إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Məad" - Ölümün mahiyyəti

"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur.

Ölüm nədir? ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?

Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir.

Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.

Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa» və «istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər.

Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.

1. Ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.

2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır.

3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur.

Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.

İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.

Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət verməyir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etməyir.

Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir.

Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.

Quran «ruh» adlı müqəddəs bir varlığı insan və mələklərdən daha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar.Mən ona öz ruhumda üfürdüm - «Hicr» surəsinin 29-cu və ruhu bəyan edən ayələrdən belə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır.

«[Axirətə inanmayanlar] dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?». Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir.

[Ya Məhəmməd!] De ki: «Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.»

(Səcdə 10-11).

Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunmuşdur.

Onlar deyərlər: öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik?

Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. «Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız.

O ki, qalıb çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etməyir».

Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getməyirmi?

Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmayır. Və belə olduğu bir halda bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmayır.

«Allah [əcəli çatan şəxslərin] canlarını onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. Ölümünə hökm olunmuş şəxslərin canlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən bir müddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən] əlamətlər vardır.» (Zumər-42).

Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonucu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarə olunmuşdur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda ruh bədəndən ayrılıb başqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığı zaman kiçik səfərdən qayıtdığını dərk etməyir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur.

bu ayələrdən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etməyir. Ölüm burada insanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı yuxu haqda da dəyərli məlumat verilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdən batinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdən biridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir.

Ardı var...

Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat)

Əvvəli:

http://ahlibeyt.az/news/a-4867.html

http://ahlibeyt.az/news/a-4834.htm

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2016  18:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!