəziyyətindən xəbərdar olsunlar, bir-birinin qəm və şadlığına şərik olsunlar və yaranmış çətinliklərin həllində bir-birilərinə kömək etsinlər.

İslam mədəniyyəti insanları bu gözəl işə dəvət edərək qohumlar arasında əlaqələri sıxlaşdırmaq və yaxşılaşdırmaq istəyir. Çünki hər bir cəmiyyət ailələr və qohumlar təşkil olunmuşdur. Qohumların bir-biri ilə yaxşı münasibətləri nəticədə cəmiyyətin də bir-biri ilə yaxşı münasibətlərinə gətirib çıxardır və sağlam və bir-birinin problemlərini həll edən böyük cəmiyyətlər yaranır.

Əgər ailədə və qohumlar arasında bu əlaqələr süstləşərsə, acı nəticəsi cəmiyyətdə də özünü göstərəcəkdir. İnsanlar bir-birindən uzaqlaşacaq, birlik və vəhdət pozulacaq, imkansızlara ürəkyandıran və baxan olmayacaqdır. Fərdlər və ailələr yaranmış problemlərin həllində çətinliklərlə üzləşəcək və cəmiyyətin ümumi saflaığı və səmimiyyəti aradan gedəcəkdir.

Buna görə Həzrət Zəhra (s) da "Fədək" xütbəsində Peyğəmbərdən (s) sonra yaranmış mənfi atmosferdə insanları qohumluq əlaqələrini möhkəmləndirməyə çağırır və işarə edir ki, bu işin sizin ömürünüzü uzun edəcək və bütün sahələrdə inkişafınıza səbəb olacaqdır.

Mənbə: İlahiyyatçı araşdırmaçı Mirməhəmməd Bəşir(Teleqram bloqu)


 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2018  15:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!