إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“İmamzadə”nin imamı: “Ziyarətgaha tətbiq olunan məhdudiyyətlər ləğv edilib, şəhərdəki iki məscid isə təmir olunur”

Gəncəyə yeni təyin olunmuş icra başçısı Niyazi Bayramov Aşura öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib. Mətbuatın yazdığına görə, yeni icra başçı Məhərrəmlik ayının başlanması ilə əlaqədar “İmamzadə” ziyarətgahına gedərək ərazinin bərpa olunmasını tapşırıb, eyni zamanda “İmamzadə” kompleksində yerləşən 5000 nəfərlik tutumu olan zalın açarını dindarlara təqdim edib.

O da qeyd olunub ki, Məhərrəm ayından etibarən “İmamzadə” ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Qeyd edək ki, Gəncədə sonuncu dəfə ötən il Aşura günündən bir gün qabaq, Tasua gecəsi polis və dindarlar arasında qarşıdurma yaranmışdı. Səbəb isə icra hakimiyyətinin “İmamzadə”nin qapısını bağladaraq ziyarət üçün girişi məhdudlaşdırması olmuşdu. Ancaq indi belə görünür ki, yeni başçı bu məhdudiyyətləri ləğv edir.

Gəncədə baş verənlər, xüsusən də Məhərrəm ayı Aşura mərasimlərinin hazırlığı ilə bağlı QMİ-nin Gəncəbasar bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, “İmamzadə” ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbasovla söhbət etdik(red-Musavat.com).

- Hazırda Gəncə dini sahədə vəziyyət necədir? Dindarlar arasında hər hansı narahatlıq doğuran hadisə varmı?

- Hal-hazırda Gəncədə dini vəziyyət yaxşıdır, dindarlar vəziyyətdən məmnundurlar, hər hansı bir narahatlıq yoxdur. Din-dövlət münasibətləri qaydasındadır. Dindarlar çox rahat şəkildə ibadət edirlər, arada olan qorxu, narahatlıq götürülüb. Sentyabrın 11-dən etibarən məscidlərimizdə və “İmamzadə” ziyarətgahında matəm məclislərimiz keçiriləcək. İmamzadə ziyarətgahında iki böyük zal var, “Hüseyniyyə” adlı zalda kişilər, “Zeynəbiyyə” adı verilmiş zalda isə qadınlar üçün məclislər keçiriləcək. “Şahsevənlər” məscidinin imam müavini Hacı Etibar - özü də seyiddir - 10 gün müddətində “İmamzadə”də xütbə edəcək, mərsiyələr deyiləcək. Əminəm ki, hər şey yüksək səviyyədə olacaq.

- Yeni icra başçı məscidlərə gedib, dindarlarla görüşüb, onları dinləyib. Bir məsciddə təmir işləri başlayıb, “İmamzadə”nin əsas zalı dindarların istifadəsinə verib. Yeni icra başçı gələndən dini sahədə daha nələr baş verir?

- Bəli, icra başçısı Niyazi Bayramov bu həftənin əvvəlində icra hakimiyyətinin rəhbər işçiləri ilə birlikdə “İmamzadə” ziyarətgahına gəldi. Ziyarətgahın giriş-çıxışlarına baxdı. Tövsiyələrini verdi. “İmamzadə”nin həyətində təmizlik və yenilənmə işləri başlayıb, eyni zamanda iki məscidimizdə - 18-ci əsrdə tikilmiş “Qazaxlar” məhəllə məscidinin və Bağmanlar ərazisində yerləşən tarixi “Qırıxlar” məhəllə məscidində təmir işlərinin başlamasına göstəriş verib. Yeni başçı gəldikdən sonra dindarlar rahat şəkildə ibadətlərini edirlər. “İmamzadə” kompleksində böyük bir zal vardı. O zaman prezident də onun açılışında iştirak etmişdi. Namiq Allahverdiyev adlı bir nəfər oranı bağlamışdı. İndi yeni başçı o zalı açdı və dindarların istifadəsinə verdi. Yəni ab-hava tamamilə dəyişib.

- Son illərdə demək olar ki, hər Aşura günü Gəncədə narahatlıq olurdu. Ötən il “İmamzadə” ərazisində gərginlik olmuşdu. Bu ilə necə qurulub işlər? Əvvəlki illərlə müqayisədə nələr dəyişəcək ki, narazılıq yaranmasın?

- Mən 1992-ci ildən “İmamzadə”yə təyinat almışam. Sonradan bir müddət yerli polis idarəsi rəisinin təzyiqi ilə işimdən uzaqlaşdırılsam da, 2000-ci ildə yenidən bərpa oldum. Uzun müddət ərzində “İmamzadə” ziyarətgahında heç bir neqativ hal olmamışdı. Yalnız keçən il məlum insident qeydə alındı. Ancaq bu insident dindarlarla olmadı, onlar öyrədilmiş adamlar idi. Belə adamları biz bu yaxınlarda da gördük. Onlar nə dindar, nə də Hüseynçi deyillər. Çünki müsəlman, Hüseynçi olan şəxsə Məhərrəmlikdə, Aşura günlərində belə hərəkətlərə yol verməz.

- Respublikada Məhərrəm ayının başlanması ilə bağlı tədbirlər, toplantılar keçirilir. Sanki bu günlərdə hansısa təxribatın olacağı ilə bağlı bir məlumat, narahatlıq var. Gəncədə hər bir təxribat gözlənilir?

- Gəncədə yerləşən “İmamzadə” ziyarətgahının tarixi islamiyyətin ilk illərinə gedib çıxır. Əsrlərdir insanlar dünyanın müxtəlif yerlərindən bura gəlir. Ziyarətgahda heç zaman təxribat, qarşıdurma olmayıb. Yalnız keçən il bu hadisə baş verdi və biz araşdırdıq ki, bunlar kənardan gəlmiş, öyrədilmiş insanlardır. İmam Hüseyn (ə) ardıcılı heç zaman qan tökməz, cinayət törətməz. İyulun 10-da da bəzi təxribatçılar, başıpozuqlar tərəfindən törədilən hadisə dini zəmində deyildi. Hadisəni törədənlər əsasən cinayətkar keçmişi olan, mənəvi dəyərlərdən uzaq insanlar idi, bəzi insanlar isə bilmədən təsirə düşmüşdü. Kadrlardan da görünür ki, Rəşad adlı şəxsə əlində xəncərlə meydana başqa istiqamətdən daxil olur, əlindəki xəncəri nümayiş etdirərək əvvəlcə mənim qardaşım Səməd Abbasovu, daha sonra isə İlqar Balakişiyevi əlindəki həmin xəncərlə qətlə yetirir. Sonra isə qaçıb gedib və Samux rayonunda bir nəfərin evində gizlənib. Həmin adam da əvvəlcə molla olub, sonradan “qurançı” deyilən bir cərəyana qoşulub. Daha sonra isə Şəmkirə qaçdı və orada da sonunun necə olduğunu hər birimiz mediadan oxuduq.

Ümumilikdə mənim burada işlədiyim 18 il ərzində heç bir narahatlıq, gərginlik olmayıb. Yalnız son iki ildə məhdudiyyətlər tətbiq olunmuşdu. Yeni başçı tərəfindən ötən il qoyulan məhdudiyyətlər artıq ləğv olunub. Çünki Tasua gecəsi “İmamzadə”də 100 minə yaxın insan olur. Bu insanlar üçün çadırlar qurulub, çay ehsanları verilib. Ötən il bu ənənə qadağan olunmuşdu, ancaq bu ildən yenidən bərpa olunub. Dövlət başçısının tapşırığı və cənab başçının göstərişi ilə yenidən burada qadınlar və kişilər üçün çadırlar qurulacaq, ehsan təşkil olunacaq. İmam Hüseyn meydanı fəaliyyət göstərəcək. Ziyarətgaha getmək, ziyarət etmək asanlaşdırılacaq. Cənab başçı polisin ziyarətgahın içərisində fəaliyyətini qadağan elədi, ziyarətgah əməkdaşları və dindarlarımız tərəfindən asayiş təmin olunacaq. Polis kənardan daxil olan insanları təhlükəsizlik məqsədilə yoxlayacaq. Ancaq bunun əvəzinə hər iki qapılar açıq olacaq, giriş-çıxış asanlaşdırılacaq. Camaatımız artıq “İmamzadə”nin bütün hücrələrindən istifadə edə biləcəklər.

- Bu il Gəncədə baş verən hadisələrin Məhərrəm və Aşura mərasimlərinə hər hansı formada təsiri ola bilərmi? Hansısa məhdudiyyətlər mümkünmü?

- Gəncədə baş verən məlum hadisələrin Aşura və Məhərrəmliklə heç bir əlaqəsi yoxdur. İyulun 10-da Gəncədə baş verənlərin şəhər camaatı ilə əlaqəsi yoxdur, bu bir təxribat idi. Kənardan gələn təxribatçılar provokasiya yaratmaq istədilər, amma gəncəlilər buna qoşulmadı. Mənim qardaşım da bu hadisədə şəhid oldu. Mən o zaman da bildirdim ki, əgər qardaşım Gəncədə təxribatın, gənclərin günahsız ölümlərinin qarşısının alınması uğurunda şəhid olubsa, bu şəhadət bizim üçün fəxrdir. Bu cür hadisələrlə Azərbaycanı xaos ölkəsinə çevirə bilməzlər. Gəncədə iyulun 3-də və 10-da törədilən hadisələrin Məhərrəm ayına heç bir aidiyyəti yoxdur, buna görə də burada heç bir məhdudiyyət ola bilməz. Dini ayinlər əvvəlki qaydada davam edəcək, sadəcə, son bir neçə ildə ortaya çıxan məhdudiyyətlər aradan qalxıb.

Mənbə: “Yeni Müsavat”

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2018  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!