
“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.
Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
S. lavrov görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır."