إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış "2015-2016–cı illər üçün  birgə işin təşkilinə dair tədbirlər Planı"na əsasən “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti”  adlı  konfrans keçirildi. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, dini konfessiyaların, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ahlibeyt.az-ın DQİDK-nın rəsmi mətbu orqanına istinadən verdiyi xəbərə görə,konfransı giriş sözü ilə açan AQUPDK-nın sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən danışaraq bildirib ki, bəzən ailəyə hansısa mənfi təsirləri, xüsusilə də erkən nikahların və qızların təhsildən yayınması və s. problemləri dini məsələlərlə bağlamaq istəyirlər. Bu, düzgün deyil: "İslam dini çox müasir və mütərəqqi dindir. İslam dini elmlə sıx bağlı olan dindir. Biz çox istəyirik ki, insanlarımız dini məsələlərə yaxınlaşsınlar". H.Hüseynova qeyd edib ki, son dövrlər istər yerli, istərsə də beynəlxalq və MDB ölkələrinin mətbuatında dərc olunan materiallarda tez-tez dini məsələlərə qayıdılır, onun mənfi təsirləri ilə bağlı fikirlər səslənir: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış memorandum bizə imkan verir ki, iki dövlət qurumu bu sahədə bir çox tədbirlər həyata keçirsin. Bizi, xüsusilə, ən çox narahat edən məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsi sahəsində ailəyə olan mənfi təsirlərin aradan qaldırılmasıdır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycan sürətlə və davamlı inkişaf edir. Qadınlarımız dövlət qulluğunda öz töhfələrini verirlər. Təəssüflər olsun ki, təhsildən yayınan, erkən yaşda nikah quran qızların olması faktı ilə rastlaşırıq və orta əsrlərdə olduğu kimi, valideynlər bunu dinlə bağlayırlar. Bu, səhv fikirdir. İslam dininin dəyərləri insanlara düzgün çatdırılmalıdır. Vətəndaşlarımıza izah edilməlidir ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru deyil. Mübariz Qurbanlı bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər planına əsasən, bu istiqamətdə işlər görüləcək. O, qeyd edib ki, hələ də insanların təfəkküründə səhv dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlıdır. Bütün bunlar, bəzi hallarda ailələrin dağılmasına, valideyn-övlad münasibətlərinin pozulmasına gətirib çıxarır.

Konfransda Bahar Muradova Musa Quliyev, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qafar Cəbiyev, Sona Vəliyeva, dini konfessiyaların və ictimaiyyətin nümayəndələri Azərbaycanda ailə dəyərləri,  ailə institununun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu  məsələləri ilə bağlı çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2015  16:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!