إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həcc ziyarəti ortaq dəyərlər ətrafında birləşmənin ən uca təzahürüdür

 

Haqqında yazdığımız mövzu olduqca geniş və əhatəli bir mövzu olan «İslamda Həcc» mövzusudur. Təsadüfi deyil ki, İslam dininin bu müqəddəs ayininin adı «Həccətul-İslam»dır. Bu ayinin adındakı «İslam» kəlməsi həccin əzəmətinin, məna dərinliyinin ifadəsidir. Quran məntiqinə əsasən İslam yeganə dindir ki, Tanrı dərgahında qəbul olunacaq: «Hər kəs İslamdan başqa bir dini seçsə, ondan qəbul olunmayacaq və axirətdə zərər çəkənlərdəndir» (Ali-İmran surəsi, ayə 85). Bütün ilahi elçilər Adəmdən Xatəmə qədər insanları İslama dəvət ediblər. İmam Cəfər Sadiqin(ə) səhabələrindən olan Zürarə deyir: «Mən İmama ərz etdim: «Canım sizə fəda olsun, qırx ildir ki mən sizdən həccin hökmləri barədə soruşuram, siz isə cavab verirsiniz, həcc məsələləri bitmədimi? İmam(ə) cavab verir: «Ey Zürarə, Adəm dövründən bu yana iki min il ərzində ziyarət olunan bir evin bütün məsələlərini öyrənməkmi istəyirsən?» (Vəsailuş-şiə, c-7, s-7) Bu rəvayətin bəyan etdiyi kimi, həccin həqiqəti, hökmləri, ədəb və sirləri danışmaqla bitməz, yazmaqla tükənməz. Yalnız Allahın qulu Həcc ziyarəti bu ilahi dinin bütün elementlərini ümumiləşdirilmiş şəkildə özündə ehtiva edir. Həccətül-İslam təlbiyədən başlanır. Tanrı evinin zəvvarı əyninə iki ağ parçadan ibarət olan ehram geyinir və təlbiyə kəlməsini söyləyir: «Ləbbeyk Allahummə ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk». Həcc ziyarətinin təlbiyə əməli Haqqın dəvəti, bəndənin bu dəvətə cavab verməsi və haqdan qeyrilərinin dəvətinin rədd edilməsi anlamını ifa edir. Yüzlərlə dəvətin içində yalnız ulu Tanrının dəvətini qəbul edən insan bütün digər çağırışlara arxa çevirərək Allaha üz tutur. Bununla da öz bəndəliyini izhar etmiş olur. «Ey Rəbbimiz! Biz eşitdik ki, bir carçı: «Rəbbinizə iman gətirin»-deyə imana çağırırdı və iman gətirdik. Buna görə, ey Rəbbimiz, günahlarımızı bağışla və pisliklərimizi bizdən uzaqlaşdır və bizi yaxşılıq edənlərlə birgə ölümə qovuşdur». (Ali-İmran, ayə 193) Ehram geyinmiş ziyarətçi Tanrıya üz tutaraq deyir: «İlahi, yüzlərlə, minlərlə yanlış əqidələrdən üz çevirib sənin dininə yönəldim, şeytan və onun aldadıcı çağırışlarına üymadım sənə üz tutdum. Məni bəndəlik zirvəsinə ucalt!» İnsanlığın öz layiq olduğu məqama ucalmağı Tanrıya qul olmaqdan başqa bir yolla mümkün ola bilməz. Tanrıya qul olmadan azadlığın ləzzətini dadmaq mümkünsüzdür. Həqiqi insan azadlığı daxili və xarici zəncirləri qırmaq, nəfs və şeytan buxovlarından qurtulmaqla əldə oluna bilər. Bu, İslam dininin ən başlıca tezisidir və həcc ziyarəti həmin həqiqətin ən dolğun ifadəsidir. Məhz bu səbəbdən İmam Səccad(ə) buyurur: «Ehram geyərkən niyyət etməlisən ki, günah libasını çıxarıb itaət libası geyirsən».

Kəbə evinin təvafı Müqəddəs Məkkə şəhərinə çatdıqda ziyarətçilər birbaşa Kəbə evini təvaf etmək üçün Məscidul-Harama yollanırlar. Təvaf təslimdən sonra gəldiyi üçün mənəvi bir seyr anlamına gəlir. İslam sükunət və durğunluqla mübarizə apararaq insanı hərəkətə dəvət edib lakin bu hərəkət Allaha təslimdən qaynaqlandığı zaman yaradıcı, qurucu bir məna kəsb etməyə başlayır. Bu səbəbdən təvaf ehram geyinib təlbiyə dedikdən sonra həyata keçirilir. Təvafın digər bir özəlliyi onun ən əzəmətli ictimai ibadətlərdən biri olmasıdır. Həccin ictimai mahiyyəti təvafda özünü bariz şəkildə göstərir. Dünyanın hər bir yerindən gəlmiş, müxtəlif dillərdə danışan, millətindən, irqindən, dərisinin rəngindən, ictimai mövqeyindən asılı olmayaraq bütün müsəlmanlar əyinlərinə eyni paltar geyinib Tanrı evinin ətrafına fırlanırlar.

Amerika zənci hərəkatının tanınmış liderlərindən biri olan Malkolm İslamı qəbul etdikdən sonra həcc ziyarətinə gedir və təvaf ayinini yerinə yetirərkən heyrətlə bildirir: «İrqi problemlər bu dində gözəl şəkildə həll olunub, irqi ayrıseçkiliyin aradan qaldırılmasında ən təsirli vasitə İslam dininin vacib əməllərindən biri sayılan həcc ziyarətidir. Amerikalı ağdərililərin Allahın birliyinə inandıqları gün irqlərin birlik və bərabərliyinə də inanacaqlarına əminəm». Müsəlmanların vəhdətinin möhkəmlənməsində, müsəlman ümmətinin əzəmətinin dünyaya göstərilməsində həccin rolu misilsizdir. «Parçala, hökm sür» prinsipi ilə hərəkət edən bədxahların qarşısında həcc ziyarəti müsəlmanların ən böyük silahlarından biridir. Məhz bu səbəbdən Hz.Əli(ə) öz vəsiyyətində buyurur: «Sizə Allah evinin ziyarətini təkidlə tapşırıram, nəbadə o evi boş qoyasınız». Kəbə evi boş qalarsa, bu, İslama qarşı düşmənçilik mövqeyindən çıxış edənlərin müsəlman ümmətinə qarşı mübarizədə cürətlənməsinə səbəb ola bilər. «Hamınız Allah ipindən yapışın və dağılışmayın», - deyə buyuran Ulu Yaradan müsəlmanların vəhdətinin onların əzəmət və qüdrətlərinin ən əsas amili olduğunu vurğulayır. Həcc ziyarəti ortaq dəyərlər ətrafında birləşmənin ən uca təzahürüdür. Allah evi kənarında ən müxtəlif insan kütlələri bir-birini görür, tanıyır, Bir Yaradanın bəndələri olduqlarını dərk edir, «bütün müsəlmanlar qardaşdırlar» ayəsinin mənasını öz vücudlarının dərinliyində hiss edirlər. Kəbə evini təvaf etdikdən sonra hacılar İbrahim məqamının arxasında təvaf namazı qılırlar. İbrahim məqamı daş üzərində Hz.İbrahimin(ə) ayaq izinin həkk olunduğu bir yerdir. İbrahimin(ə) ayaq izi təqribən 10 sm dərinliyindədir. İbrahim Xəlilullahın(ə) ayaq izinin daşın üzərində iz salması məsuliyyət yükü altında möhkəm dayanmaq dərsini zəvvarlara öyrədir. İctimai və fərdi məsuliyyətlər qarşısında o qədər möhkəm dayanmalısan ki, ayağının altındakı daş tab gətirmədiyi halda sən sarsılmayasan, məqsədindən dönməyəsən, ayaqdan düşməyəsən.

Səfa və Mərvə arasında səy Təvaf namazından sonra hacılar həccin dördüncü əməlini – səyi icra etməyə başlayırlar. Səy – Məscidul–Haramın şərq hissəsində yerləşən Səfa və Mərvə təpələri arasında cənubdan şimala və əks istiqamətdə 7 dəfə yüyürməkdən ibarətdir. Bu hərəkət Hz.İsmayılın(ə) anası Hacərin xatirəsini özündə daşıyır. Rəvayətə görə Allah əmrinə əsasən İbrahim peyğəmbər(ə) tərəfindən səhraya gətirilən Hacər körpə İsmayıl(ə) üçün su tapmaq məqsədi ilə bu iki təpə arasında təlaşla vurnuxmuş və bu zaman Allahın əmri ilə İsmayılın(ə) ayaqları altından Zəmzəm bulağı açılmışdır. İmam Cəfər Sadiqdən(ə) rəvayət olunur ki, İbrahim(ə) Hacər və İsmayılı(ə) Məkkədə qoyduğu zaman onlar susuz idilər. Hacər su tapmaq üçün Səfa və Mərvə arasında hərəkət edərkən: «Bu çöldə bir nəfər varmı bizə munis olsun?» - deyə fəryad edirdi. Bu zaman Cəbrayıl(ə) nazil olub deyir: «Sən kimsən?» Hacər cavab verir: «Mən İbrahimin(ə) övladının anasıyam». Cəbrayıl(ə) soruşur: «İbrahim sizi kimə tapşırıb?» Hacər cavab verir: «Mən də onun özünə bu sualı verdiyim zaman: «Uca olan Allaha» - deyə cavab verdi. Bu zaman Cəbrayıl(ə) deyir: «Sizin üçün elə bir vəkil seçib ki, sizə kifayət edər». Elə bu vaxt İsmayıl(ə) ayağını yerə vurur və yerdən bulaq qaynayır». (İləluş-şəraye, c. 2, səh. 432). Səfa və Mərvə arasında hərəkətin səy adlandırılması təsadüfi deyil. Bu ayin İslamın insanın səy və çalışmasına verdiyi önəmin göstəricisidir: hətta susuz bir səhrada tək-tənha olduğunuz halda belə, Allaha təvəkkül edib səy etməlisiniz. Tanrıya bel bağlayıb hərəkət edən insanların nəticəyə çatmaması mümkünsüzdür. Bəziləri səhvən ya bilərəkdən belə iddia irəli sürüblər ki, İslam qəzavu–qədər dini olduğuna görə öz ardıcıllarını passiv həyat sürməyə sövq edib. Müsəlmanlar alın yazısına inandıqları səbəbindən geriləyib, ictimai təfəkkürdən məhrum olublar. Düzdür, bəzi tarixi dönəmlərdə qəzavü-qədər inancı müsəlman xəlifələri tərəfindən qəsdən təhrif edilərək alın yazısına təslim olmağın zərurəti anlamında təfsir edilib. Lakin İslam dini ilə səthi tanışlığı olan insanlar anlayırlar ki, deyilənlərin tam əksinə olaraq İslam öz ardıcıllarını ictimai məsuliyyətlərini dərk etməyə, ilahi məqsədlər uğrunda ciddi səy etməyə dəvət edib, dünya və axirət səadətinin yalnız insanın əməlindən asılı olduğunu önə çəkib. Səfa və Mərvə arasında səyin digər özəlliyi insanı öz fəaliyyətində müəyyən sərhədləri aşmamağa, mənəvi prinsipləri pozmamağa dəvət etməsindədir. «Məqsəd vasitəyə bəraət qazandırır» prinsipinin tam əksinə olaraq İslam «ali məqsədlərə ali vasitələrlə çatma» prinsipini irəli sürür. Əmirəlmöminin Hz.Əlinin(ə) səhabəsi Malik İmamdan(ə) xahiş edir ki, sadiq səhabələrin Beytul-maldan olan paylarını imanı zəif olan şəxslərə versin ki, onlar Müaviyyəyə tərəf getməsinlər. Hz.Əli(ə) onun cavabında buyurur: «Əgər bu pullar öz şəxsi var-dövlətimdən olsaydı, xalq arasında bərabər bölərdim, bu pullar Beytul-mala məxsus olub onların öz haqları olduğu halda necə ədalətsizliyə yol verim?» Sonra isə buyurur: «Qələbəyə zülmləmi çatım deyirsən?» Heç bir siyasi məqsəd, maddi mənfəət Hz.Əlini(ə) mənəvi prinsipləri tapdalamağa, ictimai ədaləti pozmağa sövq etdirə bilməzdi. İmam Əlini(ə) düşmənlərindən fərqləndirən, onu mənəvi qələbəyə çatdıran məhz prinsiplərə, ilahi hədlərə riayət etməsiydi. Səfa və Mərvə arasında səyin də ən mühüm xüsusiyyəti hərəkətin bu iki təpənin sərhədlərini aşmamasındadır. Bu isə yuxarıda qeyd etdiklərimizin rəmzi təcəssümüdür. Səydən sonra həccin beşinci vacib əməlini yerinə yetirmək zamanı gəlib çatır.

Təqsir (qısaltma, azaltma) adlı bu əməl saçın, ya bığ-saqqalın tükündən azacıq kəsməklə, yaxud dırnağı qısaltmaqla həyata keçirilir. Təqsirin mənası budur ki, insan bütün çalışma və səy etməsinə baxmayaraq məğrur olmasın. Elə zənn etməsin ki, qüsursuz və nöqsansızdır. Həmişə özünü təqsirkar bilib özündən arxayın olmasın. Hədislərdə deyildiyi kimi, «mömin gecə-gündüz öz nəfsinə bədgüman olar, niyə bunu etdim, niyə bunu etmədim - deyə özünü danlayar». Təqsir əməli ilə həccin birinci hissəsi başa çatır və hacılar ehram paltarını soyunub adi paltar geyirlər.

02.02.2008       haqyolu.org

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2011  03:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!