إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Elnarə Kərimova: “Bütün dinlərdə radikalizmə meyilli cərəyanlar, qruplaşmalar mövcuddur”

İyunun 29-da Dini Qurumlarla İş Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işini davam etdirib.

Ahlibeyt.az-ın  DQİDK mətuat xidmətinə istinadən verdiyi xəbərə görə, konfransda Cəlilabad RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov mövzunun aktuallığından danışaraq cəmiyyətdə dini radikalizmə qarşı mübarizənin əhəmiyyətini qeyd edib. Bildirib ki, dini radikalizmin geniş yayıldığı cəmiyyətlərdə xaos yaranır, dinlər və məzhəblər arasında münaqişələr baş verir. Bu münaqişələrin yaratdığı fəsadlar cəmiyyətin bütün sahələrində inkişafa mane olur, ölkənin infrastrukturunu məhv edir. Ölkəmizin nümunəvi dövlət-din münasibətlərindən danışan L.Hüseynov dini maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətimizin bütün sahələrində yüksək səviyyədə təmsil olunan qadınlar dini maarifləndirmə işinə də öz dəyərli töhfələrini verir.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları” adlı təqdimatında dini radikalizm anlayışı, dini radikalizmin yaranma səbəbləri, yayılma mühiti, dini radikalların insanları cəlbetmə üsulları haqqında ətraflı məlumat verib. Şöbə müdiri bildirib ki, dini radikalizm hər hansı bir dinə aid deyil. Dünyada mövcud olan bütün dinlərdə radikalizmə meyilli cərəyanlar, qruplaşmalar mövcuddur. Dini radikalizmin yayılma metodologiyası, cəlbetmə üsullarından danışan E.Kərimova dini radikalizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların iştirakının vacibliyinə diqqəti çəkib. Bildirib ki, dünyanın bir sıra digər xalqlarından fərqli olaraq, tarixən Azərbaycan qadını özünün cəmiyyətdəki yüksək rolu ilə fərqlənib. Milli adət-ənənələr əsasında tərbiyə almış Azərbaycan qadınının cəmiyyətdə rolunun daha da yüksəldilməsi, millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsi çox vacib amildir.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva dini maarifləndirmə, dini radikalizmlə mübarizə çərçivəsində görülən işlərdə Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Şəhadət” sənədli filmlərinin, eləcə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Üfüqdəki gələcək” sənədli filminin böyük əhəmiyyəti olduğunu bildirib.

Qeyd edib ki, dini radikalizmin yayılması üçün yaş, cins, milli, irqi məhdudiyyət yoxdur. Dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Bunun üçün ən geniş yayılmış təbliğat platforması sosial şəbəkələrdir. Sosial şəbəkələr vasitəsilə dini radikal ideyalar geniş yayılır, əsasən dini bilgiləri zəif olan şəxslər cəlb olunur. Məhz bu səbəbdən xüsusən məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət edilməli, dini maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.

Daha sonra Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta məktəbin direktoru Təranə Mustafayeva, Göytəpə şəhər 1 saylı məktəbin müəllimi Elnarə Həsənova çıxışında dini radikalizmlə mübarizədə maarifləndirmə işinin mənəvi və psixoloji əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, maarifləndirmə tədbirləri cəmiyyətin bütün sahələrini əhatə etməli, xüsusilə orta ümumtəhsil məktəblərində keçirilməlidir. Gənc nəsil Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmalıdır.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan "Şəhadət" sənədli filmi nümayiş etdirilib.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2018  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!