إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “Qədim, tarixi Quran kitabları” sərgisi keçirilib - Fotolar

M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “İBRƏT” ictimai-dini redaksiyasının birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Qədim, tarixi Quran kitabları” sərgisi keçirilib.

Ahlibeyt.az-n AZƏRTAC-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar Əlifzadə, İraqın Nəcəf şəhərindən olan tarixçi Hüseyn Əbdül Mehdi müqəddəs Qurani-kərimin Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi ilə qorunaraq dövrümüzə gəlib çatmasını əlamətdar hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, sülhə, dostluğa, humanizmə səsləyən bu müqəddəs kitab ölkəmizdə dini tolerantlığın qorunub saxlanmasında böyük rol oynayıb.

M,F,Axundzadə adına kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərdən söz açıb. Qeyd edib ki, Azərbaycanda dinindən, dilindən asılı olmayaraq bütün insanlar dost, qardaşdır, xalqımız qonaqpərvər və humanistdir.

“İBRƏT” ictimai-dini redaksiyasının müdiri Atif İsmayılov sərgidə müqəddəs kitabın 70 qədim və müxtəlif illərdə nəşr edilmiş 150-dən çox nümunəsinin yer aldığını söyləyib. Vurğulayıb ki, İslam əxlaqını, mənəvi dəyərləri özündə ehtiva edən Qurani-kərimə maraq artıb. Əbədi möcüzə olan Qurani-kərim Allahın Məhəmməd Peyğəmbər (s) vasitəsilə bəşər övladına göndərdiyi, dünya və axirət səadətinin yolunu göstərən kitabdır.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi hacı Valeh Nəsirov vurğulayıb ki, həyatın bütün sahələrində Qurani-kərim öz düz sözünü deyib. O, müqəddəs kitabın mənəviyyat, elm, mədəniyyət, nur xəzinəsi olduğunu, onu daha da sevdirmək, dəyərini anlatmaq üçün bu sərginin keçirildiyini bildirib.Qeyd edib ki, tariximizi, dinimizi tərənnüm edən bu sərginin təşkili Azərbaycan dövlətinin müvafiq istiqamətdə ardıcıl və davamlı siyasətinə bariz nümunədir.

Digər çıxış edənlər bildiriblər ki, ən yüksək mənəvi dəyərləri özündə birləşdirən İslam dini insanların mənən saflaşmasında, kamilləşməsində, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. Müqəddəs kitabımız Qurani-kərimdən gələn dəyərlər milli ənənələrimizlə birgə min üç yüz ildən artıqdır ki, xalqımızın mənəvi dünyasını təşkil edir. İslam tariximizin müxtəlif dövrlərində bu hikmət kitabı mədəni inkişafımıza, intibahımıza gözəl töhfələr verib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Qurani-kərimin əlyazmaları içərisində gözəl xəttatlıqla yanaşı, bəzək işlərini də görmək mümkündür. Burada əlyazmalardan bəzilərinin kimlər tərəfindən köçürüldüyü və kimlərə məxsus olduğu barədə də məlumat verilib. Habelə şəxsi kolleksiyalardan götürülmüş 500-550 yaşı olan müqəddəs kitablar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2017  11:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!