إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məkkə

İlk məbəd barədə

Həccin hər bir əməli dərin məna daşıyır və üzərində düşünməyi tələb edir. Eyni zamanda hər bir ayin Həzrət İbrahim (ə) və onun pak ailəsinin tarixi ilə bağlı olduğundan bizlərə İlahi şəxsiyyətlərin həyatını xatırladır və ibrət üçün nümunə göstərir.  

Məkkə. Müqəddəs Mədinə şəhərini ziyarət etdikdən sonra zəvvarlar Məkkəyə yola düşürlər. Miqat məntəqəsinə çatanda ehram bağlayırlar. Ağ ehram bağlamış hacıların Məscidul-Hərama axını qiyamət səhnəsini canlandırır. Məscidul-Həram Kəbə evini əhatə edən məscidə deyilir. Hərfi tərcüməsi “haram məscid”dir. Bura əmin-amanlıq yeri olduğundan və qanın tökülməsi burada haram edildiyindən məscidə belə ad verilib. Məscidə daxil olan müsəlmanların gözü qarşısında həmişə üz tutduğumuz qiblə, yəni müqəddəs Kəbə evi peyda olur. Kəbə ərəbcə “kub” deməkdir. O öz kub formasına görə belə adlanır. Kəbənin küncləri təqribən coğrafi cəhətlərlə üst-üstə düşür. Şərq küncə “Ruin əl-Əsvəd”, yəni “qara künc” deyilir. Çünki müsəlmanların qarşısında təzim etdiyi Həcər ul-Əsvəd (“Qara daş”) gümüş çərçivədə bu küncün içinə tikilib.

Kəbə evinin tarixi qədimdir. Hələ Həzrət Adəmin (ə) dövründə Allah-Taala nemət və rəhmət olaraq göydən yerə Həcər ul-Əsvədi nazil etmişdir. Adəm peyğəmbər (ə) onun üzərində məscid inşa etmiş və bura saleh bəndələrin ziyarət yeri olmuşdur. Nuh peyğəmbərin (ə) zamanı tufandan sonra bu məscid dağılmışdır. Həzrət İbrahimə (s) xanımı Hacərlə oğlu İsmayılı (ə) Məkkəyə gətirmək əmr olunanda, ailəsi ilə buraya köçən İbrahim peyğəmbər (ə) oğlu ilə birlikdə Kəbə evini yenidən inşa etdi. İslam tarixində Kəbə evi hücumlara məruz qalmışdır. Məsələn Yezidin xilafəti zamanı Zubeyrin oğlu Abdulla Məkkədə hakimiyyəti ələ keçirmiş və xəlifəyə beyət etməmişdir. Yezidin sərkərdəsi Məkkəni mühasirəyə almış və Kəbə evinə mancanaqdan atəş açmış və məscidi dağıtmışdır. İsmaililərin Məkkəyə hücumu zamanı isə hətta Həcər ul-Əsvəd yerindən çıxardılıbmış, ancaq daha sonra yerinə qaytarılmışdır. Bəzi tarixi mənbələrə görə, Osmanlı sultanları Həcər ul-Əsvəddən daş parçalarını qopardaraq öz  türbələrinin divarlarına tikdirərmişlər. Hazırda Qara daş üç böyük hissənin bitişiyindən ibarətdir (əvvəllər isə vahid bir daş idi). 

Allah görüşünə tələsən zəvvarlar bir-bir ayinləri yerinə yetirərək Qurban bayramına hazırlaşırlar. Adətən müxtəlif xalqlar öz bayramlarını təbiətdə yenilənmə və ya  hansısa tarixi hadisə ilə bağlayır. Ancaq İslam dini daha dərin mənalı və insan ruhuna xeyirli  məfhumu bayram olaraq qəbul edir. Əmirəl-möminin Əli (ə) buyurduğu kimi, “hər gün ki, insan günah etmir – onun üçün bayramdır”. Çünki günah insanın daxili dincliyini əldən alır, onu haqq yoldan dönməyə vadar edir.

Fəlsəfə və irfan alimləri bayram dedikdə, insanın öz ruhunu Yaradana qurban gətirmək kimi başa düşürlər. Qurban bayramı da elə bir bayramdır ki, insan qurbanlıq heyvanını kəsməklə öz Rəbbi qarşısında rəmzi olaraq dünyaya, günaha bağlanan bütün telləri kəsir. Artıq o özü ilə Allah arasında günah pərdəsini yırtır, ibadətini kamilləşdirir.

Həccin müxtəlif mərhələlərində istər-istəməz Həzrət İbrahim (ə) və onun oğlu Həzrət İsmayıl (ə) yada düşür. Sanki bu iki insanın misalında Həcc İlahi qonaqlara iki dərs verir: İsmayıl (ə) kimi Allah-Taalaya təslim olmaq və İbrahim (ə) kimi bütün vücudunla Allah-Taalaya bağlanmaq. Məscid ul-Həramda, mübarək Kəbə evinin yanında kiçik şüşə künbəzlə örtülmüş bir yer görsənir. Bura “Məqami-İbrahim” deyilir, yəni “İbrahimin (ə) durduğu yer”. Həmin şüşənin içində üzərində iki ayaq izi olan bir daş var. Rəvayətlərə əsasən, Həzrət İbrahim (ə) bu daşın üstünə çıxaraq insanları tövhidə, yəni təkallahlığa dəvət edib. Hacılar Kəbənin təvafından sonra Məqami-İbrahimin arxasında durub na- maz qılırlar. Bu ayin insana vilayət fəlsəfəsini aşılayır. Allahın evinə, qibləyə üz tutan insan onun peyğəmbərinin ayaq izlərinin arxasında namaz qılaraq anlayır ki, Allaha yalnız İlahi hüccət (rəhbər, yolgöstərən) vasitəsilə itaət etmək olar.

Məscid ul-Həramda, Kəbə evinin  yanında digər gözəçarpan yer “Hicri-İsmail”dir. Burada xanım Hacər və onun oğlu İsmayıl (ə) daxil olamaqla bir çox peyğəmbərlər dəfn olunub. Rəvayətlərə əsasən, vaxtilə Hicri-İsmail Kəbə evinin hissəsi olub. Hazırda isə bura alçaq daş hasara alınmış bir yerdir. Təvaf zamanı hacılar buraya keçə bilməzlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2011  18:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!