إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ Qazilər Şurası Qurban bayramı münasibətilə fətva verib

QMİ-nin mətbuat xidmətinin verdiyi məlumata görə, fətvada bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılar üçün vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəcəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Lakin borc pulla qurban kəsməyə ehtiyac yoxdur.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurbanlıq kimi qoyun, keçi, öküz, inək və dəvədən istifadə etmək olar. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissə qurban sahibinə çatır, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. QMİ bildirir ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir.

Fətvada deyilir ki, bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa ayağının biri azad saxlanmalı, iribuynuzlu heyvandırsa, dörd ayağı da möhkəm bağlanmalıdır. Heyvanın boğazına bıçaq dirəyərkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin.

“Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 6-7 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmçinin qurbanların ictimai yerlərdə və uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil” - deyə fətvada vurğulanır.

Fətvada daha sonra bildirilir ki, insanı öz yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir: “Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!”

apa.az

P.S Xatırladaq ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Zil-hiccə oktyabr ayının 27-i gecə, İran isə 28-i gecə daxil olacağını bildirilimişdi. Yəni Qurban bayramı Səudiyyə Ərəbistanında noyabr ayının 6-a, İranda isə noyabr ayının 7-ə təsadüf edəcəkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2011  20:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!