إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Elmar Məmmədyarov - Başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır

“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.

Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.

Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

S. lavrov görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır."

E. Məmmədyarova isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.

Nazir Rusiyanın münaqişənin həlli istiqmətində ciddi səylər göstərdiyini də qeyd edib: "Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya bu istiqamətdə ciddi səylər göstərir. Biz bu məsələni bu gün də detallı müzakirə etdik.



İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2017  15:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!