|
• Mənəviyyat • HəccƏzəmətli ziyarətin ikinci hissəsi-Təməttö HəcciTəməttö ümrəsi başa çatdıqdan sonra zəvvarlar Təməttö Həccinə hazırlaşırlar Təməttö ümrəsi başa çatdıqdan sonra zəvvarlar Təməttö Həccinə hazırlaşırlar. Təməttö Həcci əməllər baxımından ümrəyə oxşasa da, bəzi fərqli cəhətlər də mövcuddur. Burada da birinci əməl ehram bağlamaqdır. Təməttö Həccinin ehramı ilə Təməttö ümrəsinin ehramı arasındakı fərq niyyət və Həcc ehramının Məkkədə geyinilməsindən ibarətdir. Xüsusilə məscidul-həramda yerləşən “hicri-İsmail” və yaxud “məqami-İbrahim”də, həccin 8-ci günü bağlanması bəyənilmiş sayılır. Həccin 9-cu gününün (Ərəfə günü) günortasından həmin günün məğrib namazına qədər Ərəfat çölündə dayanmaq Təməttö Həccinin vacib əməllərindən ikincisi sayılır və onu qəsdən tərk etmək həcci batil edir. Qurban bayramı günün Sübh namazından günəş çıxanadək “Müzdəlifədə dayanmaq” Təməttö Həccinin vacib əməllərindən üçüncüsüdür və onu qəsdən tərk etmək də həcci batil edər. Qurban bayramının axşamı isə Allaha itaət etmək niyyəti ilə günəş çıxana kimi Müzdəlifədə qalmaq müstəhəbdir. Daha sonra hacılar Mina çölünə gedirlər. Qurban bayramı günü, günəş çıxandan məğrib namazına kimi Mina çölündə Uqbə cəmərəsinə daş atmaq dördüncü vacib əməldir. Cəmərəyə atmaq üçün Məşər çölündə 7 ədəd noxuddan böyük, fındıqdan kiçik daş yığılır. Cəmərəyə daşlar atılmalı və dəyməlidir, daşı oraya aparıb qoymaq olmaz. Daşların bir-bir atılması vacibdir, onları topa ilə atmaq olmaz. Bundan sonra qurban kəsilir. Qurban kəsmək Təməttö Həccinin vacib əməllərindən beşincisi və Minanın vacib olan əməllərindən ikincisidir. Qurbanlıq üçün 3 növ heyvandan birini (qoyun, inək, dəvə) kəsmək lazımdır. Qurbanlıq heyvan sağlam və salamat, yəni hər əzası yerində olmalıdır. Ehtiyata əsasən Uqbə cəmərəyə daş atıb qayıtdıqdan sonra bayram gününün günortası qurban kəsilməlidir. Yaxşı olar ki, qurban Minada kəsilsin. Təməttö Həccinin vacib əməllərindən altıncısı həlq və təqsirdir. Həlq - saçın təmiz qırxılmasına, təqsir isə - saç, saqqal, bığ və yaxud dırnaqlardan bir qədər qısaltmağa deyilir. İlk dəfə Məkkə ziyarətinə gedən kişi üçün həlq, qadın üçünsə təqsir vacibdir. İlk ziyarəti sayılmayan zəvvara həlq vacib olmur. Qadın üçün həlq etmək qadağandır. Bu əməldən sonra ehram zamanı haram olmuş şeylər (ətir iyləmək və cinsi əlaqədən savayı) halal olur. Ziyarət təvafı Təməttö Həccinin vacib əməllərindən yeddincisidir. Ümrə təməttösündə olduğu kimi, Kəbə ətrafında 7 dövrə vurmaq lazımdır. Bu təvaf “Təməttö Həcci” təvafı adlanır və bu təvafla “Təməttö ümrəsi” təvafı arasında niyyətdən başqa heç bir fərq yoxdur. Daha sonra təvaf namazı qılınır. Bu namaz ümrə təvafının namazı kimi qılınır, yəni iki rikətdir. Səy etmək Təməttö Həccinin vacib əməllərindən doqquzuncusudur. Təməttö ümrəsində də edildiyi kimi icra olunur. Bu əməllər arasında da niyyətdən başqa heç bir fərq yoxdur. Həmçinin səydən sonra yerinə yetirilən təqsir əməli Təməttö Həccinin olunan səydən sonra icra olunmur və eyni zamanda ətirdən istifadə etmək qadağası da aradan götürülür. Daha sonra Təməttö Həccinin onuncu vacib əməli “Nisa” təvafı (“Qadın” təvafı) yerinə yetirilir (digər təvaflarla eyni şəkildə). “Nisa” təvafı və onun namazından sonra ehram zamanı qadağan olunmuş şeylərin sonuncusu da (cinsi əlaqə) halal olur. Həccin on ikinci vacib əməli Mina çölündə qalmaq- dır. Bu əməl zil-hiccə ayının 11 və 12-ci gecələrini gecənin əvvəlindən gecə yarısına qədər və yaxud gecə yarısından günəş çıxanadək Allahın əmrlərinə təslim olmaq və “Allaha yaxınlaşmaq” niyyəti ilə Minada keçirməkdən ibarətdir. Zil-hiccə ayının 11 və 12-ci günləri birinci, ortancıl və Uqbə cəmərələrinə daş atmaq lazımdır. Hər gün ardıcıl olaraq birinci, ortancıl və uqbə cəmərələrinin hər birinə 7 xırda daş atılmalıdır. Xəstə, zərər görməkdən qorxan və ya gündüz vacib işi olan şəxslər bu əməli gecə yerinə yetirməlidirlər. Bu işi yerinə yetirməyə qadir olmayan şəxslər isə (uşaq, şikəst və.s) naib tutmalıdırlar. Əlbəttə ki, bütün bu məlumatlar Həccin şəri hökmlərini təfsilatlı şəkildə əhatə etmir. Daha ətraflı məlumat üçün müvafiq şəriət kitablarına müraciət etmək faydalı olar. Uca Allahdan bütün zəvvarların, xüsusən Azərbaycan hacılarının ziyarətlərinin qəbul olmasını diləyirik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2011 19:06 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |