إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cümə namazının fəzilətləri

Həzrət Məhəmməd (s) buyurur:

Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir. (Biharul-Ənvar, c.89, səh.267, hədis 5)

Dünyadan köçməmiş Allah-Taaladan bağışlanmaq diləyin. Bəlaya düşməmiş xeyir işlərdə irəli çıxın. Allah zikri, aşkarda və gizlində sədəqə verməklə Allahla rabitələrinizi bərpa edin. Bilin ki, Allah qiyamət gününə qədər cümə namazını sizə vacib edib. (Cəvahirul-kəlam, c. 11, səh.158)

Allah-Taala cümə namazını sizə vacib etdi. Kim mən həyatda olduğum zaman və ya məndən sonra cümə namazını yüngül sayıb və ya inkar edib atsa Allah onu pərişan edər, işinin bərəkəti olmaz. Bilin ki, onun namazı qəbul olmaz. Bilin ki, onun zəkatı qəbul edilməz. Bilin ki, onun istəkləri qəbul olunmaz. Bilin ki, onun yaxşı əməlləri qəbul olunmaz. Əgər tövbə edib bir də cümə namazını tərk etməsə, onu yüngül saymasa, inkar etməsə durumu dəyişər. (Vəsailuş-şiə, c. 5, səh. 7)

Dörd şəxs həyata yenidən başlayar: Xəstəlikdən sağalan şəxs, İslamı qəbul edən müşrik, həcc əməllərini başa vuran şəxs, cümə namazını qılıb yola düşən şəxs. (Biharul-ənvar, c. 86, səh.197)

Bir mömin dedi ki, dəfələrlə həccə getmək istəyib, amma tövfiq əldə etməyib. Ey Mömin!, Daim cümə namazında ol, cümə namazı imkansızların həccidir. (Vəsailuş-şiə, c. 5, səh.5)

Kim iman səbəbindən, Allahın razılığını əldə etmək üçün cümə namazına getsə, əməl naməsi yenidən yazılar. (Vəsailuş-şiə, c. 5, səh.4)

Cümə namazını tərk edənlər nəhy əz münkər olunmalı, pis işdən çəkindirilməlidir. Belə insanların qəlbi möhürlənər. (Vəsailuş-şiə, c. 5, səh.6)

Bir şəxs üç dəfə ardıcıl əhəmiyyətsiz saydığından cümə namazını tərk etsə, Allah onun qəlbini möhürləyər. (Kənzul-ümmal, hədis: 21123)

Bilmək istəyirsiniz behişt əhli kimlərdir? O kəslər ki, bərk isti və sərt soyuq onların cümə namazında iştirakına mane olmur. (Kənzul-ümmal, c. 7, h. 2185).

Kim cümə günü qüsl verib cümə namazına getmək üçün addım atsa, imamın xütbələrinə qulaq assa, onun hər addımına gündüzü oruc, gecəsi ibadət bir ilin savabı verilər. (Müstədrəkul-vəsail, c. 2, səh.504)

Kim cümə namazından sonra bir dəfə tövhid, yeddi dəfə fələq, yeddi dəfə nas surələrini oxusa, növbəti cüməyə qədər bəladan amanda qalar. (Səvabul-əməl, səh.455)

Cümə elə bir gündür ki, Allah-Taala həmin gün hamını bir yerə toplayar. Kim həmin gün cümə namazına getsə Allah qiyamət günü çətinlikləri ona asan edər, göstəriş verər ki, onu behiştə aparsınlar. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.427)

Əmirəlmöminin İmam Əli (ə) buyurur:

Kim üç həftə ardıcıl üzürsüz səbəbdən cümə namazını tərk etsə münafiqlərdən sayılar. (Müstədrəkul-vəsail, c. 2, səh.6291)

Allah cümə gününü sizin üçün bayram qərar verib. Cümə günlərin sərvəri, bayramların üstünüdür. Allah sizə əmr edib ki, həmin gün onun zikrinə tələsəsiniz. (Cümüə, 9) İbadət və cümə namazına rəğbətinizlə niyyətiniz xalis olsun. Həmin gün çox raz-niyaz edin. Ehtiyaclarınızı Allahdan istəyin, mərhəmət və bağışlanma diləyin. Çünki Allah Onu çağranın duasını qəbul edib. Kim Allaha bəndəlikdən və Onun əmrlərindən boyun qaçırıbsa cəhənnəmə daxil olub. Cümə namazı uşaq, xəstə, divanə, qoca, zəif, kor, müsafir, qadın, qullardan başqa bütün möminlərə zəruridir. (Mən la yəhzəruhul-fəqih, c. 2, səh.140)

Mən altı nəfərə behişt üçün zaminəm: Onlardan biri cümə namazı üçün yola düşüb yolda dünyasını dəyişən şəxsdir. Behişt ona vacibdir. (Vəsailuş-şiə, c 5, səh.11)

Əgər üç məsələdə rəhbərlərinizə müxalif olsanız məhv olarsınız: cümə namazı, nəfslə cihad, həcc ayinləri. (Müstədrəkul-vəsail, c. 6, səh.7)

Cümə günü səfərə çıxma ki, cümə namazını əldən çıxararsan. Bu işdə Allaha doğru və zəruri səfərlər istisnadır. (Nəhcul-bəlağə, məktub, 70)

Cümə namazında iştirak edənlər üç qisimdir:

1. İmamdan qabaq namaza gələn və susub xütbələri dinləyənlər - Onların cümə namazı iki cümə arasındakı günahlarının kəffarəsidir.

2.Cümə namazına gəlib, söhbət edənlərin cümə namazının bəhrəsi bu söhbət olar.

3.İmam cümə xütbəsi oxuyanda namaz qılan şəxslər - Belələri sünnəyə qarşı çıxıb və dualarının qəbul olub-olmaması Allahın istəyinə bağlıdır. (Biharul-ənvar, c. 86, səh.198)

İmam Baqir (ə) buyurur:

Üç iş insanın dərəcəsini yüksəldər: Soyuq havada kamil dəstəmaz, namazdan sonra namazın intizarında olmaq, camaat və cümə namazına getmək. (Biharul-ənvar, c. 88, səh.10)

Cümə namazı peyğəmbərdən sünnədir. Bu namaz möminlərə müjdə, münafiqlərə cəzadır. (Vəsailuş-şiə, c. 6, rəvayət 7602)

And olsun Allaha, mənə deyilib ki, peyğəmbərin səhabələri cümə axşamı günündən cümə namazına hazırlaşarmış. Cümə namazı müsəlmanlar üçün çox qısadır. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.416)

İmam Sadiq (ə) buyurur:

Cümə namazını eşqlə yerinə yetirən müsafir Allah tərəfindən vətənində cümə namazı qılanın yüz savabına çatar. (Vəsailuş-şiə, c. 5, səh.35)

Kim cümə namazına doğru addım atsa Allah-Taala onun cisminə cəhənnəm odnu haram edər. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.247)

İmam xütbəni başa çatdıranda namaz üçün sıralar düzələnə qədər dualar qəbul olar. Cümə günü qürub vaxtına qədər dualar də məqbuldur. (Vəsailuş-şiə, c. 5, səh.45)

Allah cümə gününü başqa günlərdən üstün edib. Həqiqətən kim zinətlənərək cümə namazına tələsərsə behişt ona vacibdir. Cümə namazında öncül olduğunuz kimi behiştdə hərəkətdə də öncül olarsınız. Həqiqətən belələri üçün ərşin qapıları açılar. (Vəsailuş-şiə, c. 5, səh.70)

Allah-Taala möminləri cümə namazına görə əzizləyər. (Müstədrəkul-vəsail, c. 6, səh.5)

Hər biriniz cümə günü zinətlənməli, qüsl verməli, ətirlənməli, sakkalınızı səliqəyə salmalı, ən gözəl libaslarınızı geyinməli, cümə namazına hazırlaşmalısınız. Cümə günü vüqarlı olmaq lazımdır. Yaxşı ibadət edin ki, xeyir iş görə biləsiniz. Allah yer üzündə gördüyünüz işlərdən xəbərdardır. O sizi yaxşı işlərinizə görə iki qat savab verər. (Üsuli-kafi, c. 3, səh.417)

Əmirəlmömininin (ə) qaydası bu idi ki, böhtan və ya borcunu verə bilmədiyindən həbsə düşənləri valideyinlərinin zəmanəti ilə cümə günü azad edərdi ki, cümə namazına getsinlər. (Müstədrəkul-vəsail, c. 6, səh.27)

Kim bir fəhləni cümə günü işə götürüb cümə namazından ayırsa öz günahlarını etiraf edib, bu fəhləni cümə namazından saxlamasa onun savabına şərikdir. (Vəsailuş-şiə, c. 13, səh.245)

İmam Riza (ə) buyurur:

Cümə günü cümə namazından qabaq səfərə çıxan təhlükədən amanda deyil. Allah bu səfərdə onu qorumaz, onun ailəsindən canişin qərar verməz, onu öz fəzlindən bəhrələndirməz. (Vəsailuş-şiə, c. 5, səh.86)

Cümə namazı ictimai bir tədbir olduğundan onun üçün xütbə təyin olunmuşdur. Allah-Taala müsəlmanların rəhbərinə imkan verir ki, xalqa möizə etsin, onları Allaha itaətə çağırsın, qorxutmaqla günahdan çəkindirsin, onları din və dünya çətinliklərindən agah etsin, baş vermiş mühüm hadisələr barədə məlumat versin. Bu onların aqibəti üçün faydalıdır, məlumatlarını artırır. İki xütbə qərar verilib. Birində Allaha həmd-səna edilər, digərində İslam cəmiyyətinin mühüm məsələlərindən danışılar, vacib göstərişlər verilər dualar olunar. (Vəsailuş-şiə, c. 7, səh.344)

mənbə: nur-az.com

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2015  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!