|
• Mənəviyyat • MəhərrəmNiyə hər il mühərrəmlik mövsümünü qeyd edirik?Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik. Birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar və bundan sonra sağ qalan Əhli-beyt üzvlərinin başına gətirilənlər üstündən on üç əsr keçməsinə baxmayaraq, bu gün də öz pisxoloji təsir gücünü itirməyib. Kərbəla səhrasında qətlə yetirilənlər İslam Peyğəmbərinin nəsil şəcərəsinin üzvləri deyil, sıravi müsəlmanlar olsaydılar belə, yenə faciənin böyüklüyü bizi təsirsiz buraxmazdı. Ikincisi, Kərbəlada qətlə yetirilənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) ən yaxın qohumları, ciyərparələri idi. Və bu hadisə o həzrətin vəfatından cəmi 50 il sonra baş vermişdi. Vaxtilə Peyğəmbərin başına pərvanə kimi dolanan, ağzından çıxan bircə kəlməni də diqqətsiz buraxmayan, Onu görməyi özünə fəxr sayan səhabələrin ya özləri, ya da övladları soyuqqanlılıqla Onun nəvəsinin başını kəsmiş, tifaqını dağıtmış, nəslinə divan tutmuşdular. Bütün bunlar hələ də ümmət arasında Peyğəmbərin Hüseyn (ə) barədə (o cümlədən, Onun gələcək şəhadəti barədə) buyurduğu hədislərin dolaşdığı bir zamanda baş vermişdi. «Hüseyn məndəndir, mən də Hüseyndənəm» hədisini İki Cahan Günəşinin öz dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Vəfat edən səhabələr də hədisi öz uşaqlarına rəvayət etməyə macal tapmışdılar. Hüseynin (ə) boğazını vaxtilə Peyğəmbərin öpdüyünü öz gözləri ilə görən və ya heç olmazsa, bunu birinci ağızdan eşidən adamlar asanlıqla həmin boğazın xəncər altına qoyulmasına razı olmuşdular. Faciənin ən böyük dəhşəti də bunda idi. Hüseyn (ə) ali-əbanın sonuncu üzvü idi. Ali-əba (yəni əba əhli) Həzrət Mühəmməd Peyğəmbərin (s) özündən və əbası altına alıb, günahlardan təmizlənməsi üçün dua etdiyi, duasının qəbul əlaməti kimi «Əhzab» surəsinin 33-cü ayəsinin nazil olduğu daha dörd nəfərdən ibarətdir: Həzrət Əli (ə), Fatimeyi-Zəhra (ə), Həsən (ə) və Hüseyn (ə). Bu beş nəfər möminlər üçün müqəddəslik rəmzi, Allahın mərhəmət nişanəsi, arxayınlıq mənbəyi idi. Peyğəmbər vəfat etdikdən sonra möminlər Onun xatirəsini qızı Fatimədə (ə) axtarırdılar. Fatimə (ə) vəfat etdikdən sonra Əli (ə) bütün elmi, şücaəti, ədaləti ilə Peyğəmbərin obrazını zehnlərdə canlandırırdı. Onun şəhadətindən sonra tərəfdarları Imam Həsənin (ə) ətrafında toplaşdılar. Imam Həsən (ə) də şəhid olduqdan sonra ali-əbanın son üzvü Hüseyn (ə) insanlar üçün Peyğəmbərin son yadigarı kimi görünürdü. O, əllərində Peyğəmbərin əllərinin nəvazişini, üzündə Peyğəmbərin dodaqlarının sevgisini yaşadırdı. O, Peyğəmbərin bilavasitə nəslindən olan və o həzrəti görən son şəxs idi. Hüseyn (ə) nəinki yalnız Peyğəmbərin, həm də Fatimənin (ə), Əlinin (ə) və Həsənin (ə) nişanəsi idi. Buna görə də Hüseynin (ə) itkisi hələ o zamankı Əhli-beyt dostlarına da çox ağır gəlirdi. Buna görə də Əhli-beyt tərəfdarları Onun itkisini xüsusi ağrı-acı ilə qarşılamışdılar. Kərbəla faicəsinə ən böyük dəhşət gətirən xüsusiyyətlərdən biri də zalım və məzlum tərəflər arasındakı kəskin ziddiyyətdir. Tarix boyunca heç bir silahlı münaqişədə müsbət və mənfi tərəflər arasındakı uçurum aşuradakı kimi qabarıq nümayiş etməmişdi. Bir tərəfdə Hüseyn (ə), Abbas, Əli Əkbər, Zeynəb kimi fəzilət səmalarında pərvaz edən misilsiz şəxsiyyətlər, o biri tərəfdə isə Yezid, İbn Ziyad, Ömər ibn Səd, Şümr kimi rəzalət çirkabında qərq olanlar dururdu. Görün, kimlər kimləri haqsız sayır, özünə tabe etmək istəyirdi! Görün, kimlər kimləri öldürürdü! Hər bir millətin, hər bir xalqın qan yaddaşına həkk olunmuş milli matəm günləri, xatirə tarixləri var. Məsələn, Azərbaycan xalqı üçün 20 yanvar, Xocalı günləri kimi. Bu günlərdə bütün millət hüzn içində olur, hamı həmin günlərin acı xatirəsini yaşayır, o hadisələrin qəhrəmanlarını yad edir. Şənliklər, konsertlər, toylar keçirilmir, şadlıq evləri sifarişləri təxirə salır. Bu, hələ bir millətə aid olan günlərdir. İmam Hüseyn (ə) milyard yarımlıq bütün Islam ümmətinin ortaq qəhrəmanı və müqəddəsidir. Imam Hüseyn (ə) bütün müsəlmanların «Əşhədü ənnə Mühəmmədən rəsulüllah» deyə şəhadət verdikləri Peyğəmbərin nəvəsidir. Hüseyn (ə) ali-əbanın son üzvüdür. Hər birimiz öz rəhmətə getmiş yaxınlarımızın, ata-anamızın, nənə-babamızın, qardaş-bacımızın vəfat gününün ildönümündə hər cür şənlikdən uzaq olur, o adamı xatırlayaraq üzülürük. Elə isə, bizə Quranı gətirmiş, halalla haramı başa salmış, dünya və axirət səadətinə doğru yolumuzu aydınlatmış, öz canımızdan da artıq sevməli olduğumuz Peyğəmbərin əziz nəvəsinin görünməmiş faciə ilə qətlə yetirildiyi günə hörmətsizlik göstərməyə haqqımız varmı? Yaxınlarımızın matəmini 40 gün qeyd edir, üzümüzə ülgüc vurmur, saçımıza rəng qoymur, bir il toydan-şənlikdən imtina edirik. Elə isə Əhli-beyt şəhidlərinin hər il 40 gün matəmini saxlamaq niyə bizə qəribə görünməlidir? Bir halda ki, bu barədə istər Peyğəmbərin, istərsə də məsum imamların dilindən istənilən qədər tövsiyələr mövcuddur (Yazının həcmini üzatmamaq naminə həmin hədisləri burada qeyd etmirik. Maraqlananlar müvafiq məzmunlu kitablarda yüzlərlə bu cür hədis və rəvayət tapa bilərlər). Peyğəmbərin ruhunun ağladığı, Fatimənin (ə) və Əlinin (ə) ruhunun kədər içində olduğu günlərdə bizim şadyanalıq etməyimiz, oynaq musiqilərə qulaq asmağımız, əyləncə məclislərinə getməyimiz, hətta toy, ad günü keçirməyimiz vicdana yaraşan iş olarmı? Səmada mələklərin belə matəmə qərq olduğu günlərdə sevinməyi özümüzə necə rəva görərik? Məsələyə başqa tərəfdən yanaşsaq, Kərbəla faicəsinin hər il canlandırılması həm də güclü siyasi-ictimai, dini-əxlaqi bir amildir. Tarix boyunca haqq uğrunda bir çox qiyamların, azadlıq hərəkatlarının şüarı məhz İmam Hüseynin (ə) intiqamını almaq olmuşdur. Aşura şəhidlərinin tarixçəsi mübariz qüvvələr üçün ilham mənbəyi rolunu oynamışdır. Aşura haqla batilin, yaxşı ilə pisin, nurla zülmətin, Allahla İblisin qarşıdurma günüdür. Həmin gün baş verənlər bir millətə deyil, bütün insanlığa, bir zamana deyil, bütün tarixə dərs verəcək qədər əhəmiyyətə malikdir. Mühərrəmlik mövsümü insanların haqqı unutmaması, zülmü və zalımı tanıması, heç bir təzyiq qarşısında düz yoldan dönməməsi üçün məktəbdir. Aşura günü və onun davamı olaraq, əsirlər karvanının Şama səfəri boyunca baş verən hadisələrin anoloji variantlarını tarixin hər bir dönəmində, elə bu gün də müşahidə etmək olar. Hər zamanın öz Hüseynləri (ə) və Yezidləri var. Unutmayaq ki, Hüseynin (ə) diri-diri başını kəsənlər, 6 aylıq körpəsini qucağında qanına qəltan edənlər əvvəlcə Onu öz şəhərlərinə dəvət edən, daha sonra qorxu və yalan gücünə öz mövqeyini buraxıb qarşı tərəfə keçənlər idi. Aşura faciəsi bu kimi hiylələrin iç üzünü açan məhək daşıdır. Mühərrəmlik – xalqı öz düşmənləri ilə son nəfəsə kimi mübarizə aparmağa, ölüm-dirim savaşında hər şeyini qurban verməyə, zəlil olmaqdansa şəhid olmağı üstün tutmağa hazırlaşdıran ibrət güzgüsüdür. Mühərrəmlik – şəhidlər yetişdirən mədrəsədir. Mühərrəmlik – ümməti kimliyini unutmağa qoymayan, münafiq və zalım qüvvələri tanımaq üçün dəqiq meyarlar təqdim edən məktəbdir. Yetər ki, ən azından hər ilin 40 günündə bu məktəbin ibrət dərslərini oxumağa və dinləməyə hazır olaq… Mənbə: İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2016 16:47 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |