|
• Mənəviyyat • Mənəviyyat“Sevgi üçün özünü qorumaq, eşqbazlıqdır Ramazan”Qəribə aramlığı, sevinci var bu ayın. İnsanın vücudu ilə duyduğu aramlığa heç zahiri məhrumiyyətlər belə ağırlıq qata bilmir. Əksinə, bu "olmazlar"ın altından nə qədər imkanlar çıxır! Nə qədər nemətə malik olduğumuzu anlamaq, həyatı pozitiv rəngdə görmək üçün məhrumiyyətləri hiss etməliyik. Yoxsulluq dərdini hiss etməliyik ki, yardımlaşmanın şirinliyini dərk edək. Maddiyyata "yox" deməliyik ki, ruhumuzla həmsöhbət ola bilək. Heç demə nə təbiətin şıltaqlığı, nə mədəniyyətin səs-küyü bizə hakim olmadan, sadəcə özümüz olaraq yaşamağın dadıdır Ramazan. Bəli, Ramazan ayının sərt görsənən bir neçə qadağası var. Amma insanı sonsuz qanun-qaydalar dolanbacından çıxarmaq müqabilində bu bir neçə qadağa nədir ki? Axı görünür ki, bu qadağalar nədənsə məhrum etmək üçün deyil, bəxş etmək üçündür. İnsan özünü necə bir çətinliyə salıb, yaşamaq üçün neçə-neçə rollar ifadə etməyə məcbur qalıb! Nələr təcrübə etməyib insan, özü olmaqdan başqa! Həmin ÖZ üzərinə qat-qat yığılan kimliklərin, statusların, rolların əlindən qurtulmağın ləzzətidir Ramazan. İnsan çox şeymi istəyir? Onun istədiyi sadəcə xoşbəxt yaşamaqdır. Təbiətdən doğan istəklər onu parçalayırsa, süni qayda-qanunlar - əlavə qəliblərə salır. Həyat çaşqınlığın, anlaşılmazlığın, çətinliyin sinoniminə çevirilib artıq. İnsan çox ləzzətli bir həyatın çox sadə bir fəlsəfəsinə ehtiyaclıdır. Quran necə də gözəl səsləşir insanın bu istəyi ilə: Yuxarıdakı ayənin orijinalındakı "təqva" sözünü ənənəvi olaraq Allahdan çəkinmək və qorxmaq kimi tərcümə edirlər. Halbuki təqva neqativ deyil, pozitiv hərəkətdir. Allahdan çəkinmək yox, Allah üçün çəkinməkdir. Eyni ifadədən oruc ayəsində də istifadə olunur: oruc tutun ki, Allah üçün qorunasız. Bu bir aşiqin məşuqu üçün özünü qorumasıdır. Naməhrəmlərə baxmaqdan qorunmaq yox, məşuqa baxaraq qorunmaq. Arxaya baxa-baxa, qarşını görmədən, qorxa-qorxa qaçmaq yox, irəliyə baxa-baxa, sevə-sevə qaçmaqdır. Hamı nöqsanları və çatışmazlıqları görə bilər, hamı tənqid edə bilər. Amma gözəlliyi görüb onun zövqünü çıxarmaq, ətrafa məhəbbət saçmaq yalnız aşiqlərə məxsusdur. Sevgi üçün özünü qorumaq, eşqbazlıqdır Ramazan. Ramazan bütün deyilənləri ehtiva edən bir modeldir. Yaşam modeli. Alışdığımız yaşayışın qayda-qanunlarına tam zidd, yaxından-uzaqdan onunla əlaqəsi olmayan bir həyat modeli. Ən başlıcası burada insan özüdür və özü olmaqdan da həzz alır. Elə bu səbəbdən insan diqqətini ətrafdan daxilinə yönəldir. Kənarda kimlər nə deyəcək, nə düşünəcək onu maraqlandırmır deyə, münaqişələrə də yer yoxdur. Maddiyyat mənəviyyatın kölgəsində dəyərli olur deyə, insan mənəvi imkanlarını genişləndirməyə çalışır. Nəticədə bölüşmək həyat tərzinə çevrilir, eqoizm məhəbbətin hərarətindən əriyir. İnsanlar fədakarlıq müsabiqəsinə çıxır, çünki yeni imkanlar bununla yaranır. Nəhayət, insan daim irəliyə baxır, əminliklə hərəkət edir. Bütün bu deyilənləri iftarın, əhyanın, Quran oxumağın, sədəqə və zəkat verməyin, birlikdə dua etməyin, bağışlamağın ləzzətini dadanlar təsdiqləyər. Odur ki, insanlığın axtardığı və gözlədiyi bir həyat modelidir Ramazan. Dünyanın Ramazana qərq olacağı ümidi ilə, həyatımızın növbəti Ramazanını qarşılayırıq... Hacı Şahin Həsənli Mənbə: Qafqazinfo.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2019 16:48 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |