إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev - "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür"

Xəbər verdiyimiz kimi, iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. İlham Əliyev iftar tədbirində çıxış edib

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən ölkə başçısı hər bir ailəyə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıb.

Çıxışın davamında ölkə başçısı bildirib:

Bizim mübarək Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə yaşayır və yaşayacaqdır. Əslində bu, din-dövlət münasibətlərinin çox gözəl təzahürüdür. Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir. Bizim amalımız birdir. Bizim amalımız Azərbaycanı inkişaf etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Əgər 1993-cü ildə Azərbaycan xalqı onu hakimiyyətə dəvət etməsəydi, Azərbaycanın taleyi çox ağır ola bilərdi. Əslində müstəqilliyimizin ilk illəri bunu əyani şəkildə göstərmişdir. Məhz onun qətiyyəti, siyasəti, cəsarəti, müdrikliyi nəticəsində Azərbaycan ağır sınaqlardan üzüağ çıxmışdır, inkişaf yoluna qədəm qoymuşdur və bugünkü Azərbaycan reallıqları məhz o illərdə başlanmışdır.

Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik olan bir şəxsiyyətdir. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, şeyx həzrətlərinin din aləmində bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycanın reallıqlarını 1990-cı illərin ortalarında mümkün etmişdir. Bu gün din-dövlət münasibətləri, o cümlədən mənimlə şeyx həzrətləri arasındakı münasibətlər dostluğa söykənir. Bir daha demək istəyirəm ki, Azərbaycanın inamlı, uğurlu inkişafı çox möhkəm təməl üzərində qurulubdur.

Əlbəttə ki, iqtisadi inkişafımız bizi sevindirir. Bu da düşünülmüş siyasətin nəticəsidir. Beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan dünya miqyasında böyük dəstəyə və hörmətə malik olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin möhkəm təməl üzərində qurulması bizim uğurlarımızın əsas şərtidir.

Bu gün Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb. Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır. Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli illər idi. Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir.

Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək.

Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, “İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi.

Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.

Səudiyyə Ərəbistanında səfərdə olarkən mən İslam Əməkdaşlıq Təşkilatını da ziyarət etdim. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın baş katibi ilə görüşüm, çox məqamlar ətrafında apardığım fikir mübadiləsi bir daha göstərir ki, Azərbaycan bu təşkilatın fəal və dəyərli üzvüdür. May ayında isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəni Azərbaycanda səfərdə idi və Bakıda keçirilmiş Sivilizasiyalararası Dialoq Forumunda çıxışında Azərbaycanda dini məsələlərin nə qədər yüksək səviyyədə həll olunduğunu xüsusilə qeyd etmişdir. Ümumiyyətlə, bütün müsəlmanları birləşdirən təşkilatın rəhbərinin Azərbaycan, ölkəmizin reallıqları haqqında sözləri əlbəttə ki, böyük qiymətə malikdir. Qeyd etməliyəm ki, may ayında keçirilmiş tədbirdə UNESCO-nun, İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun baş katibləri və digər qonaqlar iştirak etmişlər. Onların iştirakı əslində Azərbaycanda bu sahədə görülən işlərə verdikləri yüksək qiymətdir. Bizim üçün bu, adi hala çevrilib. Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı.

Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur, normal siyasət.

Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.

Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.

Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi. Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri həll etmişik. Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq.

Ancaq biz digər sahələrdə, - sosial ədalət, iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq bütün lazımi tədbirləri görmüşük ki, bax, bu möhkəm təməl qurulub. Biz istəyirik ki, dünyada da belə olsun. Biz istəyirik ki, ölkələr arasındakı əlaqələr əməkdaşlıq üzərində qurulsun. Rəqabət üzərində qurulmasın, xoş niyyət üzərində qurulsun. Biz öz işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin.

Azərbaycan gəncləri vətənpərvərdir, biliklidir, savadlıdır. Birinci Avropa Oyunları bunu bir daha göstərdi. Bu Oyunlarda iyirmi minə yaxın könüllü iştirak etmişdir. Onlar təmənnasız iştirak etmişlər, gecə-gündüz, səhərdən axşama qədər çalışmışlar. Azərbaycan gəncliyi budur. Bilikli, xarici dili bilən, savadlı, peşəkar, mədəni, gözəl gənclərdir. Onların hər birinə artıq mənim adımdan və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilməyə başlanmışdır. Onlar buna layiqdirlər. Bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər, eyni zamanda, savadlı, bilikli olmalıdırlar.

Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir. Hər yerdə - Yaxın Şərqdə, Avropanın özündə, müxtəlif yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət etibarilə bu, necə deyərlər, bir anlayışdır. Buna qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı, biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta məktəblərdə, eyni zamanda, dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görür və görəcəkdir.

Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin gələcəyi ilə bağlı fikirlərimizi bildiririk. Qeyd etməliyəm ki, mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Çünki biz haqq yolundayıq, ədalət yolundayıq. Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz.

Bütün dünya müsəlmanlarını qarşıdan gələn mübarək bayram münasibətilə bir daha təbrik edirəm.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2015  18:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!