إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: Əsrlər keçdikcə Kərbəlanın nə dərəcədə gələcəyə hesablanmış bir addım olduğu üzə çıxır

İstənilən fikrin yaşamasının ən önəmli şərtlərindən biri o fikrin gözəl üslubda ifadə olunmasıdır. Düşüncənin və ya hər hansı işin təkcə rasional (ağlabatan) olması kifayət etmir, onu ən effəktiv vasitələrlə çatdırmaq da önəmlidir.

Gözəl fikir gözəl şəkildə ifadə olunmalıdır. Sənət bu zərurətdən yaranır. Sənət- düşüncənin gözəl şəkildə ifadə tərzidir, ən azı cəhdidir.

İstənilən düşüncənin, əsərin, ümumiyyətlə atılan addımın doğruluğu onu alqışlayanların sayının çoxluğu ilə ölçülmür. İnsanlar hər hansı bir fikri, əməli rəğbətlə qarşılaya bilər, amma əməl məntiqə uyğun deyilsə və ya zövqlə edilmirsə, zamanla mütləq sıradan çıxacaq.

Bu səbəbdən ictimai fəaliyyətlə məşğul olan insanlar qısamüddətli uğurların əsiri olmamalıdırlar. Baxışın sayı, laykların çoxluğu heç də ortaya qoyulan işin keyfiyyət ölçüsü sayıla bilməz.

Peyğəmbərlərin hamısı öz zamanlarında məsxərə olunub, Qurani- kərim bunu açıq şəkildə bəyan edir. Məsxərə, cahil insanların anlamadıqları bir addıma instinktiv reaksiyasıdır, eyni zamanda, tarix boyu həqiqətə qarşı seçilən mübarizə metodudur.

Hədislərdə qeyd olunur ki, Nuh peyğəmbər gəmi düzəldərkən, qövmü onu ələ salıb, deyirdi: Ey Nuh, peyğəmbərliyin baş tutmadı, dülgərliklə məşğul olursan?"

Həmin qövm ancaq bu günü gördüyündən, həzrət Nuhun gələcəyə hesablanan addımını anlamaq gücündə deyildi.

İmam Hüseynin də addımına eyni şəkildə reaksiya verirdilər. İmamın məqsədi isə, düşüncələrini, yolunu yaşadığı cəmiyyətə qəbul etdirmək deyil, məramının yaşaması, gələcək nəsillərə çatdırılması idi. Əsrlər keçdikcə Kərbəlanın nə dərəcədə gələcəyə hesablanmış bir addım olduğu üzə çıxır.

Təbliğlə məşğul olan yaradıcı insanlar addımlarının yalnız öz zamanlarında qəbul edilməsi üçün yox, bu addımlarln yaşaması, gələcəkdə başa düşülməsi üçün çalışmalıdırlar. Çünki bəzən baxış bucaqları köklü şəkildə fəqləndiyindən insanın nəsə danışıb izah etməyə sadəcə hövsələsi çatmır. İmam Hüseyn(ə) ona ünvanlanan suallara " Allah məni şəhid görmək istəyir" deyə cavab verirdi.

P. S. Burada söhbət adi insanların məsumlarla müqayisəsindən yox, məsumların sirəsindən gedir.

Hacı Şahin Həsənli


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2019  11:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!