إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Fussilət” surəsində işlədilən “nəhs (uğursuz) gün” ifadəsinin mənası nədir?

Quranın “Fussilət” surəsinin 16-cı ayəsində işlədilən “nəhs (uğursuz) gün” ifadəsinin mənası nədir? Həqiqətən, uğursuz günlər varmı?

Qurani-Kərimin “Fussilət” surəsinin 16-cı ayəsində buyurulur: “Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır”.

Bu ayədə Həzrət Hud Peyğəmbərin (ə) qövmü olan Ad xalqının başına gələn əzabdan söhbət açılır. Onlar öz peyğəmbərlərinin dəvətini inkar etdikləri üçün əzaba düçar olmuş və yer üzündən silinmişdilər. Ayədə işlədilmiş “nəhs günlər” ifadəsi Ad qövmü ilə bağlı mənaya malikdir. Bu, Ad qövmünə əzabın endiyi günlərdir.

Əslində təqvimdə nəhs (uğursuz) gün yoxdur. Bir qövmün ilahi əzaba düçar olması onun üçün ən böyük uğursuzluq və faciədir. Hədislərdə buyurulur ki, insanın günah etmədiyi hər gün onun üçün bayram sayıla bilər. Bu məntiqlə bir insanın və ya qövmün Allaha asi olduğu, buna görə ilahi qəzəbə layiq görüldüyü gün onun üçün ən uğursuz və bədbəxt gün sayılmalıdır.

Mənbə:islam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2018  11:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!