|
Eyni qibləyə ibadət edənlərin davası “Mənim ümmətim nə qədər ki, bir-birlərini sevir, əmanəti (sahibinə) qaytarır, haramdan çəkinir, qonağı əziz tutur, namaz qılır və zəkat verir, həmişə xeyir içində olacaqdır”.
Həzrət Məhəmməd (s.ə.s)
“Eyni qibləyə namaz qılanların bir-birini “kafir” adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir”. Bu cümlə Şeyxülislamın Məkkədə keçirilən beynəlxalq konfransda söylədiyi çıxışdandır. İslam Aləmi Liqasının fevralın 21-24-də keçirdiyi “Terrorizmə qarşı mübarizə” adlı konfransda İslam dünyasının bütün nöqtələrindən dini liderlər, islam alimləri, dini işlər üzrə nazirlər və müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Və təbii ki, konfransın mövzusu İslam dünyasının ən ağrılı məsələsi olan terrorizm olub. Yaxın Şərqdə baş verən olayları, müsəlmanların din adı ilə törədilən cinayətlər, Allahın adı ilə qətllər, terror müsəlman aləminin əsas bəlası olaraq qalır. Əlbəttə, İslam dini terrora qarşıdır və dini mətnlərdə günahsız insanlara qıyılması birmənalı şəkildə qadağan olunur. Bunu konfransda uzun məruzə edən əl-Əzhər Universitetinin rəhbəri Əhməd ət-Tayyib də isbat edib. Ancaq bir fakt var ki, bu gün İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə, Əfqanıstanda, Pakistanda və başqa bölgələrdə dinc insanları qətlə yetirən, din adına kütləvi qətllər törədənlərin də istinad nöqtəsi İslamdır. Qətllər, edamlar, hündür binadan atılan, yandırılan insanlar Allah adına, dini hökmlərə əsaslanaraq öldürülürlər. Mübahisəlidir, ancaq faktdır.
Bu vəziyyətdən çıxmaq üçün ciddi dəyişikliyə ehtiyac var. Əslində bu məsələ o qədər də yeni də deyil. 19-cu əsrin sonlarında Cəmaləddin Əfqani, Məhəmməd Əbduh, İqbal Lahori və digər mütəfəkkirlər bu çətin sualın cavabını tapmağa çalışıblar. Yeri gəlmişkən, Məkkədəki son konfransda əl-Əzhər şeyxi Əhməd ət-Tayyib də bu vəziyyətdən çıxmaq üçün dini təlimlərdə radikal dəyişikliklər etməyə çağırıb. Şeyx Əhməd ət-Tayyib qeyd edib ki, Quranın və İslam Peyğəmbərinin (ə) sünnəsinin (həyatının) nəsildən-nəslə düzgün təfsir olunmaması İslamın fanatik və dözülməz interpretasiyasına gətirib çıxarıb. Şeyx məktəb və universitetləri müsəlmanlar arasında birliyi təbliğ eləməyə çağırıb.
Əslində bu günə qədər İslamın bu cür neqativ fikirlərdən təmizlənməsi ilə bağlı çoxsaylı təkliflər olub. Ancaq bu günə qədər olan vəziyyət göstərir ki, bütün bunlar nəticəsiz olub. Vəhdət çağırışları, İslamın ictimai-siyasi proseslərdən kənara çəkilib ibadət dini olması ilə bağlı fikirlər dəstək qazana bilməyib. Çünki xristianlıqla müqayisədə İslam daha “canlı”, insan həyatının demək olar ki, bütün sahələrində iştirak edən bir din olduğu üçün onun xristianlıq kimi kilsəyə sıxışdırılması mümkün deyil.
Yeganə və ən sağlam yol İslam dinin zamanla ortaya çıxmış, dinin əsas sütunları ilə ziddiyyət təşkil edən interpretasiyalardan imtina olunması, həqiqi İslam dəyərlərinə müraciət etməkdən ibarətdir.
Əlbəttə, mürəkkəb, çətin işdir, amma zaman göstərdi ki, müsəlmanlar üçün alternativ də yoxdur. İslam dünyasının yeganə çıxış yolu budur. Saxta, qeyri-dəqiq hədislərin, məlumatların İslam mətnlərindən təmizlənməsi, yanlış hökmlərə yol açan, radikalizmi, dini cərəyanlar arasında gərginlik, nifrət yaradan saxta mətnləri İslam mənbələrindən təmizləməyin zamanıdır. Bunun üçün ən münasib mərkəz əl-Əzhərdir. Ancaq təbii ki, bu məsələdə bütün məzhəb və cərəyanların nüfuzlu şəxsiyyətləri və əsas mərkəzləri öz dəstəyini verməlidir. İslamın siyasi oyunların aləti olmaqdan xilas etmək, müxtəlif qrup və ya cərəyanların din şüarı ilə müsəlmanların hisslərini, inancını istismar etməsinə imkan verən vasitələr dindən təmizlənməlidir. Bunun üçün müsəlmanların Quran və mötəbər sənədlərə əsaslanan mətnləri var. Çatışmayan yalnız iradədir.
Bu gün İslam dünyasının ən böyük bəlalarından biri də dinin müxtəlif qruplarına əlində hakimiyyət, iqtidar vasitəsinə çevrilməsidir. Məhz bu vasitəni itirməmək üçün İslam dinində islahatlar aparmaq istəyənlər uğursuzluğa düçar olub, təcrid olunaraq rədd edilib. Ancaq indi durum daha təhlükəlidir. “Ərəb baharı”ndan sonra baş verən proseslər əslində müsəlman dünyasının, bütövlükdə isə İslam dininə baxışın dəyişdirilməsinin labüdlüyünü ortaya qoydu. İŞİD məhz bu vəziyyətin ortaya çıxardığı reallıq idi. Radikalizmin İŞİD simasında ayaq açması göstərdi ki, dinin təfsir və təqdimatı ilə bağlı ciddi suallar var və bu sualların cavabı tapılmalıdır.
Mənbə: Musavat.com-Kənan Rövşənoğlu Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2015 12:16 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır6 Sentyabr, 2016 İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - Foto13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |