|
• Mənəviyyat • HəccBu gün zəvvarlar Məkkəni tərk edir: Ərəfat və Məşər - təfəkkür məkanıHəcc ziyarətinə getmiş 2 milyondan çox zəvvar bu gün Məkkəni tərk edərək Mina çölünə yola düşür.Mina çölündə ziyarətçilər üçün 160 min çadır qurulub. Mina çölü Kəbə evinin 7 kilometrliyində yerləşir. Bir qrup zəvvar bura piyada, yaşlılar isə nəqliyyatla yola düşür. Sabah isə onlar gün çıxandan sonra Ərəfata yola düşəcək və burada bütün günü ibadətdə olacaqlar. Ərəfat hacıların ərəfə günü (9 Zilhəccə) orada dayandıqları, dua və ibadət etdikləri yerin adıdır. "Ərəfat" və "Məşər" insanın özünü tanıması üçün ən uğurlu yerdir. İnsan dünya ləzzətlərindən məhrum bir halda bu həyatın yalnız Allaha xatir çəkilən əziyyətlərdən ibarət olduğunu, həqiqi səadətin isə yalnız bu cür kəşməkəşli həyatdan sonra olacağını anlayır. Həcc əməllərindən biri də zil-hiccə ayının doqquzuncu günü (Qurban bayramından bir gün əvvəl) “Ərəfat” və zilhəccənin 10-cu gecəsi Müzdəlifə(“Məşər”) adlı yerlərin ziyarətidir. Bu səbəbdən də həmin günə “Ərəfə” (“tanımaq”) deyilir. Həmin günün fəziləti barədə hədislərdə çoxlu məlumat var. Qədr gecəsində bağışlana bilməyənlər məhz Ərəfə günü bağışlanmaq imkanı qazanırlar. Bu gün oruc tutmaq və İmam Hüseynin (ə) “Ərəfə” duasını oxumaq böyük savabdır. Müqəddəs Kəbə evini təvaf etdikdən sonra zəvvarlar Ərəfat çölünə yola düşürlər. Ərəfat – Məkkədən 25 km uzaqlıqda yerləşən Cəbəl ər-Rəhmə (“Rəhmət dağı”) adlı dağın döşündə düz və yastı səhradır. Bəşərin ən üstün insanları burada olub. Tarixdə deyilir ki, Həzrət Adəmin (ə) tövbəsi Uca Allah tərəfindən bu yerdə qəbul olunub. Ərəfatda zəvvarlar İmam Hüseynin (ə) “Ərəfə” duasını yadlarına salırlar. Bu duanı dillərində pıçıldayaraq Allaha üz tutan müsəlmanlar “Ya Ərhəmər-Rahimin!” (“Ey rəhimlilərin ən Rəhimlisi!”) deyərək nida edirlər. Həmin an onlar Aləmlərin Rəbbinin rəhmətini öz üzərlərində hiss edirlər. İmam Hüseynin (ə) Allaha müraciət edərək “Səni tapan nəyi itirib və Səni itirən nəyi tapıb?!” deməsi Allahdan qeyri heç kəsin ibadətə layiq olmamasını, insanın qəlbən yalnız Allaha bağlanmağa ləyaqəti olduğunu bizlərə aşılayır. “Ərəfat” sözünün kökü “mərifət kəsb etmək, tanımaq” mənasını daşıyır. Bu müqəddəs məkanda müsəlmanlar varlıq aləmi, yaradılış barədə təfəkkür edir. Burada günahların bağışlanmasını istəmək və dua etmək çox təkid olunur. Çöllükdə insanı dünya həyatına bağlayacaq, onun diqqətini cəlb edəcək heç bir şey yoxdur. Ona görə də burada xüsusi ibadətlər etməyin hikməti var. Həm ağ, həm qara dərili, həm varlı, həm fəqir – hamı bir libasda və bir vəziyyətdə səhraya düşüb Yaradanın adını zikr edir. Buradakı həyəcanlı izdiham, sankı kiçik Qiyamət səhnəsini insanın gözləri qarşısında canlandırır. İnsan həyatda ikən onu ölümdən sonra gözləyən çətin və ağır bir günü təsəvvür edir. Həmin gün dünyadakı rütbə və məqamından asılı olmayaraq bəşər övladı Allah qarşısında duracaq və həyatını nəyə sərf etdiyi barədə cavab verəcək. Hacılar Ərəfat çölündə gün batana kimi qalırlar. Hava qaralmağa başlayanda ürəkləri İlahi eşqlə dolu bəndələr digər çölə - Məşərə gedirlər. “Məşər” sözünün kökü isə “şüur” kəlməsindəndir. Bu iki səhrada insan öz əvvəli və sonu, haradan gəldiyi və hara getdiyi barədə düşüncələrə varmalı, həyatın mənasını başa düşməlidir. Məşərdə qaranlıq olan zaman dillə ifadə olunmaz bir mənzərə müşahidə olunur. Gecənin qaranlığında Allahla xəlvəti münacat üçün hər kəs özünə bir yer tapır. Cansız bir torpaq İlahi məhəbbət nuru saçır. İmam Cəfər Sadiq (ə) buyurub: “Kim Məşər səhralığında gecəni qalıb səhərə kimi dua edə bilsə, qoy elə də etsin. Çünki həmin gecə Cənnət qapıları möminlərin ibadətinin üzünə açılır və onların duaları göylərə ucalır”. Həmin qaranlıqda hər kəs bacardığı kimi Rəbbi qarşısında günahlarını bir-bir etiraf edərək peşimançılıqdan ağlayır. Bəndə boynu bükük halda Allahdan bağışlanmaq dilə- yir, Ona öz səmimi sevgisini və itaətini nümayiş etdirir. Məşərdə görülən əməllərdən biri də «Şeytan»a atmaq üçün nəzərdə tutulan daşları toplamaqdır. Gecə vaxtı insanın öz düşməni Şeytana atmaq üçün daş yığmağının da dərin mənası var. Burada Allah bəndəsinə başa salır ki, düşmənə qarşı silahlanarkən məxfiliyə riayət olunmalıdır. Düşmən sənin ona qarşı istifadə edəcəyin əməllərdən xəbərsiz olmalıdır. Ərəfə və Məşər insanın özünü tanıması üçün ən uğurlu yerdir. İnsan dünya ləzzətlərindən məhrum bir halda bu həyatın yalnız Allaha xatir çəkilən əziyyətlərdən ibarət olduğunu, həqiqi səadətin isə yalnız bu cür kəşməkəşli həyatdan sonra olacağını anlayır. Kim olduğu və Kimin qulu olduğu üzərində fikirləşir, öz həqiqi dəyərini başa düşür. Heç bir şey insanın ona görə Allaha itaətdən boyun qaçırmasına, Ona müxalif olmasına dəyməz. Uzun və şirin təfəkkür və ibadətdən sonra hacıların qəlbində “Qayıdın Rəbbinizə tərəf elə bir halda ki, siz Ondan razısınız, O da sizdən!” ayəsinin onlar barəsində də şamil olacağına ümid yaranır. Səhərə qədər namaz qılıb münacat edən hacılar sübh namazından sonra Mina çölünə yola düşürlər...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2015 15:15 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |