إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Yalan - "Kumeyl Duası"nın fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

Yalan

Həzrət Peyğəmbər (s), Həzrət Sadiq (ə) və Həzrət Riza (ə) yalanı ən böyük günahlardan hesab etmişlər. ("Kafi”, 2-ci cild, səh-338). Yalanın ən çirkini Allah, Peyğəmbər (s) və İmam (ə) adından yalan danışmaqdır. Çünki bu yalanlar böyük kütlələri doğru yoldan azdırır.

Küfr əhli və onların azğın başçıları açıq-aşkar yalana uğramış insanlardır. Bu yalançı qövm tarix boyu müxtəlif bəhanələrlə bəşəriyyətin Allaha doğru hərəkətində maneə yaratmağa çalışmışlar. Onlat öz hiylə və şirin yalanları ilə milyonlarla insanı cəhənnəm oduna sürükləmişlər. Onlar öz yalanlarına həqiqət donu geyindirməklə insanları əsil həqiqətdən yayındırmışlar. Səmavi kitablar inkar olunmuş, ilahi ayələrə müqavimət göstərilmiş, bu göstərişlərin Allah tərəfindən nazil olmadığı iddia olunmuşdur.("Biharul-ənvar”, 74-175.)

Kafirlər insanları ilahi hidayət feyzindən məhrum etmək, onları dünya və axirət səadətindən uzaqlaşdırmaq üçün peyğəmbərlərə böhtanlar yağdırmış, onları yalançı, sehirbaz, şair adlandırmış, hətta dəlilikdə ittiham etmişlər. Heç bir yalandan çəkinməyən bu qövm İlahi həqiqətləri təhrif etmiş, hətta Tövrat, İncil, Zəbur kimi İlahi kitablarda təhriflər etmişlər. Əgər bu insanların imkanı olsaydı, əlbəttə ki, Quran da təhrifə məruz qalardı. Amma Quran ayələrini dəyişə bilməsələr də bu ayələri öz istədikləri kimi mənalandıran kafirlər xalqı çaşdırmaqla cəhənnəm əzabını qazanmışlar.

Bu yalançı dəstə peyğəmbərin həqiqi varisi olan Əhli-beyti (ə) hökumətdən uzaqlaşdırmaqla bəni-Üməyyə və bəni-Abbas kimi zalım sülalələri taxta çıxarmışlar. Beləcə insanlar həqiqi elm və maarifdən məhrum edilmiş, onlara cildlərlə saxta hədislər təqdim olunmuşdur. Əgər imamlar, xüsusi ilə də İmam Baqir (ə) və İmam Sadiq (ə) peyğəmbər adından uydurulan saxta göstərişləri batil etməsəydilər, bu gün həqiqi İslamdan əsər-əlamət belə qalmazdı. Bu gün də məsum imamların (ə) göstərişləri həqiqəti yalandan seçmək üçün əsas vasitədir. Bəli, imamların (ə) və fədakar şiə alimlərinin şəhadəti və zəhmətləri hesabına həqiqi Məhəmməd (s) dini hifz olunmuşdur.

Qurani-Kərimin "Zumər” surəsinin 3-cü ayəsində buyurulur: "Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz”. İslam Peyğəmbəri (s) və onun Əhli-beytinin (ə) yalan haqqında göstərişlərini unutmayın. Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən böyük günahı xəbər verimmi? Allaha şərik qoşmaq, ata-ana ilə pis rəftar, yalan danışıq”; "Ən pis danışıq yalan danışıqdır”; "Yalan danışanın kişiliyi hamıdan aşağıdır”.(Ğurərul-hikəm”, 312-313.)

İslam Peyğəmbərindən (s) soruşdular ki, «mömin qorxaq ola bilərmi?» Həzrət (s) buyurdu ki, bəli. «Soruşdular ki, xəsis ola bilərmi?» Buyurdu ki, bəli. Soruşdular ki, mömin yalançı ola bilərmi? Həzrət buyurdu: "Yox!”("Kafi”, 2-329.) Həzrət Əli (ə) buyurmuşdur: "İnsan zarafat və ya ciddi olan yalanı tərk etməmiş imanın ləzzətini dadmaz”.("İqbal”, 390.) "Yalandan çirkin iş yoxdur”.("Biharul-ənvar”, 70-167.) "Düzlük əmanət, yalan isə xəyanətdir.”("Biharul-ənvar”, 70-84.)

İmam Sadiq (ə) buyurur: "Allah-Taala pisliklər üçün qıfıl qərar verib. Bu qıfılların açarı şərabdır. Yalan şərabdan da pisdir.”("Vəsailuş-şiə”, 16-10.)

Musa (ə) Allah-Taalaya belə ərz etdi: "Əməlinə görə hansı bəndən daha yaxşıdır?” Allah buyurdu: "O kəs ki dilini yalandan qoruyur, qəlbi həqiqətdən dönmür, zina etmir.”("Kafi”, 1-15.)

Dini maarifdə deyilir ki, yalançı fasiq, günahkardır. Mələklər yalançıya lənət yağdırır. Yalançının nəfəsi üfunət, özü imansız, üzü qaradır. O, Allahın qəzəb və lənətinə düçardır. Yalançı ən böyük günahkarlardandır və münafiqdir. Onunla dostluq və yoldaşlıq yaramaz. İlahi hidayətdən məhrum olan yalançı zahirdə insan, daxildə əti haram olan heyvan kimidir!

Ardı var...

Əvvəli:http://ahlibeyt.az/news/a-6412.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2017  16:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!