إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qurani-Kərimdə adı çəkilən canlılar

Qurani-Kərim qiyamətə kimi öz aktuallığını itirməyən, bəşəriyyəti həqiqətə doğru hidayət edən bir kitabdır. Bu müqəddəs kitabdakı mənalar öz əhatə dairəsinin genişliyi, obraz zənginliyi və təsir gücü ilə insanı heyrətə salır. Maraqlı mövzulardan biri də Qurani-Kərimdə hansı canlıların (heyvanların) adının çəkilməsidir.

Allahın Kitabını vərəqlədikcə, onun səhifələrində 25 canlının adının çəkildiyinin şahidi oluruq. Bu canlılardan bəziləri müəyyən hadisələrin əsas və ya köməkçi qəhrəmanı olmaq etibarilə, həmin hadisənin əhatəli və təsirli şəkildə təsvir olunmasına yardım göstərir. Bəzi canlılar isə süjet xəttindən kənar, müstəqil şəkildə təqdim edilir; bunun məqsədi insanlara ibrət vermək, hər hansı mühüm mesajı ötürməkdir. Canlılar öz quruluşları, ölçüləri, fəaliyyətləri ilə bəşərə dərs verir və Allahın ayəti (əlaməti, nişanəsi) olaraq çıxış edirlər.

Qurani-Kərimin bir neçə surəsi də canlıların adını daşıyır:

“Nəml” (qarışqa), “Nəhl” (arı), “Ənkəbut” (hörümçək), “Bəqərə” (inək), “Fil”, “Adiyat” (iti qaçan atlar), “Ənam” (ev heyvanları).

1. Şanapipik (hüdhüd quşu).

Həzrət Süleyman Peyğəmbərlə (ə) bağlı bir qissədə şanapipik Səba diyarından və oranın məlikəsi Bilqeysdən (Bəlqisdən) həzrətə xəbər gətirir: “Sonra (Süleyman) quşları yoxlayıb dedi: “Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?” (Nəml, 20).

2. Bildirçin (səlva).

Bəni-İsrail xalqı Həzrət Musa Peyğəmbərin (ə) başçılığı altında vəd olunmuş Kənan torpağına qayıdarkən səhrada dolaşdığı müddət boyunca Allah-Taala onlara səmadan iki cür möcüzəvi qida – mənn (halva) və bildirçin endirdi. Quranda həmin hadisə bu şəkildə xatırlanır: “Ey İsrail oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!” (Taha, 80).

3. Qarğa.

Həzrət Adəm Peyğəmbərin (ə) oğlu Qabil qardaşı Habili öldürdükdən sonra onun cəsədini necə gizlətmək barədə düşünərkən Allah bir qarğanın vasitəsilə ona dərs verir. Qabilin gözü qarşısında iki qarğa dalaşır, qarğalardan biri o birini dimdiyi ilə vurub öldürür, sonra yerdə bir çuxur qazıyıb ölü qarğanın cəmdəyini ora atır və üstünü torpaqlayır. Qabil bu hadisəni seyr etdikdən sonra qəbir qazıyıb qardaşını dəfn edir. Beləcə, yer üzündə ilk insan dəfnini bəşərə qarğa öyrədir: “Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu” (Maidə, 31).

4. Arı.

Arı Allahın yer üzündə nişanələrindən biri, öz həyatı, Allaha itaəti ilə insanlara öyüd verən məxluqudur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)” (Nəhl, 68). Qeyd edək ki, bu ayənin yer aldığı 16-cı surənin adının tərcüməsi “arı” deməkdir.

5. Kəpənək.

Allah-Taala qiyamət günündə insanların dəhşətini təsvir etmək üçün onları hər tərəfə səpələnən kəpənəklərə bənzədir: “O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək” (Qariə, 4).

6. Ağcaqanad.

Qurani-Kərimdə ağcaqanad ən xırda həşəratlardan biri olmaq etibarilə Allahın qüdrətinin bir nişanəsi kimi xatırlanır: “Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz...” (Bəqərə, 26).

7. Milçək.

Müşriklərin inandıqları Allahdan başqa xəyali tanrılar milçəyə bənzər xırda bir məxluqu yaratmağa da acizdirlər  “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!” (Həcc, 73).

8-10. Çəyirtkə, bit-birə və qurbağa.

Quranda bu canlıların adı Firon qövmünə Allahın göndərdiyi bəlaların sırasında çəkilir: “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və bit-birə, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular” (Əraf, 133).

Çəyirtkənin adına daha bir dəfə də, qiyamət səhnəsinin təsvirində rast gəlirik: “Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar” (Qəmər, 7).

11. Qarışqa.

Bu zəhmətkeş canlı Həzrət Süleymanın (ə) qoşununun hərəkəti zamanı özünü müdafiə etməyi bacaran bir varlıq kimi təqdim edilir: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” (Nəml, 18). Qeyd edək ki, bu ayənin yr aldığı surənin adı da ərəb dilində “qarışqa” deməkdir.

12. Hörümçək.

Ən zərif məfhumlardan biri olan hörümçək toru Quranda Allahdan başqasına arxayın olmağın və imansız həyat sürməyin timsalı kimi göstərilir: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 41). Bu surə də öz adını həmin canlının – höümçəyin adından götürüb.

(ardı var)

Mənbə: İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2018  11:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!