|
• Mənəviyyat • MənəviyyatAllah-Taala duaları qəbul edəcəyinə zəmanət verir - Kumeyl duasının şərhiBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Dua oxuyan şəxs duanın bu hissəsini oxuyarkən, ayə və rəvayətlərin yardımı ilə bəsirət gözünü açaraq iki həqiqəti müşahidə etməlidir: əvvəla, mehriban Allahdan savayı mütləq malik, feyz mənbəyi, bağışlayan, ehtiyacsız və qəni yoxdur; ikincisi, insanın və digər mövcudların vücudu fəqirlik və ehtiyacdan başqa bir şey deyildir. Qəni və ehtiyacsız olduğu halda varlıq aləmini ərsəyə gətirən, hər bir mövcudun ehtiyacını ödəyən Allahdır. Heç bir mövcudda Onunla qarşılaşmaq gücü yoxdur və hamı zatən Onun qüdrətinə təslimdir. Kainatı bir «ol» kəlməsi ilə yaradan və «olma» kəlməsi ilə də aradan götürə biləcək varlıq Odur. Əgər O, ehtiyacsız və hamı Onun rəhmətinə möhtacdırsa, nə üçün varlıq aləmini bu rəhmətə bürüməməlidir?! İnsan hansı əsasla Onun rəhmətindən ümidsiz olmalıdır?! O, Xaliq, Rəzzaq, Müsəvvir, Vədud, Rəhim, Kərim, Ğəfur, dirildən və öldürəndir. Onun heç bir işdə şəriki yoxdur və heç bir yaranmış bir an olsun belə, Ondan ehtiyacsız deyil. O, bütün dünya əhlinin maliki, bütün mövcudların tərbiyəçisidir. Dünya malına başı qatılıb Ona möhtaclığını hiss etməyənlər var. Amma bu hisslər şeytani bir haldır və bu qəflət ağacının meyvələri çox acı olasıdır. Bu bəsirət gözü kor olan qafillər Allah hüzurunda durub, ehtiyaclarını izhar etməkdən məhrumdurlar. Bu zərəri ödəmək mümkünsüzdür. Bu insanlar səhradakı heyvanlar tək yalnız maddi ehtiyaclar ardınca qaçır və ilahi fəzilətlərdən məhrum olurlar. Qurani-Kərim o mütləq qəni, nəhayətsiz feyz sahibi, bütün kamal sifətlərinin toplandığı zat haqqında buyurur: «Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir».(«Ali-İmran» surəsi, ayə 189.) «Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır».(«Maidə» surəsi, ayə 18.) «Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də öldürən də Odur. O hər şeyə qadirdir».(«Hədid» surəsi, ayə 2) «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayan və rəhm edəndir».(«Fəth» surəsi, ayə 14.) «Fatir» surəsinin 15-ci ayəsində insan haqqında buyurulur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə tərifə layiqdir. Doğrudan da, insanın bütün vücudu ehtiyacdan ibarətdir. Yaranmaqda, yaşamaqda, xeyir qazanmaqda və zərəri dəf etməkdə onun nə qüdrəti vardır?! İnsanı yaradan, yaşadan, onu xeyrinə çatdırıb zərərdən uzaqlaşdıran şəxs qadir olan Allahdır. Bir belə ehtiyacı olan insan nə üçün xalis qəlblə, cümə axşamı Allahın dərgahına üz tutub fəryad etməməlidir ki: «Allahummə və əsəlukə sualə məniştəddət faqətuhu». İnsan üçün ən gözəl və ən faydalı hal dua halıdır. İnsan zatən fəqir olduğunu anlayıb, Allaha əl açmalı, qəlbən nalə çəkib öz məhbubunu çağırmalıdır. Bir qəlbdə O varsa, qəmə nə hacət, O kəs ağlasın ki, etməz itaət. Əlbət, sənsiz könül zülmətə məhkum, Körpə nalə çəkər olmasa qəyyum. Biganədir Səni uzaqda görən, Ağlamaz üzünü Sənə döndərən. Sözsüz, divanədir eşqdən xəbərsiz, Aşiqə divanə söyləmə yersiz. Böyüklər mərifət sahibi olmuş, Arif olmayana kiçiklik qalmış. Sədəf gərəklidir qiymətli dürrə Daşda nə hal var ki, sədəfə girə. Onu görən könül eşqini dadır, Görməyən könülsə özün aldadır. Səni canan bilən uymaz özgəyə Aşiq olan girməz boş bütxanəyə. «Yusif» surəsini oxusan əgər, həqiqi sevgiyə verərsən dəyər. Bəzərsən könlünü sevgi nuruyla, Görüşər bu qərib aşiq yarıyla. «Və ənzələ bikə indəşşədaidi hacətəhu» («Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi...») Əlbəttə ki, mehriban Allah istək və dua olmadan da çətinliyə, müsibətə düşmüş bəndəsinin halından xəbərdardır. Amma ayə və rəvayətlərdən belə məlum olur ki, Allah öz bəndəsinin ah-zarla dua etməsini, öz ehtiyaclarını mövlasından istəməsini sevir. Ey mehriban, ey mənim məhbubum! Öz lütf və inayətinlə çətinliklərimi aradan qaldır, müsibətləri məndən uzaqlaşdır, məni bəlalar zindanından xilas et, rəhmət və ehsanınla duamı qəbul et, istəklərimi yerinə yetir, boş könlümü ilahi feyzlərinlə doldur! İnsanın öz möhtaclığını, ah-nalədən başqa bir şeyə malik olmadığını izhar etməsi Həzrət mövlanın istəyincədir. Elə buna görə də Allah-Taala dua etməyə çağırır və bu duaları qəbul edəcəyinə zəmanət verir. Dua və ehtiyacın izharı istəkləri dilə gətirmək və göz yaşları ibadət və Allah əmrinə itaət etməyin bir növüdür. Allah çətinliyə düşmüş bəndəsinin Ondan qeyrisini çağırmasını sevmir. Ardı var Əvvəli - http://ahlibeyt.az/news/a-9205.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2019 10:29 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |